Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Şirkət rəhbəri aşan kranın texniki sənədlərini oxumayıbmış: – Bir nəfər ölüb

Şirkət rəhbəri aşan kranın texniki sənədlərini oxumayıbmış: – Bir nəfər ölüb

Nərimanov rayonu, M.Sənani küçəsi 41 ünvanında kranın yaşayış binasının üzərinə aşmasına görə açılan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Hadisə zamanı bir nəfərin ölmüş, mənzillərə və avtomobillərə ciddi ziyan dəymişdi.

Hadisə “Qarant İnşaat 2012” MMC-nin inşa etdiyi yaşayış binasında baş vermişdi.

İlkin araşdırmalarla müəyyən edilmişdi ki, “Qarant İnşaat 2012” MMC tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binasının tikilməsi ilə bağlı sifariş əsasında fəaliyyət göstərən “Kran Group” MMC-yə məxsus kranın işlək vəziyyətdə olub-olmamasını yoxlamaq məqsədilə sürücü kabinəsinə qalxmış 1983-cü il təvəllüdlü Elvin Cəfərov kranın aşması nəticəsində hadisə yerində dünyasını dəyişib, o cümlədən həmin ərazidə olan avtomobillərə və kranın üzərinə aşdığı 9 mərtəbəli yaşayış binasının bir neçə mənzilinə müxtəlif məbləğlərdə maddi ziyan dəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla, cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişi ilə Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. İstintaq bitdikdən sonra iş Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, hadisə ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən iki nəfər var. Onların hər ikisi “Kran Group” MMC-nin işçiləridir. Biri MMC-nin direktoru, digəri isə texniki nəzarətçidir.

Aparılmış istintaqla müəyyən edilib ki, hadisə zamanı mənzillərə və avtomobillərə dəymiş ziyan ümumilikdə 63659 manatdır.

MMC-nin direktoru Muxtar Qurbanov istintaqda maraqlı ifadə verib. Deyib ki, kranın texniki sənədləri ingilis dilində olub. Azərbaycan dilində sənədlər olmadığı üçün tam məlumatlı olmayıb.

Deyib ki, həmin kran alındıqdan sonra MMC tərəfindən istifadə edilməyib: “Sökülmüş vəziyyətdə saxlanılırdı. Kran üzərində bir neçə təmir profilaktik işlər aparılıb, lakin kran üzərində təmir texniki tədbirlərinin həyata keçirilməsi haqqında hər hansı qeydiyyat kitabı yox idi. Buna görə də hər hansı qeydiyyat aparılmayıb. Sökülmüş vəziyyətdə saxlanılan qülləli kranın istismar vəziyyətində olub-olmamasını müəyyən etmək qeyri-mümkün idi. Kranın texniki sənədləri ilə tanış olmamışdım. Texniki sənədlər ingilis dilində istehsalçı zavod tərəfindən çap olunmuşdu. Sənədlərin Azərbaycan dilində olan nüsxəsini isə görməmişəm. Belə sənədlər ümumiyyətlə, olmayıb”.

Onun ifadəsindən məlum olub ki, kranın yerləşdirilməsinə dair müvafiq layihə olmasını eşidib, amma həmin layihə sənədləri ilə tanış olmayıb. Quraşdırma zamanı təhlükəli işlərin aparılması haqqında tikinti meydançasının hasarında hər hansı lövhə yerləşdirilməyib.

Onun sözlərinə görə kran hündürləşdirilən zaman mərhum operator Elvin Cəfərov kabinədə olmamalı imiş. Amma Elvin mobil telefonunun kabinədə qaldığını deyərək oraya qalxıb. Yəni günah öləndə imiş…

Direktor kran aşan zaman son anda ərazidən qaçaraq xilas ola bildiyini, amma Elvinin ora qalxmasına mane ola bilmədiyini söyləyib. Məhkəmədə çıxışında mərhumun hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışdığını deyərək yüngül cəza verilməsini xahiş edib.

İş üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilən MMC-nin mühəndisinin ifadəsindən məlum olub ki, şirkət 2020-ci ildə təsis edilibmiş.

Onun sözlərinə görə hadisənin baş verməsinə əsas səbəb kranın qaldırılan hissəsinin hidravlik sistemin qaldırıcısına lazımı şəkildə bərkidilməməsi və ya ümumiyyətlə, bərkidilməməsi olub.

Kranın quraşdırıldığı tikinti ərazisində təhlükəsizlik tədbirlərinin, yəni ərazinin boşaldılmasını, maşınların çıxarılmasını “Qarant İnşaat 2012” MMC etməli imiş. Amma bu tədbirlər görülməyib. Təqsirləndirilən şəxs bildirib ki, bu işdə ən böyük məsuliyyətsizliyi isə MMC-nin direktoru edib və operatorun krana qalxmasına icazə verib. Onun dediyinə görə kran quraşdırılan zaman operator kabinədə olmamalı imiş.
Məhkəmənin hökmünə əsasən barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş hər iki şəxsin 2 il müddətə tikinti quraşdırma və tikinti təhlükəsizlik sahəsində fəaliyyəti qadağan edilib. Onlara 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Bildirək ki, zərərçəkmişlərdən Gülyaz Mehdiyeva məhkəmənin qərarı ilə razı deyil. Digər zərərçəkmişlər ziyan ödənildiyi üçün şikayətçi deyil. Gülyaz Mehdiyeva isə deyir ki, evinə 5 min manat yox, 198 min manat ziyan dəyib. Məhkəmə isə maddi ziyanı 5 min manat olaraq müəyyən edib. Gülyaz Mehdiyevanın mənəvi ziyana görə qaldırdığı 100 minlik iddiası isə qismən təmin edilib. Mənəvi zərər 2 min manat olaraq müəyyən edilib. Musavat.com

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …