Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Sosial / Siyahı var, amma yarımçıq… – REPORTAJ

Siyahı var, amma yarımçıq… – REPORTAJ

Bakıda son dövrlər rayon icra hakimiyyətləri ilə Mədəniyyət və Turizm Nazirliyi arasında tarixi əhəmiyyət daşıyan binaların sökülməsi ətrafında qalmaqallar tez-tez baş verir. Bir müddət əvvəl “Sovetski”də aparılan söküntü zamanı belə binaların sökülməsi geniş ictimai rezonans doğurmuşdu. Bu günlərdə isə Nərimanov rayonunda, Tələt Şıxəliyev küçəsi 13-15 ünvanında yerləşən, nazirliyin yerli əhəmiyyətli tarixi tikili hesab etdiyi yaşayış binasının sökülməsi ətrafında qalmaqal yaranmışdı.

Virtualaz.org bu cür problemlərdən çıxış edərək Azərbaycanda tarix və mədəniyyət abidələrinin vahid reyestrinin mövcudluğu, belə abidələrin pasportlaşdırılması və onların üzərinə müvafiq lövhələrin vurulması sahəsində vəziyyəti araşdırıb.

Belə məlum oldu ki, Mədəniyyət və Turizm Nazirliyinin saytında həm dünya, həm ölkə, həm də yerli əhəmiyyətli abidələrin siyahısı yerləşdirilib. Lakin siyahıda Bakı şəhəri ilə yanaşı respublikanın rayonlarında olan tarix və mədəniyyət abidələrinin adları yer alsa da, bütün abidələr barədə informasiya orada əhatə olunmur. Bunu virtualaz.org-a nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən də təsdiqlədilər.

Prezident İlham Əliyev 2013-cü ildə “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nı təsdiqləyib. Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin yeni siyahısının tərtibi, qorunması, həmçinin arxeoloji abidələrin inventarlaşdırılması, sərhədlərinin və mühafizə zonalarının müəyyən edilməsi, pasportlaşdırılması və xəritələrinin hazırlanması, müasir tələblərə cavab verən məlumat bazasının yaradılması, multimedia və elektron müşahidə sistemlərinin tətbiqi üçün dövlət büdcəsindən vəsait də ayrılıb.

Siyahı var, amma yarımçıq…

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Abidələrin qorunması və texniki nəzarət sektorunun müdiri Vüqar İsayev təsdiq edir ki, həmin proqram əsasında tarixi abidələrin pasportlaşdırılmasına bir neçə il əvvəl başlanılıb. Hazırda bu prosesin davam etdiyini deyir. Lakin şöbə müdiri indiyədək nə qədər abidənin pasportlaşdırıldığını, pasportlaşdırmaya ehtiyacı olan neçə abidənin qaldığını dəqiqləşdirmədi.

“Onu deyə bilərəm ki, ölkəmizdə mövcud olan tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması işinə başlanılıb. Bu məqsədlə «Azərbərpa» Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən beynəlxalq standartlara cavab verən yeni pasport nümunələri hazırlanıb. Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda dünya, ölkə və yerli əhəmiyyət dərəcələrinə görə qruplaşdırılan 6308 tarix və mədəniyyət abidəsi yer alıb. Hazırda “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” həyata keçirilir. Yəni yenidən siyahıya alma prosesi gedir.Bəzi abidələrin yerləşdiyi ünvanlar dəyişdirilib, biz onları yerlərinə oturduruq,  monitorinqlər aparırıq”, – deyə şöbə rəisi bildirdi.

5 ildə 240 tarixi abidə pasportlaşdırılıb

“Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun baş memarı Leyla Hüseynova isə virtualaz.org-a son 5 il ərzində onlar tərəfindən cəmi 240 tarixi abidənin pasportlaşdırıldığını dedi: “Ölkəmizdə mövcud olan tarix və mədəniyyət abidələrinin ilk dəfə olaraq kütləvi şəkildə pasportlaşdırılması işi 1970-1980-ci illərdə aparılıb. 5 il əvvəl isə nazirlik yeni pasportlaşma formasını təsdiqləyib və o vaxtdan indiyə kimi 240 tarix və mədəniyyət abidəsi pasportlaşdırılıb. Ümumilikdə nə qədər abidənin pasportlaşdırıldığını deyə bilmərəm, çünki bu işlə bizdən başqa qurumlar, o cümlədən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsidə məşğul olur”.

Bəs lövhəni kim vurmalıdır?

Adətən tarixi əhəmiyyətli binaların sökülməsi ilə bağlı qalmaqallar yarananda üzə  həm də onarın üzərinə məlumat lövhəsinin vurulmaması üzə çıxır.. Doğrudur, bəzi dünya əhəmiyyətli abidələrin üzərində tarix və ya memarlıq avbidəsi olduğunu bildirən lövhə asılıb. Amma bu bütün qorunan binaları əhatə etmir. Bəs binalara bu lövhələri kim vurmalıdır? Bu suala cavab axtarsaq da, aidiyyati qurumlar bir-birinə zidd cavablar verdilər.

“Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun baş memarı tarixi abidə kimi müəyyən olunan obyektlərə onlar tərfindən lövhə vurulmadığını, lakin ərazisində tarixi abidə olan rayonların icra hakimiyyətlərinə bu barədə məlumat verildiyini dedi.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin şöbə müdiri V. İsayev isə onları da çox ciddi narahat edən bu məsələnin Əmlak Komitəsi tərəfindən həll edilməli olduğunu dedi: ““Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın icrası zamanı lövhələrin vurulması Əmlak Komitəsinə tapşırılıb. Bu məsələ bizim də ağrılı yerimizdir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi abidələrə belə lövhələr vurulub, amma bütün abidələrin üzərində bu cür lövhələr yoxdur. Bu lövhələri Əmlak Məsələləri Dövlət Komitəsi vurmalıdır”, – deyə nazirlik rəsmisi qeyd edir.

Əmlak Məsələləri Dövlət Komitəsi ilə əlaqə saxlayanda isə virtualaz.org-a bu işin qətiyyən onlara aid olmadıqlarını dedilər: “Bu yanlış məlumatdır, bizim tarix və mədəniyyət abidələrinin üzərinə məlumat lövhəsi vurmaq kimi öhdəliyimiz yoxdur”.

Təkrar Mədəniyyət və Turizm Nazirliyinə zəng etsək də bu dəfə aidiyyati şəxsləri yerində tapa bilmədik. Lakin “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”ndan  qoruqların istiqamətini göstərən yol nişanlarının və məlumat lövhələrinin quraşdırılmasının Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Nəqliyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları, bələdiyyələri cəlb etməklə icra olunduğunu dəqiqləşdirə bildik. Həm də onu aydınlaşdırdıq ki, bu iş 2014-2016-cı illərdə başa çatdırılmalı idi…

Həmçinin oxuyun

“Yoluxma daha çox iş yerləri və yas mərasimlərində olur” – Hande Harmancı

Son statistikaya baxdıqda görmək olar ki, yoluxma halları daha çox iş yerlərində və insanların toplu …