Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Şamaxıda sel körpünü dağıtdı: su avtomobili apardı (FOTOLAR)

Şamaxıda sel körpünü dağıtdı: su avtomobili apardı (FOTOLAR)

Ötən iki gün ərzində Şamaxı rayonuna yağan güclü leysan yağışından sonra əmələ gələn sel suları təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.
Əvvəlcə rayonun dağlıq ərazilərinə dolu düşüb, sonra küləklə müşahidə olunan leysan yağışı yağıb. Pirsaat, Ağsuçay və Girdiman çaylarında suyun səviyyəsi xeyli qalxıb.
Təbii fəlakət zamanı rayonun Ərçivan, Pirqulu, Nağaraxana, Qaleybuğurd, Dəmirçi kəndlərində tərəvəz və taxıl sahələrinə, meyvə bağlarına ziyan dəyib, elektrik dirəkləri aşıb, naqillər qırılıb, əhaliyə elekrik enerjisinin verilişi dayanıb. Küləyin təsiri nəticəsində dam örtüyü dağılan evlər və içəridəki əşyalar yağış suyunun altında qalıb.
Pirsaat çayına gələn güclü sel Ərçivan kənd sakinlərinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin kəsilməsinə səbəb olub. Sel suları çayın üzərindəki istifadəyə yararsız olan körpünü tamamilə dağıdıb. Kənd sakini “Tofaş” markalı minik avtomobili ilə çayın içərisindən keçərkən sel onun avtomobilini aşıraraq daşlara çırpıb və 200 metr aralı aparıb. Yaxınlıqdakı insanların köməyi ilə sürücü sel sularından xilas edilib. Əzilərək yararsız hala düşən avtomobil çaydan çıxarılıb.
Kənd sakinlərinin sözlərinə görə, yağış yağanda Pirsaat çayı üzərində körpü olmadığına görə insanların çayın içərisindən keçərək Ərçivan kəndinə gediş-gəlişi çətinləşir.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …