Ana səhifə / Sosial / Şagirdlər məktəblərdə necə qorunur?

Şagirdlər məktəblərdə necə qorunur?

Məktəblərin mühafizəsi məsələsi daim diqqət mərkəzində olub.

Bəzi məktəblərdə mühafizə xidməti olsa da, əksər məktəblərdə bu xidmətin olmaması valideynlərdə narahatlıq yaradır. Onlar övladlarının arzuolunmaz hal baş verdikdə təhlükəsizliklərindən əmin ola bilmirlər.

Maraqlıdır, Azərbaycanda məktəblər necə qorunur? 

Məsələ ilə bağlı olaraq Elm və Təhsil Nazirliyindən “Cebhe.info”-nun sorğusuna cavab olaraq bildirilib ki, məktəblərin qorunması məktəb rəhbərliyinin qərarından asılıdır:

“Nazirliyin tabeliyində olan təhsil müəssisələrində mühafizə xidmətinin təşkil edilməsi üçün idarənin xərclər smetasında vəsait nəzərdə tutulmayıb”.

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, yeni tədris ilinin başlamasına az müddət qala təhsil müəssisələrinin mühafizəsi istiqamətində hər il Elm və Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi birgə iş aparır:

“Amma etiraf edək ki, bütün məktəblərin tam mühafizəsi mümkün deyil. Bu gün 4500-dən çox orta məktəb, 1600-dən çox məktəbəqədər təhsil müəssisəsi, 50-dən çox universitet və o sayda orta ixtisas, 100-ə qədər peşə təhsili müəsssiəsi fəaliyyət göstərir. Onların hamısının hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən mühafizəsini təmin etmək reallıqdan uzaqdır. Buna böyük vəsait lazımdır. Ancaq ali təhsil müəssisələri, özəl orta məktəb və bəzi dövlət orta məktəbləri öz vəsaitləri hesabına mühafizəni təşkil edə bilər və edirlər”.

Ekspert qeyd edib ki, qanunvericilik aktlarına uyğun olaraq orta məktəblərin mühafizəsi ilə bağlı Elm və Təhsil Nazirliyinin büdcəsində vəsait nəzərdə tutulmayıb:

“Bildirim ki, bir çox ümumtəhsil məktəblərində mühafizə üçün valideynlərin könüllü əməkdaşlığı təcrübəsi mövcuddur və valideyn komitələrinin bu işə cəlb olunması ilə məktəblər mühafizə olunurlar.

Təəssüflər olsun ki, nə 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Qanunda, nə də “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə məktəblərin mühafizəsi ilə bağlı hər hansı bir məsələ göstərilib. Məktəblər dövlət müəssisəsi olduğu üçün mühafizəyə görə əlavə vəsait ayrılmır”.

K.Əsədov vurğulayıb ki, məktəblərdə mühafizə işini görən şəxslərə xüsusi təlimlər keçilməlidir:

“Bu gün məktəbləri bəzən tədaüqdçü nənə və babalar mühafizə edir. Onlar yalnız şagirdlərin dərs zamanı çölə çıxmasına və valideyinlərin məktəbə daxil olmasına maneə olur. Amma baş verə biləcək hansısa neqativ hadisədən onlar məktəbi mühafizə etmək gücündə deyillər”.

Ekspert təklif edir ki, məktəblərin yaxınlığında mobil patrul dəstələri fəaliyyət göstərsin:

“Eyni zamanda məktəblərdə müəllimlərin növbətçiliyi təşkil olunsun. Növbətçi müəllimlər məktəblərdə nizam-intizama nəzarət etməlidir. Hər gün hər mərtəbədə bir müəllim növbətçi olmalıdır.

Ən əsası məktəbin qapısında da etibarlı, işinə məsuliyyətlə yanaşan nəzarətçilər dayanmalı, məktəbə kimin gəlib-getdiyinə nəzarət etməlidir. Şübhəli görünən və tanış olmayan insanlardan sorğu-sual etməlidir. Kim gəldi, məktəbə buraxmaq olmaz. Buna qanunvericilik də icazə vermir.

Çox vaxt bədbəxt hadisələr məktəbdə deyil, məktəbdən kənar yerlərdə baş verir. Odur ki, nəzarətçilər şagirdlər dərsdən çıxıb qaçmasınlar deyə ciddi nəzarət etməlidirlər. Uşaq bir neçə gündür dərsə gəlmirsə, evinə zəng edib maraqlanmalıdırlar.

Bəlkə heç evdə də deyil, evdəkiləri “məktəbə gedirəm” adı ilə aldadıb dərslərini səbəbsiz yerə buraxır. Təəssüf ki, bu gün məktəblərdə təhlükəsizlik məsələləri qənaətbəxş deyil. Bir çox məktəblərdə məktəb intizamı qaydaları yerinə yetirilmir. Məktbələrin mühafizəsi lazımi səviyyədə deyil. Ona görə də bu məsələni qabartmaq lazımdır.

Məhz məktəblərdə mühafizə deyən kimi, dərhal polis yada düşür. Məsələ məktəblərə polislərin cəlb olunmasında deyil. Məktəblərin öz daxili intizam qaydalarını yüksəltmək lazımdır. Onda məktəblərin təhlükəsizliyi təmin olunacaq”.

Həmçinin oxuyun

Şadlıq evlərində verilən “ikra” Rusiyadan 4 manata gətirilir? 

Bu ilin ilk ayı ərzində Azərbaycana xarici ölkələrdən 510 kiloqram nərə balıqlarının kürüsü,  3 ton …