Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / “Siyasətin bic balaları bizdən əl çəkmir” – skandal

“Siyasətin bic balaları bizdən əl çəkmir” – skandal

Azər Ayxan: “Azərbaycanda normal demokratik mühit yaransa, Əli Kərimli adlı siyasətçi, AXCP adlı partiya olmaz”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının imzası ilə “Azadlıq” qəzetində “Müxalifət getməlidirmi?” başlıqlı yazı çap olunub. 20 ildən artıqdır hakimiyyətlə mübarizə aparan müxalifət liderlərinin siyasi arenadan gedib-getməməsi haqda fikirlərini bölüşən Fuad Qəhrəmanlı “Yeni Müsavat” qəzetini hədəf alan fikirlər də yazıb.

F.Qəhrəmanlı “Yeni Müsavat”ı hakimiyyətin maraqlarına xidmət etməkdə suçlayaraq “radikal mübarizənin” fayda verməyəcəyi ilə bağlı tezislərin tez-tez bu qəzet tərəfindən irəli sürüldüyünü iddia edib. AXCP sədrinin müavini bununla da qəzeti və onun rəhbəri Rauf Arifoğlunu siyasi prinsiplərə və mövqeyinə dönüklükdə ittiham edib. Qəzetin başqa bir səhifəsində də keçmişdə rüşvətxorluğu ilə ad çıxartmış bir professordan müsahibə alıblar. Orada da oxşar tezislər var.
“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan Fuad Qəhrəmanlının iddialarına cavab verib.
Azər Ayxan müsavat.com-a açıqlamasında bildirdib ki, AXCP-nin öz uğursuzluğunun səbəbini Rauf Arifoğlunun mətbu fəaliyyətində axtarması anormal yanaşmadır: “AXCP və onun yandaş təşkilatı Milli Şura az qala hər məsələdə Rauf Arifoğlunu günahkar kimi göstərir. 22 illik fəaliyyətləri nəticə verməyib, tam fiaskoya uğrayıblar, yürütdükləri siyasi xətt iflasdır, bunun günahını kiminsə üstünə yıxmaq lazımdı axı. Ona görə də onlar üçün ən uğurlu ünvan “Yeni Müsavat” və Rauf Arifoğludur. Gecə-gündüz yazırlar, deyirlər ki, biz bu iqtidarı yıxarıq, amma “Yeni Müsavat” qəzeti imkan vermir. Bu qədər düşüblər, komikləşiblər yəni. Əli Kərimli özünü və partiyasını elə bir çıxılmaz duruma salıb ki, qurtuluş variantı yox kimi görünür. Ətrafına, olan-qalan tərəfdarına da açıqca deyir ki, mən əlimdən gələni edirəm, Rauf Arifoğlu imkan vermir”. 
A.Ayxan bildirdi ki, zatən müxalifətin Əli Kərimlinin təmsilçiliyində olan kəsimi siyasətdən gedib: “Siyasətdən getməyin buynuzu olmur ki… Adamlar icazəli mitinq keçirir, 300-500 nəfər zorla yığırlar. Öz partiyalarının üzvləri belə o aksiyalara gəlmir. Yaxın dostları, ailə üzvləri Azərbaycandan gedir. Avropa ölkələrindəki müxalifətçilərin sayı Bakıdakı və rayondakı atkiv müxalifətçilərdən çoxdur. AXCP-nin, Milli Şuranın, bu təşkilatların rəhbərlərinin perspektivinə, gələcəyinə inansalar, bu adamlar niyə xaricə getsinlər? Hakimiyyətin təzyiqini bəhanə edib gedənlər də var. Amma biləsiniz, çoxu hakimiyyətin təzyiqindən baş götürüb getmir. Əksər müxalifətçilər məhz müxalifətin perspektivsizliyi ucbatından Avropaya sığınır”.  
Azər Ayxan bildirdi ki, ölkədə siyasi proses hansı yöndə inkişaf edirsə-etsin, nə baş verirsə-versin, mütləq Əli Kərimlinin rəhbərlik etdiyi virtual “quldur dəstəsi” Rauf Arifoğlunu ictimai qınağın mərkəzinə gətirməyə çalışırlar:“İstənilən məsələdə onun günahkar olması ilə bağlı rəy yaratmağa çalışırlar. Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı “Azadlıq” qəzetində məqalə yazıb və “Müxalifət getməlidirmi” sualı ətrafında sözün əsl mənasında boşboğazlıqla məşğul olub. “Oğlum”, siz getmisiz,  zatən. Bunu bir də durub bizdənmi soruşursunuz?!”. 
 
A.Ayxan bildirib ki, Azərbaycanda normal demokratik mühit yaransaydı, AXCP adında partiyanın, Əli Kərimli adında siyasətçinin mövcudluğu mümkün olmazdı: “Bu adamların demokratiyadan xəbəri yoxdu. Siyasətin bic balaları bizdən əl çəkmir. Bunlar demokratiya qatilləri, fərqli düşüncə düşmənləridir. Əli Kərimli siyasi ömrünün az qala yarısından çoxunu “Yeni Müsavat” qəzetinə qarşı mübarizəyə həsr edib. Niyə? Çünki onun yanında deyilik, ona boyun əymirik, dediklərini etmirik. Dediyi də nədir? Ondan yazaq, onun böyüklüyünü təbliğ edək, ictimai şüura “Əli Kərimlidən yoxdur, müxalifətin tək lideri odur, hamı onun ətrafında birləşsin” şüarları ilə çıxış edək. Bu isə tam avtoritarizmdi. Adını demokrat qoyan bir siyasətçinin bunu etməsi normal ölkələrdə həmin siyasətçinin iflası ilə yekunlaşardı. Arzu edərdim ki, ölkəmizdə demokratiya tam bərqərar olsun. O zaman bic demokratlar yox olub gedərdilər”.   
A.Ayxan daha sonra deyib: “Təsəvvür edin, bir partiyanın sədr müavini, indiki halda Fuad Qəhrəmanlı açıqca deyir ki, “Yeni Müsavat” onlara sərf edən məzmunda yazsın. Əgər belə yazmırsansa, demək satqınsan. Bəs harda qaldı fərqli düşüncəyə dözüm? Jurnalist yaza bilməz ki, müxalifət mübarizə taktikasını dəyişsin? Deyə bilməz ki, 22 illik siyasətiniz bir qoz qabığına da dəymədi, bəlkə başqa taktikalara müraciət edəsiz? Qəzetin bir işi də ən müxtəlif versiyaları, fikirləri ictimai müzakirəyə çıxarmaqdır. Axı demokratik cəmiyyət həm də o deməkdir ki, sadə vətəndaş da, siyasətçi də, jurnalist də düşündüyünü sərbəst şəkildə söyləyə, yaza bilər. Sən mənə komissarlıq edəcəksənsə, yazdıqlarıma görə məni mənə-psixoloji terrora məruz qoyacaqsansa, o zaman sənin demokratlığına bir quş, ay Fuad”. 
Baş redaktor müavini deyib ki, müxalifət hakimiyyətə qarşı mübarizə apardığını bəyan edir, amma siyasi mübarizənin ən vacib şərti olan seçkiyə qatılmaqdan imtina edir: “Birincisi, adamdan soruşarlar, rejimə qarşı mübarizəni harda aparırsan? Onu xalq niyə görmür? Hakimiyyətə qarşı mübarizə adı ilə “Yeni Müsavat”ı, Rauf Arifoğlunu gözdən salmağa çalışmaq, böyük bir jurnalist kollektivinə çamur atmaq, şərləmək nə zamandan rejimlə mübarizə sayılıb?! 
 
İkincisi, Əli Kərimli təxminən 15 gün əvvəl bəyanat verdi ki, seçkidə iştirak etməyə bilərlər. Siyasi mübarizənin ən vacib şərti seçkilərdə iştirakdır. Bundan imtina edirsənsə, təbii ki, siyasətdən getməlisən və getmiş sayılırsan. Bəhanələri də budur ki, demokratik mühit yoxdur. Azərbaycan müxalifəti 22 ildir eyni havanı çalır: “…mühit yoxdur”. O mühiti yaratmağa güc və bəzi vacib malzəmələr lazımdı, əslində sizdə olmayan odur… Bəs sənin rejimlə mübarizən harda qaldı ki, seçki mühiti yarada bilməmisən bu müddətdə?! Normal seçki mühiti yaratmağa gücün yetmirsə, demək yanlış yapırsan, demək gücsüzsən, demək bacarıqsızsan. Bunların üstündə Ukraynada, Qırğızıstanda və Gürcüstanda bir neçə dəfə demokratik inqilablar, hakimiyyət dəyişikliyi baş verib. Həmin ölkələrdə də normal mühit yoxuydu. Bəs niyə Ukrayna, Qırğızıstan və Gürcüstan müxalifəti bu işləri uğurla gördü?! Çünki həmin ölkələrin müxalifət düşərgəsində normal mühit vardı. İlk növbədə bizim müxalifətin mühitini dəyişmək lazımdı, sonra hər şey normallaşacaq”. 

 

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın