Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Sosial / Sakinlər yolsuzluqdan şikayət etdi, İcra Hakimiyyəti ilə Dövlət Agentliyi “topu” bir-birlərinə ötürdü

Sakinlər yolsuzluqdan şikayət etdi, İcra Hakimiyyəti ilə Dövlət Agentliyi “topu” bir-birlərinə ötürdü

Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yaşayan sakinlərin qəsəbədə yol infrastrukturunun bərbad halda olması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Suraxanı Rayon İcra Hakimiyyətinə eyni vaxtda ünvanladığı məktublara təxminən eyni vaxtda cavablar gəlib. Məlum olub ki, adı çəkilən dövlət orqanları 20 ilə yaxındır ki, davam edən yol problemini həll etmək əvəzinə onu futbol topu kimi bir-birinə ötürürlər.

Bu şikayətlə virtualaz.org saytına həmin qəsəbədə yaşayan sakinlər müraciət ediblər. Və həmin strukturlardan aldıqları rəsmi cavabları da redaksiyamıza təqdim ediblər. Sakinlər deyirlər ki, paytaxtın əksər yeni salınan qəsəbələrində olduğu kimi onlar da dərin gölməçələrdən, palçıq bataqlığından əziyyət çəkirlər. Xüsusən yağışlı havalarda qəsəbəyə girmək müşkül olur, məktəblilər payız-qış aylarında dizə çıxan palçıqda batıb qalırlar.

Onların sözlərinə görə, dəfələrlə müxtəlif orqanlara şikayətlər olunub, hətta yığışıb etiraz aksiyaları keçirib yolu kəssələr də problem həllini tapmayıb. Bu illər ərzində Suraxanı RİH-dən sakinlərin şikayətlərinə bu məzmunda standart cavab verib yola salıblar ki, “yolları asfaltlamaq üçün müvafiq texnikamız, vəsaitimiz yoxdur, “yuxarılara” məsələni çatdırmışıq…”

Əvvəllər qəsəbədaxili və məhəllə yolları icra hakimiyyətlərinin balansında olsa da, artıq bu ilin əvvəlindən vəziyyət dəyişib. İndiyə qədər yalnız əsas və magistral yolların salınması və təmiri ilə məşğul olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi artıq bir neçə aydır ki, qəsəbə yollarının da təmirinə başlayıb. Agentliyin son aylarda Sulutəpə, Biləcəri və digər bir neçə qəsəbədə yolların təmirinə başlamasından sonra Bülbülədə yaşayan sakinlərdə də ümid yaranıb ki, bəlkə uzun müddət asfalt görməyən Samir Əliyev küçəsi də təmir olunar. Bu səbəbdən də mart ayında hər iki dövlət orqanına qəsəbə sakinlərinin imzası ilə kollektiv müraciət ünvanlanıb.

Lakin Suraxanı RİH-dən sakinlərə verilən cavab da əvvəlkilərdən fərqlənmir. İcra hakimiyyəti başçısının müavini Etibar Yolçuyev tərəfindən imzalanmış məktubda bildirilir ki, “onlara ünvanlanmış kollektiv ərizənin surəti qaldırılan məsələyə aidiyyati üzrə baxılması üçün Avtomobil Yolları Dövlət Agentliyinin “Bakı 7 nömrəli Yol İstismarı” MMC-nin rəisi Meybulla Cavadova göndərilib”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə Avtomobil Yolları İstismarı və Təmiri İdarəsinin rəisi Əflatun Qasımovun imzası ilə bir neçə gün fərqlə Suraxanı sakinlərinə belə məzmunda məktub göndərib: “Bülbülə qəsəbəsi, “A” yaşayış massivinin məhəllədaxili yollarının asfalt-beton örtüyünün tikintisi ilə bağlı kollektiv müraciətinizə baxlıb. Bildiririk ki, məhəllədaxili yollar yerli icra hakimiyyəti orqanlarının mülkiyyətində olduğu üçün aidiyyəti üzrə müraciət etməyiniz məqsədəuyğun hesab edilir”.

Sakinlər deyirlər ki,  Agentliyə ünvanladıqları məktubda dəfələrlə Suraxanı RİH-ə eyni problemlə bağlı müraciət etdiklərini qeyd etmişdilər. Bu halda Agentliyin onları yenidən icra hakimiyyətinə yönləndirməsi nə məqsəd daşıyır? Axı Suraxanı İH hər dəfə bildirir ki, onların yolları asfaltlamağa nə texniki imkanları, nə vəsaitləri yoxdur.

Digər tərəfdən isə, əgər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin qəsəbədaxili yolları təmir etmək səlahiyyəti yoxdursa, o zaman Binəqədi rayonu, Sulutəpə, Biləcəri və digər qəsəbələrdə yolları hansı əsaslarla təmir edirlər? Belə aydın olur ki, dövlət orqanları vətəndaşların şikayətlərini həll etmək əvəzinə problemi bir-birinə ötürməklə məşğuldurlar. Bu ötür-ötür oyununda isə sakinlər növbəti qışı da başa vurublar.

Xatırladaq ki, Avtomobil Yolları Dövlət Agentliyi yaxın 2-3 il ərzində bütün qəsəbədaxili yolların təmir olunacağını vəd etmişdi. Hətta tezliklə abadlaşdırılacaq yollar arasında redaksiyamıza ən çox şikayət gələn Samir Əliyev küçəsinin də adı olduğu bildirilirdi.  Amma Suraxanının keçilməz küçələrində azıb qalmış təcili kuryerlə göndərilən məktubdan sonra belə aydın olur ki, heç adı da yox imiş.  Virtualaz.org

Həmçinin oxuyun

Bakıda bu yol 10 ildən sonra açıldı – Video

Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, “Papanin” kimi tanınan ərazidə 10 ilə yaxındır bağlı olan yol …