Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Sosial / Sarkisyan sülhdən imtina edir, müharibə qapıda – ŞƏRH

Sarkisyan sülhdən imtina edir, müharibə qapıda – ŞƏRH

Aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda ciddi irəriləyiş yoxdur, atəşkəs daim pozulur, üstəgəl Ermənistan yenə işğal altındakı torpaqlarda hərbi təlimlər keçirir. Apreldə hərbi toqquşmalara səbəb olan amillər təkrarlanmaqdadır. Cəbhədə yeni hərbi toqquşmaların olacağı istisna edilmir.

Rusiyalı politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markovun mətbuata açıqlaması bu istisnanı bir qədər də gücləndirib. Kremlə yaxınlığı ilə tanınan politoloq açıq şəkildə bəyan edib ki, Ermənistan hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda iştirakını dayandırıb: “Həm həmsədrlər, həm də Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistan rəhbərliyini danışıqlar masasına qaytarmağa çalışır. Bu ilin aprel ayında Qarabağda dörd günlük müharibədən sonra aydın oldu ki, bu münaqişə dondurulmuş deyil, hər an müharibə başlaya bilər”.

Politoloq vurğulayıb ki, bundan sonra müvəqqəti güzəştlərin əldə edilməsi məqsədi ilə substantiv danışıqlara başlanılıb. “Bu güzəşt 2011-ci ildə işlənib-hazırlanmış Kazan formuluna əsaslanmalı imiş. Kazan formulunun prinsipləri artıq hər kəsə məlumdur. Söhbət ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılmasından (Ermənistanla dəhliz saxlanılması şərti ilə) gedirdi. Dağlıq Qarabağın statusu isə gələcəkdə müzakirə olunmalı idi. Demək olar ki, razılıq əldə olunmuşdu, hər şey hazır idi, bircə imza atmaq qalmışdı. Lakin son anda Ermənistan rəhbərliyi qorxaraq geri çəkildi. Sarkisyan bu addımı atacağı təqdirdə, devriləcəyindən qorxdu və sülh müqaviləsinə imza atmaqdan imtina etdi. Hazırda müxtəlif qüvvələr, o cümlədən həmsədrlər və Avropa İttifaqı cəhd edir ki, yenidən İrəvanı danışıqlar masasına qaytarsın. Ona görə də hesab edirəm ki, İlham Əliyevin Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsinin mümkünlüyü barədə təklifi substantiv danışıqların bərpa olunmasına cəhdlə bağlıdır. Çünki, bu gün yenidən münaqişə bölgəsində təhlükəli vəziyyət yaranıb. Münaqişə hər an alovlana bilər. Münaqişənin nizamlanması ilə bağlı danışıqlar isə dondurulub. Azərbaycan prezidenti danışıqların bərpa olunmasının tərəfdarıdır”.

S.Markovun fikirlərini və cəbhədə artan gərginliyi AzVision.az-a şərh edən millət vəkili Elman Nəsirov hesab edir ki, rusiyalı politoloqun yanaşması doğru deyil: “Sergey Markovun nədən belə bir açıqlama ilə çıxış etməsini deyə bilmərəm. Amma, onun “…Demək olar ki, razılıq əldə olunmuşdu, hər şey hazır idi, bircə imza atmaq qalmışdı. Lakin son anda Ermənistan rəhbərliyi qorxaraq geri çəkildi. Sarkisyan bu addımı atacağı təqdirdə, devriləcəyindən qorxdu və sülh müqaviləsinə imza atmaqdan imtina etdi” kimi məsələyə yanaşması düzgün deyil. Məgər, Serj Sarkisyan razı olan vaxt Ermənistanda sosial vəziyyət, sosial baza yaxşı idimi? Xeyr. Ermənistan ac-yalavac dövlətdir. Dəyişən heçnə yoxdur. Prezidentə etimad sıfır səviyyəsindədir. Bu əvvəl də, indi də belədir. Hətta bir az da kəskinləşib. Ermənistan tərəfi heç vaxt münaqişənin həllinə razı olmayıb. Çünki, Ermənistan güc, zor dilini yaxşı tanıyır. 4 günlük müharibədən sonra Serj Sarkisyan kifayət qədər mülayimləşmişdi və artıq öz zəifliyinin fəqində idi. Generalları Müdafiə Nazirlyi sistemindən qovmaqla bu zəifliyini etiraf etdi. Bunlar hamıya yaxşı bəllidir. Ermənistanın zəif, cırtdan dövlət olduğunu hər kəs bilir. Sadəcə himayədarları ona pul və silah verir, lobbiçilik dəstəyi göstərir, eyni zamanda təbliğatını aparır. Ermənistan isə bu dövlətlərin hesabına öz aqressiv siyasətini davam etdirir”.

E.Nəsirov qeyd edib ki, aprel döyüşləri Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş olması ilə bağlı mifi dağıdıb: “İstənilən vaxt müharibə başlaya bilər və heç kim buna təminat verə bilməz. Xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətizliyi fonunda hadisələrin məhz müharibə ssenarisi üzrə inkişafı son dərəcə labüdləşə bilər. Həmsədrlər bu vəziyyətdən nəticə çıxarmalıdır. Onlar yenə də köhnə qaydalarına qayıdıblar. Yəni, ciddi cəhdlə çalışırdılar ki, öncə xarici işlər nazirləri, ardınca isə prezidentlər səviyyəsində görüşlər keçirsinlər və bununla öz hesabatlarını “zənginləşdirsinlər”. Eyni zamanda həmsədrlərdə belə bir əminlik vardı ki, keçirilən belə görüşlər münaqişənin müharibəyə çevrilməsinin qarşısını alır. İndi yenə də həmin taktikanı tətbiq etməyə çalışırlar, Ermənistana heç bir təzyiq göstərmirlər. Sadəcə yenidən istəyirlər ki, Almaniyada Azərbaycan və Ermənistan xarici işlər nazirlərini görüşdürsünlər və ilin sonuna qədər heç olmasa bir dəfə prezidentlər səviyyəsində görüşə nail olsunlar.

Amma, hadisələrin gedişatı – bir yandan ABŞ dövlət katibi Con Kerrinin məsuliyyətsiz, erməni maraqları ilə üst-üstə düşən bəyanatı, digər yandan ABŞ-da prezident seçkilərinin gedişi, eyni zamanda münaqişənin həlli ilə bağlı konkret mövqenin və Ermənistana təsir mexanizmlərinin işə salınmadığı bir reallıqda münaqişənin həlli oböyük düyünə düşüb. Bu reallıqda Ermənistanın yeni təşkil olunmuş hökumətinin proqramına hətta belə bir bənd salınıb ki, münaqişənin həlli ilə bağlı heç bir güzəştə gedilməyəcək. Bütün bu reallıqları nəzərə aldıqda münaqişənin həlli prosesinin aprel döyüşlərindən sonra yenə də dalana dirəndiyi reallığı üzə çıxıb”.

Politoloq vurğulayıb ki, münaqişənin müharibəyə çevrilməsində maraqlı qüvvələr var: “Bu reallığın qorunub-saxlanmasında kimlər maraqlıdırsa, deməli onlar əslində münaqişənin müharibəyə çevrilməsində maraqlı olduqlarını nümayiş etdirirlər. Azərbaycan bu reallığın fərqindədir. Ölkə prezidenti İlham Əliyev son çıxışlarında bu məsələyə toxundu. Qeyd etdi ki, həmsədr dövlətlərdən biri ona pul, digəri silah verir, başqa biri lobbiçilik dəstəyi göstərir, təbliğatını aparır. Məqsəd odur ki, Azərbaycan Dağlıq Qarabağ məsələsində güzəştə getsin. Azərbaycan heç bir güzəştə getməyəcəyini bəyan edib. Biz güclənməkdəyik. Ordumuz ən müasir silahlarla təchiz olunub. Bundan sonra Ermənistan öz mövqeyindən çəkilməsə, qeyri-konstruktiv mövqeyini davam etdirsə və ATƏT-in Minsk qrupu da bu məsələdə passiv mövqe nümayiş etdirərsə, hadisələr arzuolunmaz ssenarilər üzrə inkişaf edə bilər. Bu halda bütün məsuliyyət işğalçı dövlət kimi Ermənistanın, ATƏT-in Minsk qrupunun, beynəlxalq ictimaiyyətin üzərinə düşəcək”.

Həmçinin oxuyun

Xırdalanda dağıntılar altında daha bir uşağın qaldığı ehtimal olunur

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş …

Bir cavab yazın