Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Sosial / Siqaret qadağası ilk bəhrəsini verir… – FOTOLAR

Siqaret qadağası ilk bəhrəsini verir… – FOTOLAR

Son günlər siqaret qadağası ilə bağlı xəbərlər və rəylər mətbuatın gündəmindən düşmür. Qanuna edilən dəyişikliklərdən sonra, vətəndaşları, kafe və restoranları, digər ictimai-iaşə obyektlərinin sahiblərini hansı hallarda nə qədər cərimə gözlədiyi, buna hansı qurumun nəzarət etdiyi mətbuatın əsas müzakirə mövzusudur. Digər tərəfdən ilk günlərdən başlayaraq siqaret qadağasına güclü nəzarətin həyata keçirilməsi durumun cəmiyyət tərəfindən daha çox ciddiyə alınmasına gətirib çıxarıb. Bu qadağanın heç nəyi dəyişməyəcəyini deyənlər isə əksini müşahidə etməkdədir. 

İlk baxışdan görünən odur ki, artıq insanlar qadağaya hörmətlə yanaşmağa və əməl etməyə başlayıblar.

Demək olar ki, əksər obyektlərdə siqaret qadağasına əməl olunduğunun şahidi olduq. Kafelərin, restoranların, hətta çayxanaların giriş qapısına siqaret qadağası ilə bağlı elanlar vurulub. Əvvəllər bu qadağalar adi görünsə də, sonradan sahibkarlar qanunun məsuliyyətini ciddiyə alaraq, tədbir görməyə başlayıblar. Müştərilərin diqqətini çəkən yerlərdə xəbərdarlıq lövhələri asaraq, siqaret çəkilməməsini diqqətə çatdırırlar. Sabunçu rayonu ərazisində fəaliyyət göstərən “Kazbek” restoranına daxil olub, vəziyyətlə maraqlandıq. Restoranın giriş qapısının siqaret qadağasını göstərən “No smoking” lövhəsi vurulub. Restoranın içərisində isə 3-4 yerdə “Siqaret çəkmək qadağandır”, “Siqaret çəkmədiyiniz üçün təşəkkür edirik” kimi elanlar asılıb. Ərazidə olduğumuz zaman müştərilər siqaretlər çəkmək üçün bayıra çıxdığının da şahidi olduq.

Restoranda çalışan ofisiantlarla da bizimlə söhbətində bildirdilər ki, yanvarın 1-dən bu məkanda siqaret çəkilməsinə icazə verilmir: “Bizə hər hansı qurum tərəfindən xəbərdarlıq edilməyib. Qapalı məkanlarda siqaret çəkilməsinə qoyulan qadağadan xəbər tutan kimi müştərilərə xəbərdarlıq etdik. Artıq onlar da bizi başa düşürlər və bunun üçün hər hansı bir narazılıq etmirlər”.

Söhbət zamanı öyrəndik ki, qadağaya əməl olunmadığı təqdirdə restoran sahibi 400 manat, müştəri isə 30 manat məbləğində cərimə olunur. Əgər müştəri siqaret qadağasına məhəl qoymasa, restoran sahibi tərəfindən şikayət olunacaq və bu zaman yalnız həmin müştəri 300 manat məbləğində cərimə olunur.

Restoranın adminstratoru da bildirdi ki, hansısa müştəriyə görə, obyektə cərimə kəsilməsinə imkan yaratmayacaqlar:““Biz hər hansı müştəriyə görə cərimə ödəmək niyyətində deyilik. Bu qanuna biz necə əməl ediriksə, müştərilər də o cür hörmətlə yanaşmalıdırlar. Buna göz yumsaq, gərək hər gün cərimə ödəyək. Bu isə restoranın bağlanmasına səbəb olacaq. Düzdür, onlar üçün də çətindir, ancaq bu qadağalara əməl olunmalıdır”.

Həmsöhbətim onu da etiraf etdi ki, siqaret qadağasından sonra müştəri azalıb.

Digər kafe və restoranlarda isə vəziyyətin bir qədər fərqli olduğunu gördük.

Kafelərdən birində siqaret qadağasına eynilə riayət olunsa da, divardakı elanda cərimələrin daha yüksək rəqəmlə ifadə olunduğunu öyrəndik. Müştərilərə edilən xəbərdarlıqda, cərimənin 1000 manata qədər olacağı bildirilirdi. Cərimənin məbləğini bu qədər yüksəldən kim olduğu isə qeyd olunmamışdı. Kiçik bir araşdırmadan sonra öyrəndik ki, kafe sahibi müştərini siqaret çəkməməsi üçün bu metoda əl atıb və insanların diqqətini çəkməyə çalışıb.

Həmsöhbət olduğumuz müştərilər də siqaret qadağası ilə bağlı birmənalı düşünmürdülər: “Əlbəttə ki, bu qadağalar insanların sağlamlığı üçün önəmlidir. Lakin mənfi tərəfi də var ki, restoran və ya kafe sahibini müflisləşdirir. Digər tərəfdən isə gərək, 5 dəqiqədən bir bayıra çıxıb, siqaret çəkək. Bu adamın iştahını da kəsir və istədiyin kimi dincələ bilmirsən. Bunun nəticəsidir ki, müştəri qıtlığı yaranıb. Əvvəllər kafelər, restoranlar dolu olardı. Çətin ki, qadağalar insanları bu pis vərdişdən çəkindirsin. İnsanlar siqaretlə dərdlərini unudurlar. Hər halda bütün bu səbəblər insanların sağlamlığından önəmli deyil. O səbəbdən qadağaları mənfi addım kimi də qiymətləndirmək olmaz”.

Müşahidələrimizdən bu nəticəyə gəldik ki, əksər kafe və restoranlar artıq vətəndaşların sağlam şəkildə yemək yeyib istirahət edəcəkləri bir məkana çevrilib. Əvvəllər siqaret tüstüsündən nəfəs kəsildiyi, göz-gözü görmədiyi kafelərdə indi bu baxımdan təmizlik hökm sürür. Bu mənada yeni qadağaların zamanla problemi kökündən həll edəcəyini demək olar.

Xatırladaq ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna görə artıq bəzi yerlərdə sadəcə siqaret deyil, bütün tütün məmulatlarının (qəlyan və elektron siqaret də daxil olmaqla) çəkilməsi qadağandır. Çünki bütün növ qəlyanlar və elektron siqaretlər də tütün məmulatlarına bərabər tutulur. İnzibati Xətalar Məcəlləsinin hazırda qüvvədə olan 212-ci maddəsi isə sadəcə siqaretin adını çəkir. Qapalı yerlərdə siqaret çəkilməsi ilə bağlı hüquqi məsuliyyət artıq qüvvədədir.

Qeyd edək ki, İXM-də bəzi yerlərdə siqaret çəkməyə görə cərimə nəzərdə tutan xüsusi normalar var. Tütün məmularının məhdudlaşdırılmasına nəzarət, siqaret çəkməyə görə cərimənin tətbiq edilməsi isə iki qurumun – Fövqəladə Hallar Nazirliyinin (FHN) və Daxili İşlər Nazirliyinin (DİN) səlahiyyətinə verilib İnzibati Xətalar Məcəlləsinin 299-cu maddəsində (hava nəqliyyatında) siqaret çəkməyə görə, 100 manat və 305-ci maddədə isə (dəmir yolu nəqliyyatında) 40 manat cərimə nəzərdə tutulur. İXM-in 212.2. maddəsi ilə, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “Siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli və hüquqi şəxslər də cərimə edilə bilər.

Qərara əsasən, İnzibati Xətalar Məcəlləsinin 212.1. maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi, məcəllənin 212.2. maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə isə Fövqəladə Hallar Nazirliyi baxır.

Deməli, mövcud qanunvericiliyə əsasən, idarə, müəssisə və təşkilatlar barəsində inzibati cərimə tətbiq etmək səlahiyyəti FHN-ə (212.2), fiziki şəxslər barəsində (212.1) isə DİN-ə verilib.

Həmçinin oxuyun

Hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. ETSN-dən daxil olan xəbərdarlığa görə, Bakıda …