Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Sosial / Satıcılar çarəsiz durumdadır – VİDEOREPORTAJ, FOTOLAR

Satıcılar çarəsiz durumdadır – VİDEOREPORTAJ, FOTOLAR

Bakıdakı məşhur “Nəsimi bazarı” söküləcək. Bazarın sökülməsi işlərinə gələn ilin əvvəlindən başlanılacaq. Sözügedən ərazi və ətrafındakı birmərtəbəli və ikimərtəbəli binalar sökülərək yerində dörd bina inşa ediləcək. Bütün bu işlər pilot layihəsi çərçivəsində aparılır. Həmin ərazini almaq üçün “Olympus” tikinti şirkəti bazar rəhbərliyi ilə danışıqlar da aparıb.

Məsələ ilə bağlı Nəsimi rayon icra başçısının müavini Qurban İsmayılov da mətbuata açıqlamasında “Nəsimi bazarı”nın söküləcəyi ilə bağlı xəbərlərin doğru olduğunu bildirib. O, deyib ki, ərazidə olan həm yaşayış evləri, həm də bazar şəhərin memarlıq üslubuna uyğun gəlmir. Buna görə də yaşayış evlərinin bir çoxu söküləcək və yerində çoxmərtəbəli binaların tikintisinə başlanılacaq.

Bazarda fəaliyyət göstərən satıcıların aqibətinə gəldikdə isə, Qurban İsmayılov deyib ki, bu məsələ bazar rəhbərliyi ilə tikinti şirkəti arasında tənzimlənən bir məsələdir.

Bazarın sökülmə xəbərini bir də satıcıların dilindən eşitmək istədik.

“Nəsimi bazarı”nda olduğumuz zaman satıcıların üzündə narazılıq asanlıqla sezilirdi. Sökülmə xəbərini eşidənlər indidən təşvişə düşüblər. Satıcılar yeganə qazanc yerləri olan bazar sökülərsə, işsiz qalacaqlarından narahatdılar.

Satıcılar onlarla söhbət zamanı gileylərini gizlədə bilmədilər: “İllərdir ki, bu bazarda çalışırıq. 400-ə yaxın satıcı buradan öz evinə çörəkpulu aparır. Televiziyalar göstərir ki, güya 80 satıcı var. Axı bunlar yalan rəqəmlərdir. Burada 400-ə yaxın satıcı işləyir. Hərənin evində 3-4 nəfər var. 1500 nəfərə yaxın insanın çörəyini əlindən almaq olarmı? Bazar sökülərsə bizim halımız necə olacaq. Hansısa şirkət bu bazarın yerinə göz dikib, bina tikib pul qazanmaq istəyir. Bəs bizim balalarımız neyləsin?”.

Satıcılar bildirdilər ki, şirkət onları bazardan məcbur çıxarsa, toplaşaraq öz etirazlarını bildirəcəklər: “Hələlik bazar rəhbərliyi sökülmə ilə bağlı bizə heç nə demir. Lakin tikinti şirkətinin nümayəndələri tez-tez bazara baş çəkir, qısa zaman kəsiyində bazarın söküləcəyi xəbərini eşitdirirlər. Bazarın sökülməsini isə, şəhərin gözəlliyinə xələl gətirməyi ilə əlaqələndirirlər. Bayır tərəfdən bazar səliqəli şəkildədir. İçərisi isə bir çox bazarlardan təmizdir. Bakıda bu qədər köhnə, qəzalı vəziyyətdə olan binalar var. Onlar olan yerdə yüzlərlə insanın yeganə qazanc mənbəyi olan bu bazara göz dikiblər”.

Layihəni icra edən “Olympus”tikinti şirkətinin də mövqeyini öyrənməyə çalışdıq. Satış meneceri ərazinin onların şirkəti tərəfindən alındığını təsdiqlədi. Şirkət numayəndəsi musavat.com-a bildirdi ki, “Nəsimi bazar”nın yerində 18 mərtəbəli yaşayış binası tikiləcək: “Artıq bazar rəhbərliyi ilə də danışıqlara başlanılıb. Söküntü işlərinə isə gələn ilin əvvələrində start veriləcək. Yaşayış binasının ilk 3 mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərəcək.”

Lakin, həm bazarda çalışan satıcılar, həm də bazar rəhbərliyi deyir ki, onlara söküntü ilə bağlı heç bir məlumat verilməyib.

Daha ətraflı təqdim etdiyimiz videosüjetdən izləyə bilərsiniz.

Həmçinin oxuyun

Ali məktəblər bu il təhsil haqqını azaldacaq? – AÇIQLAMA

“Ödənişli əsaslarla təhsil alan tələbələrimiz bəzi imtiyazlara görə təhsil haqqından azad idilər. Onların ödənişini dövlət …