Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Sosial / Şamaxıda torpaq sürüşməsi aktivləşdi: evlərdə iri çatlar əmələ gəlib

Şamaxıda torpaq sürüşməsi aktivləşdi: evlərdə iri çatlar əmələ gəlib

Son bir ayda Şamaxıya yağan qar və yağışdan sonra aktivləşən torpaq sürüşməsi nəticəsində rayonun Quşçu kəndindəki evlərdə çatlar əmələ gəlib.

APA-nın xəbərinə görə, kənddə torpaq sürüşməsi hər gün müşahidə olunur və dağdan axıb gələn torpaq kütləsi evlərə doğru hərəkət edir.

Bu günlərdə 8 hektar torpaq sahəsi sürüşməyə məruz qalıb, böyük yarğanlar və çökmələr əmələ gəlib, yeraltı qrunt suları üzə çıxıb. Sürüşmə qısa vaxtda pay torpaqlarındakı əkin sahələri ilə yanaşı həyətyanı əraziləri və tikililəri də əhatə edib. Sürüşmə sahəsinin eni 1500 metr, uzunluğu 180 metrdir. Yarğanların dərinliyi 2 metrə çatır.

Sürüşmə zamanı həyətyanı sahələrin hasarları, meyvə ağacları, əkin sahələri torpağın altında qalıb, evlərə və yardımçı tikililərə ziyan dəyib. Son günlər Quşçu kəndində 10 evin divarında iri çatlar əmələ gəlib. Həmçinin 300 evi içməli su ilə təmin edən bulağın torpaq altında qalma təhlükəsi yaranıb. Bulağa aparan avtomobil yolu torpaq sürüşməsi nəticəsində bağlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri sürüşmə zonasına baxış keçirib, sakinlərlə görüşüblər. Mütəxəssislər sürüşmə sahəsində monitorinq aparıblar.

Şamaxı Rayon İcra Hakimiyyətindən bildiriblər ki, indiyədək rayon mərkəzində, eləcə də 7 kənddə baş verən torpaq sürüşməsi zamanı 400-dən çox evə ziyan dəyib.

Qeyd edək ki, torpaq sürüşməsi Şamaxı şəhərində, eləcə də rayonun Çabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı, Acıdərə və Qaleybuğurd kəndlərində daha çox müşahidə olunur.

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …