Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Sarkisyanın qalib gəlməsi Azərbaycana sərf edir – Şərh

Sarkisyanın qalib gəlməsi Azərbaycana sərf edir – Şərh

Ermənistanda aprelin 2-də keçirilən parlament seçkiləri bu ölkənin siyasi həyatında önəmli rol oynayırdı. Çünki 2015-ci il konstitusiya dəyişikliyindən sonra Ermənistan prezident üsul-idarəsindən parlament üsul-idarəsinə keçidini bu parlament tərkibi ilə reallaşdıracaq.

Bu baxımdan Ermənistan prezidenti Serj Sərkisyanın hakimiyyəti əldən verməmək üçün bu seçkilərdə lideri olduğu Respublika Partiyasının qələbəsini nə yolla olursa-olsun, təmin edəcəyi gözlənilən idi. Yeni sistemdə baş nazirin funksiyası prezidentin funksiyasından daha genişdir və hökuməti də baş nazir idarə edəcək. 2018-ci ildə növbəti dəfə prezident seçkilərində iştirak etməyən Sərkisyanın baş nazir vəzifəsini əlinə alacağı versiyası çox güclüdür.

Total saxtakarlıq necə büruzə verdi

Rəsmi açıqlamaya görə, Ermənistanda keçirilən parlament seçkisində 2150-dən artıq qanun pozuntusu qeydə alındı. Nəzərə alsaq ki, Ermənistanda cəmi 2005 məntəqə var, onda bu rəqəmin total saxtakarlığın bariz göstəricisi olduğu üzə çıxır.

Digər tərəfdən, Ermənistan MSK-sı bu ölkədə seçici siyahısına 2,5 milyon şəxs daxil etmişdi. Son məlumatlara görə, Ermənistanda ümumilikdə əhalinin sayı 1,8 milyonu keçmir, çünki ağır istisadi-siyasi şərtlər altında yaşaya bilməyən ermənilər ölkəni sürətlə tərk edirlər. 1,8 milyon əhalisi olan bir ölkədə seçici siyahısında 2,5 milyon seçici göstərməyin özü artıq saxtakarlığın miqyasının əvvəlcədən hansı səviyyədə olacağının anonsu idi.

Maraqlı nüanslardan biri də o idi ki, bütün bu hazırlıqlara baxmayaraq, Ermənistan hakimiyyəti seçki aktivliyinin qarşısını almaq və seçiciləri prosesdən kənada qoymaq yolunu tutmuşdu. Belə ki, seçki məntəqələrində bir şəxsin bir neçə dəfə səs verməsinin qarşısını almaq üçün quraşdırılan texniki vasitələr seçicilərin barmaq izi və yaxud şəxsiyyətini təsdiq edən sənədi “tanımırdı”. Hətta iş o yerə çatdı ki, Ermənistan Prezidenti Serj Sərkisyanın da pasportunu bir neçə dəqiqə ərzində texniki vasitə “tanımadı” və Sərkisyan ikinci pasportunu təqdim etməyə məcbur oldu.

İki pasportla seçkiyə gələn Ermənistan prezidentinin beynəlxalq təşkilatların və medianın gözü qarşısnda yaşadığı bu biabırçılıqla Ermənistan siyasi aləminin bir neçə tanınmış siması da qarşılaşdı. Parlament sədri Qalust Saakyan və Ermənistan Milli Konqresinin lideri, keçmiş prezident Levon Ter-Petrosyanın “barmaq izləri” də tanınmadı. Bu hal bütün seçki məntəqələrində yaşandı və çoxsaylı seçicilər seçki prosesindən kənarlaşdırılmaqla, saxtakarlıq üçün növbəti imkanlar yaradıldı.

Üstəlik, seçki məntəqələrində quraşdırılan veb-kameraların seçki günü ərzində bir neçə saat işləmədiyi rəsmən təsdiqləndi.

Digər məqama isə seçki günü açıqlama verən Ermənistanın keçmiş prezidenti Robert Köçəryan aydınlıq gətirdi; o, bu seçkiləri “pul seçkisi” adlandırdı. R.Köçəryanın sözlərinə görə, Ermənistanda iqtisadi vəziyyət o qədər acınacaqlıdır ki, seçicilər öz səslərini çox az miqdarda pula satırlar və Sərkisyan hakimiyyəti uzun illərdir korrupsiya və rüşvətlə yığdığı milyardların çox cüzi hissəsini xərcləməklə, seçicilərin səsini alırlar.
Onun bu fikrini Ermənistanın bir çox müxalif liderləri, o cümlədən Azad Demokratlar partiyasından deputatlığa namizəd Stepan Səfəryan və Yelk blokunun üzvü Aram Sərkisyan da təsdiqlədi. Ermənistanın sabiq baş naziri Qrant Baqratyan da bu səbəblərdən seçkinin kütləvi qanun pozuntusu ilə keçdiyini açıqladı.

Seçkilərdən çıxan nəticələr

Konstitusiya dəyişikliyindən sonra deputatların sayı 131-dən 105-ə endirilən parlament seçkilərində əvvəlcədən hazırlanan nəticələr elan edildi.

Seçkidə 5 siyasi partiya və 4 seçki bloku iştirak edirdi. Ermənistan MSK-sının elan etdiyi son nəticəyə görə, parlament seçkilərində baryeri Sərkisyanın lideri olduğu Respublika Partiyası (49,12%), Sarukyan bloku (27,32%), Yelk bloku (7,77%) və Daşnaksütyun Partiyası (6,57%) keçdi. Seçkinin nəticəsini Erməni Milli Konqresi və Azad Demokratlar Partiyası tanımadı.

Maraqlı məqamlardan biri də o idi ki, Avropa demokratik təsisatları hamının müşahidə etdiyi bu total saxtakarlığa adekvat reaksiya vermədilər. Seçkinin nəticələrini tanımaqla artıq kimsəyə sirr olmayan “ikili standart” dəst-xətlərini davam etdirdilər və saxtakarlığa dolayısı ilə haqq qazandırdılar.

Parlamentə düşən partiyaların mənzərəsi göstərir ki, Ermənistanda seçki saxtakarlığını edənlər və bu saxtakarlığa şərik çıxan böyük güclər Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə və sülh yolu ilə həllində maraqlı deyillər. Belə ki, seçkiyə qatılan Levon Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistanın iqtisadi baxımdan inkişaf etməyəcəyini əsas gətirir və Ermənistanın işğal altında saxladığı ərazilərdəki ordusunun dərhal çıxarılması, 7 rayonun azad edilməsi və kompromislərə gedilməsi təşəbbüsü ilə çıxış edirdi. Ter-Petrosyanın parlamentə düşməsi bu həqiqətlərin vaxtaşırı olaraq Ermənistan parlamentində müzakirə edilməsi və reallığın erməni ictimaiyyətinə açıqlanması demək idi. Ancaq xalqa heç nə verməyən, əksinə, ölkəsini iqtisadi fəlakətə sürükləyən və bunu xalqın vətənpərvərlik duyğuları üzərində siyasi oyun qurmaqla pərdələyib, siyasi hakimiyyətini davam etdirən S.Sərkisyan rejimi bu həqiqəti həzm edə bilməzdi.

Ermənistanda seçkilər və Azərbaycanın milli maraqları

S.Sərkisyanın hakimiyyəti illərində Ermənistan iqtisadiyyatı acınacaqlı duruma düşüb, ölkə əhalisi hər il 100 min nəfər azalır. Yalnız 2013-2016-cı illərdə Ermənistanı 400 min adam birdəfəlik tərk edib.

Həmçinin, ölkənin xarici borcu 2017-ci ildə ümumi daxili məhsulun 57,8 faizinə bərabər olacaq və indiki rəsmi proqnozlara görə, bu rəqəm 2018-ci ildə 62 faizə çatacaq. Bu isə defolt deməkdir.

L.Ter-Petrosyan bu acınacaqlı durumdan çıxmaq üçün ölkənin siyasi gələcəyinə hesablanan həll variantı təklif edirdi, Azərbaycanın 7 rayonunun işğaldan azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşməsi üçün danışıqlara dərhal başlanılması Ermənistanın iqtisadi blokadadan çıxması və dirçəlişinə yol aça bilərdi. S.Sərkisyan hakimiyyəti isə bu yeganə imkanı Ter-Petrosyan blokunu parlamentdən kənarda qoymaqla rədd etdi.

Belə görünür ki, Ermənistanın iqtisadi fəlakətləri hələ qarşıdadır. Üstəlik, L.Ter-Petrosyan Ermənistan İctimai Televiziyasındakı çıxışında bildirdi ki, dünya ictimaiyyəti, o cümlədən ATƏT Minsk Qrupu olan ölkələr, həmçinin Minsk Qrupunun həmsədrləri Ermənistanın Azərbaycanın 7 rayonunu işğal etməsi faktını tanıyır, bu isə o deməkdir ki, hər an bu ölkələr Ermənistana hərbçilərini işğal etdiyi ərazilərdən çıxarmaq üçün iqtisadi sanksiyalar tətbiq edə bilərlər.

2006-cı ildə xarici siyasətdə Prezident İlham Əliyevin xüsusi strategiyası ilə “müdafiədən” “hücum taksikasına” keçən Azərbaycan isə bu faktdan lazımınca yararlanır.

S.Sərkisyanın Ermənistanı yuvarlandığı iqtisadi uçurumdan xilas etmək planı yoxdur, 2016-cı ilin aprel savaşlarında Azərbaycan ordusunun uğuru isə bir daha xarici şirkətləri Ermənistana sərmayə qoymaqdan çəkindirdi. Belə aydın olur ki, kompromislərə hazır olan L.Ter-Petrosyanın parlamentdə səs çoxluğu qazanması Ermənistanın milli maraqlarına daha çox cavab verirdi, nəinki S.Sərkisyanın.

Ermənistanı milli və iqtisadi fəlakətə sürükləyən, siyasi baxımdan təcrübəsiz və müharibə cinayətlərində adı hallanan S.Sərkisyanın hakimiyyəti əldə saxlaması həmçinin Azərbaycan diplomatiyasına da əlavə siyasi imkanlar verir.

Bununla bərabər, Azərbaycan status-kvonun saxlanılmasında maraqlı deyil və hərbi-iqtisadi qüdrətini artırmaqla bərabər, beynəlxalq aləmdə də bu siyasəti davam etdirir. Təsadüfü deyil ki, Ermənistandakı seçkilərdən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri də bəyanatlarında status-kvonun saxlanılmasına qarşı çıxdılar.

Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev son bəyanatında Qarabağda separatizmə və terrorizmə qarşı hərbi əməliyyatı aparmaq səlahiyyətinin rəsmi Bakıda olduğunu və bu məsələnin Azərbaycanın daxili işi olduğunu bir daha bəyan etdi. Bu, hərbi güc nümayişi ilə siyasi-iqtisadi üstünlüyü ələ alan Azərbaycanın uğurlu diplomatiya istiqamətində Prezidentin hədəfini bir daha aydın göstərdi.

Bütün bunlar isə bir daha təsdiqləyir ki, Ermənistanı siyasi-iqtisadi və hərbi fəlakətə sürükləyən S.Sərkisyanın hakimiyyət ömrünün uzanması Azərbaycanın strateji milli maraqlarına uyğundur.

Nazlı Onur

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın