Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Siyavuş Novruzov Eldar Sabiroğluna cavab verdi: “Konkret ad çəksinlər, ümumi danışmasınlar”

Siyavuş Novruzov Eldar Sabiroğluna cavab verdi: “Konkret ad çəksinlər, ümumi danışmasınlar”

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov YAP Səbail rayon təşkilatı Şurasının üzvü üzvü Əli Əlirzayevin və digər partiya funksioneri Eldar Sabiroğlunun ittihamlarına cavab verib.

S. Novruzov APA-ya açıqlamasında Ə. Əlirzayevin deputat seçkiləri ilə bağlı növbəti ittihamlarına bir daha cavab verərək deyib ki, o, iki dəfə YAP-ın siyahısından Milli Məclisə deputat seçilib, partiyanın dəstəyi ilə parlamentdə İqtisadi siyasət komitəsinin sədr müavini olub və ona partiyanın qurucusu kimi hörmət olunur.

S. Novruzov deyib ki, Ə. Əlirzayevin 2005-ci ildə YAP-ın onu yox, Gülər Əhmədovanı dəstəkləməsi fikrini də qəbul etməyib: “Partiya o vaxt Gülər Əhmədovanı rəsmən dəstəkləməyib. Gülər Əhmədova ilə yanaşı, Xətaidəki dairələrdən bir neçə şəxs o cümlədən Əli Əlirzayev də namizədliyini vermişdi, amma seçicilər ona səs vermədilər. Baxmayaraq ki, həmin vaxt partiya Əli Əlirzayevin namizədliyini rəsmi qaydada irəli sürmüşdü və bütün dəstəyi ona vermişdi. İqbal Ağazadə onun namizəd olduğu dairədən rəqibi idi. Biz 125 dairədən namizəd irəli sürürük, amma bu o demək deyil ki, bu dairələrin hamısından YAP-ın üzvləri seçilir. Əli Əlirzayevə də YAP hər cür dəstəyi verdi, amma seçicilər onu seçmədi. Partiya ona ancaq dəstək verir, təbliğatını, təşviqatını aparır. Daha gedib seçicinin əvəzindən onun xeyrinə bülleten atası deyil ki? Bir daha təkrar edirəm. Kiminsə alimlik, professorluq titulu ola bilər, amma bu titulu əlində bayraq edib arxayın olmamalıdır ki, seçicilər mütləq onu dəstəkləyəcəklər. Bu, çox səhv düşüncədir. Onda belə çıxır ki, ABŞ-da bütün Nobel laureatları olan alimlər Konqresin üzvü olmalıdır…”.

İcra katibinin müavini E. Sabiroğlunun ittihamlarına cavab olaraq isə deyib ki, hər kəsin fikir və söz azadlığı var, öz sözünü deyə bilər: “Amma əgər onların YAP-da kiminləsə bağlı konkret fikirləri, sözləri varsa, ad çəksinlər, ümumi danışmasınlar. Konkretləşdirsinlər, ittiham etdikləri şəxs də onların iradlarına, suallarına özü cavab versin. Kim kimə maneçilik törədib, kim kimə imkan verməyib, bütün bunları konkretləşdirib demək lazımdır, ümumi danışmaq yox”.

S. Novruzov onu da əlavə edib ki, YAP hər bir üzvünün fikrinə hörmətlə yanaşır: “Amma hər bir partiya üzvü də nizamnamə tələblərinə riayət etməlidir. Kimin kimdən xoşu gəlmirsə, bunun partiya siyasətinə aidiyyəti yoxdur. Münasibətlərini başqa yerdə ayırd etsinlər”.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın