Şənbə , Noyabr 28 2020
Ana səhifə / Sosial / “Şanxay”ın söküntüsünün yarımçıq qalması sakinlərə təhlükə yaradır – FOTOLAR

“Şanxay”ın söküntüsünün yarımçıq qalması sakinlərə təhlükə yaradır – FOTOLAR

Bakının bəzi ərazilərində söküntü işləri aparılır. Söküntü aparılarkən plana düşən evlərin sahiblərinə kompensasiya ödənilir. Xüsusən də dəmir yoluna yaxın ərazidə yerləşən evlərin sökülməsinə önəm verilir.

Belə ərazilərdən biri də Bakının Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən “Şanxay” adlanan ərazidir. “Şanxay”ın təməli ötən əsrin 50-ci illərində qoyulub. Ötən əsrin 50-ci illərinin əvvəllərindən mövcud olan sözügedən yaşayış yeri artıq tarixə qovuşmaq üzrədir. Bir vaxtlar müxtəlif bölgələrdən gələnlər dəmir yolundan 1-2 metr aralı “gecəqondu” tipli evlər tikərək burada məskunlaşıblar. Qəsəbədən dəmir yolu xətti keçdiyi üçün, bəzi sakinlər burada çarəsiz vəziyyətdə yaşadılar. Hətta qatar gəlib vurar deyə, uşaqları oynamağa belə buraxmağa qorxurdular. Nəhayət, 2017-ci ildə “Şanxay”da dəmir yolunun yaxınlığında tikilmiş evlərin sökülməsinə start verildi. 2017-ci ildən söküntü işlərinin aparılacağı deyilən ərazidə 455 ev sökülüb. Ev sahiblərinə mənzilin kvadratına görə kompensasiya ödənilib. Söküntüyə səbəb qəsəbədəki evlərin dəmir yolunun düz kənarında yerləşməsidir. Ancaq problem ondadır ki, söküntü o vaxtdan yarımçıq qalıb. Dəmir yolu ətrafında tikilən bütün evlər sökülməyib.

Sakinlərlə apardığımız söhbətdən belə aydın olur ki, “Şanxay”da evlərin böyük qismi sökülsə də, hələ də çoxsaylı ev sökülməyib. Həmin evlərin nə vaxt söküləcəyi bəlli deyil. Onlar söküntü işlərinin hansı səbəbdən dayandırıldığını bilmirlər.

  • Nurxan Kərimov: “Elə vəziyyət yaranıb ki, gecələr küçə itlərinin əlindən çölə çıxmağa ehtiyat edirik”

Ərazidə yaşayan Nurxan Kərimov bildirdi ki, belə vəziyyətin nə vaxta qədər davam edəcəyi bəlli deyil: “Fakt odur ki, iki ildir söküntü prosesi yarımçıq qalıb. Dəmir yoluna yaxın olduğuna görə bizim evlər də plana düşməli idi, amma nədənsə ev sökülmədi. Nəticədə söküntü işi yarımçıq qaldı. Bizim sırada 4 evi sökmədilər, digər evlər isə gördüyünüz kimi sökülüb. Özünüz görürsünüz ki, sökülən evlər necə xarabazarlığa bənzəyir. Elə vəziyyət yaranıb ki, gecələr küçə itlərinin əlindən çölə çıxmağa ehtiyat edirik. Neçə dəfə itlərin hücumuna məruz qalmışıq. Yayda ilanlar çox olur. İndi qışdı deyə ilan yoxdur. Söküntüdən sonra ərazidə zəif külək olan kimi toz-torpaq əlindən tərpənmək olmur. Xüsusən də küləkli havalarda vəziyyət dözülməz olur. Məhz söküntüdən sonra sahibsiz dolaşan itlərin sayı çoxalıb. Çünki əvvəl bu qədər sahibsiz it yox idi. Axşamlar işdən evə gələndə qorxuruq ki, həmin itlər bizə hücum edər. Evlərin hesabına axşamlar məhəllə işıqlandırılırdı. İndi bundan da məhrum olmuşuq. Ona görə ki, evlərin çoxu sökülüb. Çox çətindir belə şəraitdə yaşamaq. Sökürdülərsə, bütün evləri sökəydilər də. İndi biz ortalıqda qalmışıq və bilmirik nə edək. Bizə deyən yoxdur ki, haçan evimiz plana düşəcək və biz də işimizi bilək”.

  • Rüstəm Niyazov: “Evi təmir edə bilmirik, divarlar nəmin içindədir”

“Şanxay”da yaşayan Rüstəm Niyazovun sözlərinə görə, qeyri-müəyyən vəziyyət yaranıb: “Sökülməyən evlərin ətrafında xarabalıqlar yaranıb. Evi təmir edə bilmirik, divarlar nəmin içindədir. Tutaq ki, evi təmir etdik. Bir belə əziyyətdən sonra dedilər ki, sökürük, onda əziyyətimiz də hədər gedəcək. Bir aydınlıq gətirən yoxdur ki, söküntü niyə yarımçıq qaldı? Baxıb görürsünüz ki, Müqabil kişinin evinin olduğu sırada 4 ev qalıb, amma digərləri sökülüb. O birisi tərəfdə, sökülməyini gözləyən evlərin sayı daha çoxdur”.

Həqiqətən də sözügedən ərazidə söküntünün yarımçıq qalması ərazidə sanki bir kabus yaradıb. Bir tərəfdə evlər, 10 metr aralıda sökülən evlərin xarabalıqları… (Bakı-Xəbər)

Vidadi ORDAHALLI

Həmçinin oxuyun

“İçərişəhər”dəki Qala divarında dağıntı olub – Fotolar

Bakının “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qədim Qala divarının bir hissəsində dağıntı olub. Hazırda həmin …