Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Şirkət Bakıda evi sakinin başına uçurdu, daha sonra aldadıb aradan çıxdı…

Şirkət Bakıda evi sakinin başına uçurdu, daha sonra aldadıb aradan çıxdı…

2014-cü ildə qonşuluqdakı çoxmərtəbəli binanın divarının uçması nəticəsində Süleyman Tağızadə 115 ünvanında yaşayan ailənin evi dağılıb. Dağıntılar altında qalan 5 nəfər ailə üzvünü Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxarıblar. Bədbəxt hadisədən xilas olsalar da, evlə bərabər bütün əmlakları əllərindən çıxıb.

Bu şikayətlə virtualaz.org-un redaksiyasına zərərçəkmiş Elçin Hacıyev müraciət edib. Şikayətçi deyir ki, elə o vaxtdan ailəsi ilə birlikdə küçələrdə qalıb.

“2014-cü ildə evimiz dağıldı, özümüz yaralandıq. Bir təhər xilas olsaq da, evimiz və bütün ev əşyalarımız yararsız hala düşmüşdü. Yasamal Rayon Prokurorluğunda evimizi yararsız hala salan tikinti şirkəti – “Azər Gür” MMC barəsində cinayət işi açıldı. Bundan sonra MMC-nin direktoru Əsgər Cəfərovla mərhum anam Firuzə Hacıyeva arasında notariusda müqavilə imzalandı. Müqaviləyə əsasən, bizim uçurulmuş evin əvəzinə 1 ildən sonra ayda 500 manat kirayə haqqı və Azərbaycan prospekti 14 də yerləşən çoxmərtəbəli binanın B bloku 5 nömrəli 3 otaqlı mənzil verilməli idi”, – şikayətçi deyir.

Lakin bir ildən sonra tikintinin hansı vəziyyətdə olmasını öyrənmək üçün həmin ünvana gedən E. Hacıyev görüb ki, müqavilə bağladığı şirkət ortada yoxdur. Onu tanımadığı şəxslər qarşılayıb və bildiriblər ki, binanı onlar alıblar, burada onun mənzili yoxdur. Şikayətçi  məcbur olub məhkəməyə üz tutub.

 “Yasamal Rayon Məhkəməsinin 20 noyabr 2017-ci ildə çıxardığı qərara görə, “Azər Gür” MMC üzərinə zərərçəkmişlərə evi təhvil vermək və 8030 manat kirayə haqqı ödəmək vəzifəsi qoyulub. Lakin qarşı tərəf bu  qərardan şikayət verib və Bakı Apellyasiya Məhkəməsinin 11 may 2018-cii il qərərı ilə şikayət rədd edilib və Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Yalnız bundan sonra məhkəmə içracıları gəlib bizə mənzilimizin açarlarını təhvil veriblər”,-evi uçurulmuş Hacıyev dərdini belə nəql edir.

Bütün problemlərin arxada qaldığını və yaşamağa öz evləri olacağını düşünən ailə bu dəfə də qanunsuzluqla üzləşib. 2019-cu ilin oktyabr ayında öz mənzilinə gedən E. Hacıyev qapını açıb görüb ki,  orada bir qrup usta təmirlə məşğuldur: “Soruşanda ki bunu kim edib, dedilər  binanın yiyəsi əmr edib və mənim mənzilim də daxil olmaqla bir neçə mərtəbəni təmir edib otel kimi istifadə edəcəklər. Mən özünü binanın yiyəsi adlandıran Aqil Məmmədova yaxınlaşdım və etirazımı bildirdim. O, dedi ki, bu binanı alıb və mənim mənzilim 5-ci mərtəbədədir. Halbuki, məhkəmə qərarı ilə mənə verilən mənzil 4-cü mərtəbədə yerləşirdi. Həmin bu şəxsin sözlərinə görə, binadan bütün mənzillərin, o cümlədən, guya mənə məxsus, beşinci mərtəbədə yerləşən 5 nömrəli mənzilin də çıxarışı var. Halbuki, məhkəmənin üzərinə həbs qərarı qoyduğu mənzilin çıxarışı ola bilməzdi…”

Şikayətçi bildirir ki, polisə və prokuroluq orqanlarına müraciət etsə də, problemi həll edən yoxdur. Bədbəxt hadisə nəticəsində evini itirən və 5 ildir qohum-əqrəbanın evində, kirayədə qalan ailə bundan sonra evə olan ümidlərini də itirmək üzrədir.

Şikayəti araşdırmaq üçün Aqil Məmmədovla əlaqə saxladıq. Lakin A. Məmmədov qarşı tərəfi ittiham edərək onun bütün sənədlərinin qaydasında olduğunu dedi: “Bu adam şər-böhtan danışır. Evi kimdən alıbsa, gedib ondan istəsin. Mən məşğulam, görüşdəyəm”, – Aqil Məmmədov deyib.

Binanı inşa edən “Azər Gür” MMC-dən problemin nədən qaynaqlandığını, bir mənzilin iki ayrı-ayrı şəxsə necə satıldığını araşdırmağa çalışsaq da, şirkətin əlaqə nömrələrini tapa bilmədik.

Gülnar Əliyeva

Virtualaz.org


Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …