Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Şalvar 30, don 50 manat – Uşaq geyimlərinin qiyməti “əl yandırır”- Fotolar

Şalvar 30, don 50 manat – Uşaq geyimlərinin qiyməti “əl yandırır”- Fotolar

Son illər uşaq geyimlərinin böyüklər üçün olan libaslardan baha olduğu gözə çarpır. Brend mağazalardan tutmuş adi uşaq geyim dükanlarına qədər hər yerdə bahalıqdır, sadəcə qiymətlərin arasında 5-10 manat fərq var. Düzdür, şəhərimizdə ucuz geyimlər satılan mağazalar da var. Onlar nə qədər keyfiyyətlidir və uşaqların sağlamlığına nə dərəcədə ziyanlıdır, bu sual altındadır.

İlk olaraq son günlər məşhurlaşan 1 manatlıq mağazalardan başlayaq. “Hər şey bir manat” şüarı ilə kosmetikadan tutmuş geyimə kimi satılan sözügedən məkanlarda uşaq kalqotkalarına, köynək, şalvar, hətta papaqlarına da rast gəlinir. Amma onların haradan gətilrildiyi açıqlanmır.

“8-ci km bazarı” da ucuz uşaq geyimlərinin məkanıdır. Piştaxtalarda topa olaraq tökülən geyimlər 1 manatdan başlayır. Onların əksəriyyəti Çin istehsalıdır. Övladlarına da bu geyimdən geyindirdiyini deyən satıcılar malın keyfiyyətli olduğunu müdafiə etsə də, geyimlərin keyfiyyətinə zəmanət verilmir.

Baş çəkdiyimiz dükanlarda, demək olar ki, qiymətlər eyni idi. Gödəkcələr 40, şalvarlar 30, kombinezonlar 70, köynəklər 12, papaqlar 5, ayaqqabılar isə 15 manatdan başlayır.

Əlbəttə, valideynlər bu qiymətlərdən narazıdır. Kəmalə Hüseynova deyir ki, övladına hər şeyin keyfiyyətlisini almaq istəyir. Bu isə onun cibinə uyğun deyil: “Uşağımı həm dəblə, həm də keyfiyyətli, istehsal yeri məlum geyimlərlə geyindirmək istəyirəm. Ucuz paltarlarla onun sağlamlığına zərər vura bilmərəm. Mağazalara da yaxın durmaq mümkün deyil. Geyimlər çox bahadır. Özümə 20 manata cins şalvar ala bilirəm. Uşaq üçün isə 30 manatdan başlayır. Insan çaş-baş qalır”.

Musavat.com məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov əlaqə saxlayıb. O, bildirir ki, istehlakçılar ayda 4-5 dəfə zəng edərək, uşaq geyimlərinin qiymətinin baha olmasının səbəbinin araşdırılmasını istəyirlər: “Azad bazar iqtisadiyyatıdır. Hər kəs istədiyi qiymətə mal sata bilər, qanunla qadağa yoxdur. Amma biznes qurumlarə onlar üçün yaradılan şəraitdən sui-istifadə edir. Gizli qiymət sövdələşməsi aparırlar və bazarda vahid qiymət formalaşdırırlar. Ölkə prezidenti dəfələrlə açıqlayıb ki, bu cür addımların üstü açılmalıdır. Lakin aiddiyyatı qurumların, dövlət orqanlarının fəaliyyətini görmürük. Əlbəttə, bir çox baha və ucuz satılan geyimlər Azərbaycanda tikilir və saxta etiket vurulur. Xaricdən də saxta etiketlərlə paltar gətirilir. “Sahil” metrostansiyasının yaxınlığında “Birə-bir” adlı mağaza var. Onlar saxta etiketlərlə geyim satırlar. Bu o deməkdir ki, bazarda xaosdur. Geyimlərin qiymətləri istehlakçının cibinə uyğun deyil , ona görə də alıcılar şikayətlənir”.

E. Hüseynov bildirir ki, alıcılar malın keyfiyyətindən əmin olmaq üçün onun sertifikatını tələb edə bilər: “Satıcı sertifikatı göstərməyə borcludur. Etiraf edək ki, Azərbaycan əmtəə bazarında satılan geyimlərin 80%-nin sertifikatı yoxdur. Geyimlər qanuna zidd olaraq satılır. Bu da istehlakçıların hüququnun pozulması ilə nəticələnir”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …