Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Samir Əliyev: “Binalar təhvil verilən kimi MTK-lar ləğv edilməlidir”

Samir Əliyev: “Binalar təhvil verilən kimi MTK-lar ləğv edilməlidir”

MTK-lar xidmət haqqını necə müəyyənləşdirirlər?

Bakıda çoxmərtəbəli binaların idarəçiliyi ilə bağlı narazılıqlar getdikcə artır. Belə binalarda yaşayan sakinlər əksər hallarda xidmət haqqı ilə bağlı narazılıq edirlər. Belə ki, Bakı şəhərində inşa olunan “novostroyka”ları idarə edən Mənzil Tikinti Kooperativləri (MTK) xidmət haqqı olaraq yüksək məbləğdə pul yığırlar. Bu xidmət haqqı Bakı şəhəri üzrə mənzillərin hər kvadratmetrinə 30 qəpikdən 1 manata qədər dəyişir.

İqtisadiyyat Nazirliyindən mətbuata bildirilib ki, mənzil-kommunal təsərrüfatı sahəsində mülkiyyətçi ilə idarəedici arasında münasibətlər bu sahədə mövcud qanunvericilik çərçivəsində, o cümlədən Mənzil Məcəlləsinə uyğun olaraq tənzimlənir: “Belə ki, mənzil mülkiyyətçiləri yaşayış sahəsinin saxlanılması haqqını ödəməlidirlər. Bu xərclərə binadaxili və həyətyanı işıqlandırma, lift təmiri, məişət tullantılarının daşınması, bina və həyətin təmizliyi, mühafizə, işçilərin maaşı və s. xidmətlər daxildir. Qanunvericiliyə uyğun olaraq çoxmənzilli binaların idarəediciləri bina sakinlərindən bu haqqın ödənilməsini tələb edə bilərlər. Bina sakinlərinin ödəniş etmədiyi və ya ümumiyyətlə, ödənişdən imtina etdiyi hallarda idarəedici məhkəməyə müraciət edə bilər. İşıq, qaz, su kommunal xidmətləri isə abonentlə təchizatçı müəssisə arasında tənzimlənir və bu xidmətləri qanunvericiliklə müəyyən olunan hallarda yalnız təchizatçı müəssisə dayandıra bilər”.

Nazirlikdən onu da bildiriblər ki, Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir: “Məcəlləyə əsasən, mənzil fondunun idarə edilməsi ilə bağlı üç metod (bilavasitə özləri tərəfindən idarəedilmə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaratmaqla idarəetmə və idarəedici təşkilat tərəfindən idarə edilmə) var. Bunlardan beynəlxalq təcrübədə ən geniş tətbiq olunanı və səmərəli hesab ediləni Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləridir”.

İqtisadçı-ekspert Samir Əliyev deyir ki, MTK-ların binaları idarə etməsi qanunsuzdur: “Mənzil hüquqlarına dair münasibətlər 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi ilə tənzimlənir. Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələbinə görə, kooperativ binanın tikintisi və yenidən qurulması tam başa çatdıqdan, həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra altı ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə (MMMC) çevrilməlidir. Məcəllə yeni qəbul olunanda MTK-ların müştərək cəmiyyətə çevrilməsi müddəti 6 ay nəzərdə tutulmuşdu, sonradan 1 aya endirildi. Hazırda məcəllənin bu tələbinə demək olar ki, əməl edilmir. Məsələ burasındadır ki, qanunvericiliklə MTK-ların ləğv olunması üçün bina sakinlərinin 50+1 faizinin təmsilçiliyi tələb olunur. Bu gün Bakıda binaların çoxunda məskunlaşma 50 faizdən yuxarı deyil. Digər tərəfdən, o binalardan alınan mənzillərə görə ”kupça” adlanan sənəd – reyestrdən çıxarış verilmir. Bakıdakı binaların çox böyük əksəriyyətində bu sənəd mənzil sahiblərinə verilməyib. Buna görə də onları mənzil mülkiyyətçisi hesab etmək mümkün deyil. Bütün bu problemlər ona gətirib çıxarır ki, MTK-lar hələ də qalır, binaların idarəçiliyini həyata keçirirlər”.

Ekspertin sözlərinə görə, hazırda binaların idarəçilərini onları tikən şirkət təyin edir: “Halbuki müştərək cəmiyyət olarsa, rəhbərliyin kimə həvalə olunmasını sakinlər özləri müəyyənləşdirərlər. Xidmət haqqını da MTK-lar sakinlərlə məsləhətləşmədən müəyyən edirlər. Bu zaman sakinlər toplanılan pulların hansı hissəsinin liftə, hansı hissəsinin zibil daşınmasın, hansı hissəsinin təmizliyə və sair xərclənməsindən tam məlumatsız qalırlar. Bu isə haqlı narazılıqlara səbəb olur”.

S.Əliyev bildirir ki, hazırda sovet mənzilləri üçün tariflər Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” 10 mart 2000-ci il tarixli, 40 saylı Qərarı əsasında müəyyənləşir: “Həmin qaydaya görə, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin saxlanılması üçün xidmət haqqı 1 kvadratmetr yaşayış sahəsi üçün ayda 1,5 qəpik müəyyənləşdirilib. MTK-lar isə bundan dəfələrlə çox haqq müəyyənləşdirirlər. Düşünürəm ki, problemin həlli bütün binalarda idarəetmənin sakinlərin yaratdığı müştərək cəmiyyətlərə verilməlidir. Eyni zamanda mənzil idarəçiliyi ilə bağlı vahid qaydalar müəyyənləşdirilməli, xarici təcrübədən istifadə ertməklə xüsusi mənzil fondu yaradılmalıdır. Binaların əsaslı təmiri bu fond hesabına həyata keçirilməlidir”.

Qeyd edək ki, çoxmənzilli binanın ümumi əmlakının əsaslı təmiri yaşayış fondunun mülkiyyətçisinin hesabına həyata keçirilir. Mənzil Məcəlləsinin tələbinə görə, kommunal haqqa: soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təhcizatına görə ödənilən haqlar daxildir. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında hər kəsə məlum su, qaz və enerji təchizatı qurumları ilə bağlanan müqavilələrdə göstərilir. Yəni işıq, qaz, su-kanalizasiya və s. bu kimi xidmətlərin ödənilməsi qaydası bəllidir. Lakin MTK-lar əksər hallarda xidmət göstərən tərəflərlə (“Azərişıq”, “Azərsu”, “Azəriqaz”) vahid müqavilə bağlayaraq kommunal xidmət haqlarını da özləri toplayırlar. Bu zamansa xidmət haqqını ödəməyən bir neçə nəfərə görə bütöv blokun təchizatını dayandırırlar. Son illərdə bu məsələ ilə bağlı MTK-lar, xidmət qurumları və bina sakinləri arasında böyük qalmaqallar yaşanır. S.Əliyev isə bildirir ki, əslində xidmət göstərənlərlə müqavilələr hər mənzil üzrə mülkiyyətçilər tərəfindən imzalanmalıdır: “Xidmət hər bir mənzil sahibi ilə imzalanmış fərdi müqavilə əsasında təqdim olunmalıdır. Ödəniş edilmədikdə yalnız onu etməyənlərin təchizatı dayandırılmalıdır. Lakin Azərbaycanda bu tələbə də əməl olunmur, nəticədə çoxsaylı problemlər meydana çıxır”.

 

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …