Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Sosial / Salyanda tarixi abidə necə dağıdıldı – FOTOLAR

Salyanda tarixi abidə necə dağıdıldı – FOTOLAR

Salyan qədim mədəni tarixi ilə seçilən rayonlardan olsa da, onun fəxri tarixinin bir parçası olan qədim abidə-bina 4 il əvvəl şəxsi maraqlar ucbatından dağıdılıb.

Salyan şəhərinin mərkəzində yerləşən, keçmiş zamanlarda “Hacı Mehdinin mehmanxanası” adlanan iki mərtəbəli, möhtəşəm arxitektura görünüşlü bu bina 1908-ci ildə sahibkar Mirxalıq Abdullayev tərəfindən inşa etdirilərək Hacı Mehdiyə kirayəyə verilib. Salyanlıların fəxri sayılan bu qədim bina Salyanın tarixinin qan yaddaşını özü ilə daşıdığı üçün hər bir salyanlıya əziz idi. Belə ki, 1918 –ci il qətliamları zamanı erməni daşnaklarının törətdiyi vəhşiliklərin qarşısını almaq üçün böyük ictimai xadim, 37-ci ilin repressiya qurbanı Ağa Mirbağır ağanın təşəbbüsü ilə Salyan qəzasının rəisi Bəxşiş Rüstəmbəyovun apardığı danışıqlar sayəsində Salyana köməyə çağırılmış türk ordusunun zabitləri Ənvər Paşa, Nuru Paşa və Ömər Paşa məhz bu binada yerləşərək yerli könüllülərlə birgə döyüş planları hazırlayıblar. Və məhz bu planlar əsasında ermənilər Salyan şəhəri yaxınlığında darmadağın edilniş, tör-töküntüləri Kür boyunca dənizə qaçmışdılar.

Həmin döyüşlərdə şəhid olmuş türk zabiti Ömər Paşa və 7 igid türk əsgəri Salyandakı fəxri məzarlıqda dəfn olunublar.

Amma 2014-cü ildə Salyan RİH-nin o vaxtkı başçısı Tahir Kərimov bu tarixi abidəni dağıdaraq torpağını çoxmərtəbəli bina tikmək üçün bir iş adamına satmaq qərarına gəldi. Əvvəlcə Salyan şəhərinin mərkəzində, Ə.Qasımzadə küçəsində yerləşən bu tarixi binadan orada mənzillənmiş qurumlar çıxarıldı. Sonra binanın artıq qəzalı vəziyyətdə olması adı ilə özəlləşdirməyə çıxarılması və Dövlət Əmlak Komitəsinin fakt qarşısında qoyulması üçün Tahir Kərimovun göstərişi əsasında ekskavator çalovu ilə binanın iki pəncərəsinin yeri qəsdən dağıdıldı. Qeyd edək ki, binanın ekskavator “caynağı” ilə dağıdılmasının izi qalmaması üçün əvvəcə plastik pəncərələr çıxarılmışdı. Bu “əməliyyat” sakinlərin gözü qarşısında baş verməsin deyə gecədən xeyli keçmiş həyata keçirilmişdi. Amma qədim binanın divarları o qədər möhkəm idi ki, texnika onu çətinliklə dağıtdığından qonşuluqda yaşayanlar səs-küyə küçəyə çıxmışdılar. Lakin insanların narazılığına məhəl qoyan tapılmadı. Tarixi abidə qəzalı tikili kimi özəlləşdirməyə çıxarılaraq iş adamına satıldı və yerlə-yeksan edildi. Bununla belə, aradan artıq 4 il vaxt ötməsinə baxmayaraq, həmin torpaqda çoxmərtəbəli bina tikmək istəyən iş adamı qəfil maliyyə çətinliyinə uğradığından heç bir tikinti işləri apara bilmir. Hətta ərazidə çoxmərtəbəli yaşayış binası tikiləcəyi barədə quraşdırılmış böyük elan lövhəsi də yığışdırılıb…

Həmçinin oxuyun

Nazirlik qazi Kənanı nəzarətə götürdü, anası işlə təmin edildi

Qələbəmizin qəhrəmanlarından hər hansı birinin çətinliyinin olduğunu öyrəndikdə elə həmin gün onun yanında olur və …