Ana səhifə / Sosial / “Sipark” MTK-nın rəhbərliyi tanınmış yazıçının başına hansı oyunu açıb…

“Sipark” MTK-nın rəhbərliyi tanınmış yazıçının başına hansı oyunu açıb…

Tanınmış yazıçı, “Kirpi” jurnalının baş redaktoru Məmməd Əfşan “Sipark” MTK-nın sahiblərinin onun başına gətirdikləri müsibətdən “Təzadlar”a yazıb:

…“Sipark” MTK-nın fırıldaqçı sahiblərinin əməlləri barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə 24.12.2019-cu ildə teleqramla etdiyim müraciət Respublika Prokurorluğundan tutmuş bütün instansiyaları dolana-dolana gəlib çıxır Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin təhqiqatçı polis mayoru Kamil Rəhmanovun qovluğuna. K.Rəhmanov da mənim müraciətimi (mənim yox, ölkə Prezidentinin tələbnaməsini) iki həftə qovluğunda saxlayıb sonra üz tutur H.Əliyev küçəsi- 90 A-da yerləşən “Sipark” tikinti şirkətinin dörd mərtəbəli ofisinə.

Orada şirkətin prezidenti və mənimlə şəxsən müqavilə bağlayıb 33300 (otuz üç min üç yüz) manat pulumu alan Seymur İsayevdən yox, ofisin qapısını açıb-örtən Baxşəliyev Ağarəhim Knyaz oğlundan izahat alır ki, guya o, 2016-cı ildən Yeni Yasamal, Əsəd Əliyev küçəsində 3 bloklu, 16 mərtəbəli yaşayış binasını tikən “Yevrostroy” MTK-nın icraçı direktorudur. Mən isə həmin “Yevrostroy” MTK ilə 2012-ci ilin yanvarında müqavilə bağlamışam. Bununla təhqiqatçı Kamil Rəhmanov “araşdırmasını” başa çatdırır və üstəlik də biçarə mənzil gözləyənlərin pulları hesabına tikilən 4 mərtəbəli ofisinin şəklini də çəkərək yapışdırır araşdırmasının bir vərəqinə və yazdığı qərarla birlikdə göndərir aidiyyəti təşkilata – Nərimanov rayon Polis idarəsinin 16-cı polis bölməsinə. Bölmənin təhqiqatçısı-polis leytenantı Novruz Novruzov da heç bir təhqiqat-araşdırma işi aparmadan həmkarı Kamil Rəhmanovun yazdığını nöqtəbənöqtə köçürüb 4 ay 10 gündən sonra “çıxardığı” qərarın surətini göndərir Prezident Administrasiyasına və şikayətçiyə – yəni mənə.

N.Novruzov həmkarının arayışına bir cümlə əlavə edir ki, şikayətdə cinayət tərkibi olmadığına görə (?) cinayət işi rədd edilir. Çünki mülki işlərdə mübahisəli məsələləri məhkəmə həll edir. Və material saxlanılması üçün 16-cı polis bölməsinin arxivinə verilsin. Vəssalam! Ölkə Prezidentinə edilən müraciətin axırı 4 ay yarımdan sonra bu sonluqla qurtarır. Əhsən belə sonluğa!

Hadisələrin bu cür sonluğunu əvvəlcədən görürdüm. Çünki 50 illik jurnalistlik fəaliyyətimdə mən Azərbaycan milisinə və polisinə dərindən bələd olmuşam. Bilirdim ki, bizim əvvəlki milislərimiz və indiki bəzi polislərimiz pulun nəinki səsini, hətta iyini də bir kilometrlik məsafədən eşidib-duyurlar. Axı necə ola bilər ki, öədədiyim qəbzlərimlə 33 min 300 manatımı əlimdən alanlar sonda mənzilimi başqasına satıb aradan çıxırlar, bunun adı dələduzluq sayılmır???

Bu il mart ayının əvvəllərində Yasamal rayon prokuroru vəzifəsini icra edən Rəşadət Orucov cənablarına xatırlatdım və xahiş etdim ki, müraciətimi prokurorluq icraata götürsün. R.Orucov cənabları xahişimə əhəmiyyət vermədi və Prezidentin adına vurulan müraciəti Yasamal rayon Polis idarəsinə göndərdi. Nəticədə, prokuror yox, mən deyən kimi oldu. Prokuror da MTK dələduzlarını müdafiə etdi. Polis əbədi vərdişinə yenə də əməl elədi. Və beləliklə, ötür-ötür oyununun birinci dövrəsi Azərbaycan dələduzlarının, faqqı-fırıqlarının, cibkəsənlərin, tülüngülərin, alıb-aldadanların və daha nə bilim nələrin Azərbaycan hüquq-mühafizə orqanlarının – prokurorlar və polis sistemi üzərində qələbəsi ilə başa çatdı.

Cənab Prezidentə müraciətimin bu biabırçı sonluğunu görəndən sonra mən yenidən 20.02.2020-ci ildə peşəkar dələduz və fırıldaqçı Seymur Nizam oğlu İsayev və onun “şaykası” barədə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Daxili İşləri naziri Vilayət Eyvazov cənablarına (03.04.2020-ci il), Respublikanın Baş Prokuroru Kamran Əliyev cənablarına (02.05.2020-ci il) və Respublika Baş Prokurorluğu yanında korrupsiya ilə Mübarizə Baş İdarəsinə (15.05.2020-ci il) müraciət ünvanladım. Bundan sonra nəyinsə dəyişəcəyinə inam və ümidim az-çox var. Axı ümid ən sonda ölür!

***

Görürsünüzmü, hörmətli oxucular, Azərbaycanda dələduzlar, alıb-aldadanlar respublika hüquq-mühafizə orqanlarından daha güclüdür və prokurorlar, polis orqanları, məhkəmə sistemi – qəzetçi Rza bəy demiş, – onların arxasında durub dələduzlara, fırıldaqçılara, alıb-aldadanlara meydan verən nəhənglərdən – əjdahalardan, divlərdən, balinalardan ehtiyat edirlər. Belə olmasaydı, bir qocaman sənət adamına, yazıçı-publisistə kələk gəlib qanuni mənzilini satıb, min bir əzabla topladığı 33 300 (otuz üç min üç yüz) manatı yeyərək, üstündən də türk “rakı”sı içən dələduz Seymuru nəinki neçə ildir gizləndiyi Türkiyədən, lap cəhənnəmin yeddinci qatından tapıb gətirər və mənimlə qabaq-qənşər əyləşdirərdilər. Siz, möhtərəm oxucular da bilərdiniz kim haqlıdır. Mən – haqqın ətəyindən tutan 81 yaşlı qoca yazıçımı, yoxsa 8 ildir gününü göy əskiyə büküb yalan sata-sata dövran sürən dələduz Seymur İsayevdən və ondan (himayəçisindən) qorxan prokurorlar və polis orqanlarımı???

“Təzadlar”dan: Adı çəkilənlərin 3 müxtəlif mobil telefonlarına dəfələrlə zəng etsək də və mesaj göndərsək də hələ də reaksiya verilmir, zəngimizi cavablandırmırlar… Araşdırmamız isə davam edir.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …