Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Sarkisyanın İlham Əliyevlə danışıqlardan yayınmasının iki əsas səbəbi…

Sarkisyanın İlham Əliyevlə danışıqlardan yayınmasının iki əsas səbəbi…

Azərbaycan Prezidenti Rusiya televiziyasına müsahibəsində əks tərəfin qeyri-konstruktivliyini yeni arqumentlərlə əsaslandırdı

Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi ilə bağlı Moskvada keçiriləcək tədbirlər zamanı Ermənistan prezidenti Serj Sarkisyanla görüşünün planlaşdırılmadığını deyib. Prezident İlham Əliyev bildirib: “Bu dövr üçün təmaslarımız planlaşdırılmayıb.

Ötən il Soçidə Rusiya Prezidentinin təşəbbüsü ilə görüşlərimiz olub, sonra payızda ABŞ dövlət katibi Con Kerri, ardından Fransa Prezidenti Fransua Ollandın təşkil etdiyi görüşlərdə bizə elə gəlirdi ki, irəliyə doğru hərəkət edə bilərik, lakin təmas xəttində gərginliyin azaldılması ilə bağlı razılıq əldə etdiyimiz Paris görüşündən 2 həftədən də az bir müddət sonra Ermənistan onların hesablamalarına görə 47 min hərbçinin iştirakı ilə işğal edilmiş Ağdam rayonunda genişmiqyaslı təlimlər təşkil etdi”.

Dövlət başçısı qeyd edib ki, buna lüzum yox idi, bu, danışıqlar prosesinin pozulmasına yönəldilmiş aşkar təxribat idi: “Biz bir neçə gün təmkinlik göstərdik və buna reaksiya verməmək əmri verilmişdi, çünki hesab edirdik ki, gərginliyi azaltmaq lazımdır, lakin düşmən “Mi-24″ hərbi helikopterləri ilə mövqelərimizə hücum etmək cəhdləri göstərdi və tərəfimizdən görülən cavab tədbirləri nəticəsində helikopterlərdən biri məhv edildi.

Və bu, erməni tərəfinə Azərbaycanı təxribatlarda ittiham etməyə imkan verdi və bununla da bu hadisənin baş verdiyi noyabrdan etibarən bu günədək heç bir təmasımız yoxdur. Axı təlimləri Ermənistan ərazisində deyil, Ağdam rayonunda keçirən biz deyildik. Buna görə də bu, bizi bir daha əmin edir ki, Ermənistan tərəfinin bütün cəhdləri status-kvonun dəyişməməsinə istiqamətlənib. Hərçənd Minsk Qrupunun həmsədr ölkələri Rusiya, Fransa və ABŞ dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və dəyişməlidir. Deməli, bu nə deməkdir? Deməli, işğalın dayandırılması prosesi başlanmalıdır. Lakin Ermənistan tərəfi bununla razılaşmaq istəmir və buna görə də hər yolla danışıqlar prosesinə mane olur. Yəni ötən ilin noyabrından və artıq aprelin sonudur, aramızda heç bir təmas yoxdur. Və nə vaxt olacağı barədə heç nə deyə bilmərik”.

Göründüyü kimi, İlham Əliyev Ermənistanın qeyri-konstruktiv mövqeyini konkret faktlarla ifşa edir. Ermənistan tərəfi hər növ təxribatla danışıqlar prosesini əngəlləyir, böyük sülh sazişindən nümayişkaranə şəkildə imtina edir. Çünki həm böyük sülh sazişi, həm də status-kvonun dəyişdirilməsi kimi iki əsas məsələdə Azərbaycan bütün dünyanı və eləcə də Ermənistanı fakt qarşısında qoyub. Hər iki məsələ Sarkisyanın sülh danışıqlarından çəkindirən iki əsas səbəb kimi görünür.

Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə sədr müavini Elşən Mustafayevin fikrincə, danışıqların növbəti raundunun baş tutmaması bilavasitə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə bağlıdır: “Eyni zamanda, Ermənistanın davranışlarında bir qədər də qorxu nəzərə çarpır. Azərbaycanın cəbhə xəttindəki inamlı addımları onları bir qədər narahat etməyə başlayıb. Xatırladım ki, Azərbaycan və Ermənistan prezidentləri arasında olan görüşlər həmişə vasitəçiliklə olub. Bu vasitəçilər əsasən ya Rusiya Prezidenti, ya Minsk Qrupu həmsədrləri, ya da Fransa Prezidenti olub. Bütün hallarda, baş tutan görüşlərdə gedən danışıqlar Sarkisyanı qane etməyib. Çünki əsas müzakirə predmetlərində o daim pis vəziyyətdə qalıb. Ərazisi işğala məruz qalan ölkə olaraq Azərbaycanın mövqeyinə əks mövqe söyləməsi onun bu problemin həllində maraqlı olmamasını ortaya qoyur.

Adətən bu görüşləri əsas təşkilatçıları olan Rusiya və Fransa, əslində, Ermənistan dəstəkçisi olsalar da, bu görüşlərdə Azərbaycanın mövqeyinin daha ardıcıl və ədalətli olduğunu çox yaxşı görürlər. Artıq bütün dünyada bu problemin əsl mahiyyəti kifayət qədər aydın başa düşülür. Və hər belə görüşdən sonra çıxılmaz vəziyyətdə qalan, problemin həllini uzatmağa çalışan Ermənistan üçün bu görüşlərin daha seyrək olması maraqlıdır”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın