Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Şaxta su sayğaclarını vurarsa, təmiri kim etməlidir?

Şaxta su sayğaclarını vurarsa, təmiri kim etməlidir?

Havaların şaxtalı keçməsi mənzillərdə də problemlər yaradır. Bir çox hallarda su xətlərinin donması sakinlərin susuz qalmasına səbəb olur. Bu cür problemlər hətta su sayğaclarının sıradan çıxması ilə də nəticələnir.
ARB TV-nin “Günə Doğru” proqramı mövzu ilə bağlı süjet hazırlayıb.
Lənkəran Sukanal idarəsinin rəisi Rövşən Təhməzov bildirib ki, hündürmərtəbəli binalarda pilləkən qəfəsində qoyulmuş sayğaclar şaxta nəticəsində sıradan çıxarsa, buna məsuliyyəti yerli idarə daşıyır:
“Ancaq həyət evlərində sayğacların sıradan çıxması birbaşa abonentin məsuliyyətidir.
Bununla yanaşı, sərt şaxtalı havalarda digər qabaqlayıcı tədbirlər də görmək mümkündür. İlk növbədə su boruları və sayğac daxilində izolyasiya işləri aparılmalıdır. Həmçinin sayğacın üst hissəsi açılır və sayğacın ekranına qədər ağac yonqarı ilə doldurulur”.
Sukanal idarəsinin rəisi əlavə edib ki, vətəndaşlar qış aylarında sayğacların qutularını açıq saxlamasınlar:
“Sərt hava olduqda sayğacların qutuların ağzı açıq qalmasın. Ən yaxşısı isti əşyalarla onun üstünü örtməkdir”.
Sakinlər də su sayğaclarını qarşıdan gələn şaxtalı havalardan qorumaq üçün gah üstünü bərk-bərk basdırır, gah da ətrafını sarıyırlar. Əsasən həyət evində yaşayanlar sayğacların donma təhlükəsindən narahatdırlar.
Şəhər sakini Rükəxan Salayeva qış aylarında sayğac donmasın deyə üstünü örtdüklərini bildirib: “Sayğac donanda məsuliyyət qalır bizim boynumuzda. Ona görə həmişə özümüz tədbir görürük ki, suyumuz donmasın”.
Əksər sakinlər su sayğaclarında müəyyən izolyasiya işləri görməklə donmanın qarşısını almağa çalışırlar. Əgər su sayğacı donub sıradan çıxarsa, sayğacın təmiri hansı qaydalar əsasında həyata keçirilir?
Lənkəran Sukanal idarəsinin rəisi bildirib ki, sayğacdakı bütün problemləri yerli idarə özü həll etməlidir:
“Ancaq sayğacdan abonentə tərəf gedən hissəsi vətəndaşın öz hesabına təmir olunmalıdır. Vətəndaş sayğacdan az istifadə edəndə klapanlar bağlanır. Onunla bağlı vətəndaşlar yerli idarələrə müraciət edə bilərlər”.
Qeyd edək ki, su sayğacları sıradan çıxdığı zaman təmir başa çatanadək vətəndaş su ilə təmin edilir. Lakin ödəniş nağd yolla həyata keçirilir. Bu isə bir çox hallarda sakinlərə sərf etmir.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …