Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Sevinc Osmanqızı Amerikadakı prezidentlik marafonunu təhlil etdi

Sevinc Osmanqızı Amerikadakı prezidentlik marafonunu təhlil etdi

Bütün dünyanın diqqəti Amerikada Birləşmiş Ştatlarında keçiriləcək prezident seçkilərinə yönəlib. Əsas namizədlərin bir-birilə gərgin mübarizəsi, polemikası, verdikləri vədlər, bəyanatlar hər bir ölkənin siyasi gündəmində əsas yerlərdən birini tutur. Mövzu ilə bağlı bu ölkədə yaşayan azərbaycanlıların da fikri maraqlı idi. Tanınmış jurnalist, hazırda ABŞ-da yaşayan Sevinc Osmanqızı ilə seçkilər, namizədlər, prezidentlik yarışının detalları barədə danışdıq. 
 – Sevinc xanım, Donald Tramp prezident seçilərsə, bu, ABŞ-da yaşayan Azərbaycanlılar üçün yaxşı xəbər olacaq, ya pis xəbər? 
– Zənnimcə, bu, təkcə Azərbaycanlılar deyil, bütün gəlmələr, ələlxüsus da müsəlman mühacirlər üçün pis xəbər olacaq. “Radikal islam” deyən birindən nə gözləmək olar? Tramp artıq neçə aydır ki, müsəlmanların Amerikaya girişini qadağan etməkdən danışır. Özü də söhbət təkcə müsəlman ölkələrindən gələnlərdən getmir. Bu məhdudiyyət terrora məruz qalan Fransa, Belçika, Türkiyə kimi ölkələrdən gələnlərə də şamil oluna bilər. Orlando hücumundan sonra Tramp təklif edib ki, Federal Təhqiqatlar Bürosu tərəfindən dindirilən heç bir kəsə silah satılmasın. Yəni bu cür terrorla mübarizə bəhanəsi ilə ölkə ictimaiyyətinə açıqlanan və açıqlanmayan mexanizmlər həyata keçirilə bilər ki, ölkədə müsəlmanlar üzərində nəzarət güclənsin. Əlbəttə, bütün bunlar diskriminasiyadır. Amma mən Trampın seçilməsi və bunların baş verməsi şansını görmürəm.
– Nəyə görə?
 
“ Qadınlar Trampa səs verməyəcək. Müsəlmanlar səs verməyəcək. Qaradərililər, latın Amerikalıları, mühacirlər səs verməyəcək. Öz partiyasından olanların bir çoxu tərəddüd edir. Daha kim qaldı?”
– Qadınlar Trampa səs verməyəcək. Müsəlmanlar səs verməyəcək. Qaradərililər, latın Amerikalıları, mühacirlər səs verməyəcək. Öz partiyasından olanların bir çoxu tərəddüd edir. Daha kim qaldı? Zənnimcə, o, kifayət qədər səs toplaya bilməyəcək və rasional təfəkkür zəfər çalacaq.
 
– Amma Tramp onlarla rəqibi sıradan çıxara bildi. Onda da inanmırdılar. 
– Bilirsiz, xoşbəxtlikdən ABŞ dünyada ən uzun seçki sistemi olan ölkələrdəndir. Təbliğatın başlanmasından prezidentin inauqurasiyayasınadək 2 il müddət keçir.  Yəni seçicinin namizədləri tanımaq üçün xeyli vaxt müddəti olur. Bu, çox yaxşıdır. Baxın, Tramp ilk dəfə Meksikalıların simasında mühacirləri təhqir edəndə az qala qəhrəman idi. Bu, siyasi arenada xoruz banı eşitməmiş sözlər idi. Əgər səsvermə o vaxt keçirilsəydi, Tramp indi, bəlkə, prezident olmuşdu. Amma populizmin doğurduğu eyforiya çox sürmədi. Vaxt ötdükcə ekranlardan və mətbuat səhifələrindən düşməyən Tramp özü-özünü ifşa etdi. O, meksikalıların ardınca müsəlmanları təhqir etdi. Sonra müsəlmanlara etdiyini qaradərililərə etdi, onları ayağa qaldırdı, qarşıdurma yaratdı. İş o yerə çatıb ki, öz partiyasını parçalayıb və bir çoxları ondan imtina edib.
“Tramp ilk dəfə Meksikalıların simasında mühacirləri təhqir edəndə səsvermə keçirilsəydi, o, Tramp indi, bəlkə, prezident olmuşdu”
 
 
– Amma Amerika kişini qoyub, qadına səs verəcəkmi?
– Özü də bir yox, iki qadına. Klinton prezident seçilərsə, vitse-prezident də qadın – Elizabet Uorren ola bilər. Mən bunu taleyin işi hesab edirəm. Bıçaq sümüyə dirənib.  Başqa çarə yoxdur. Ya hamını təhqir edən şovinist, rasist və qeyri-müəyyən gələcəyə səs verməlisən, ya da rasional dərrakəyə.
 
– Trampın çılğın temperamenti Azərbaycanla siyasətə də sirayət edə bilərmi? 
– Tramp xarici siyasətə nabələddir. Gözəllik yarışmasının təşkilatçılığı hələ xarici siyasət demək deyil. Əlbəttə, bu cür temperament yiyəsinin barmaqları nüvə düyməsinin yaxınlığında olmamalıdır. Ölkəmizlə münasibətlərə gəldikdə isə, Azərbaycan Amerika üçün uzaq və nisbətən az prioritetli ölkədir. Mən kimin prezident olmasından asılı olmayaraq, Ağ Evin siyasəyində fasiləsiz davamlılıq görürəm.
 
– Bəs Amerikada yaşayan azərbaycanlıları üçün Trampın prezidentliyi konkret hansı dəyişiklikləri vəd edir?  
– ABŞ-da yaşayan Azərbaycanlıların əksəriyyəti orta və aşağı təbəqə nümayəndələridir. Yalnız respublikaçı və ya həyat şəraiti yüksək olan Amerika azərbaycanlısı üçün Tramp əlverişli ola bilər. İllik gəliri 100 min dollardan az olan həmyerlilərimiz üçünsə Tramp prezidentliyi bir çox sosial imtiyazların itirilməsi və ya qismən azalmasını vəd edir. Bu imtiyazlardan biri tibbi sığortadır. ABŞ-da pulsuz səhiyyə yoxdur. Respublikaçıların kəskin etirazına baxmayaraq, Obama administrasiyası dövründə 12 milyon Amerikalı pulsuz və ya qismən ödənişli tibbi sığorta ilə təmin olunub. Onların arasında həmvətənlərimiz də var. Trampın dövründə bu və digər imtiyazlar tarix ola bilər.(musavat.com)

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın