Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Sosial / Sabiq komandirdən Şuşanın işğalı ilə bağlı mühüm açıqlamalar…

Sabiq komandirdən Şuşanın işğalı ilə bağlı mühüm açıqlamalar…

Şuşanın işğalından 25 il ötdü. Hər il bu vaxtlar 1992-ci ilin may günlərində Şuşa ətrafında gedən proseslər müzakirə edilir. Strateji və qədim şəhərimizin işğalı ilə bağlı müəmmalar ilk gündən mövcud olub və bu məsələlər hər zaman müzakirə mövzusudur. Xüsusilə o zaman siyasi hakimiyyətin məsuliyyətsizliyi, müdafiə işinin düzgün qurulmaması, ən əsası, xəyanət nəticəsində Şuşanın düşmən əlinə keçməsi ilə bağlı çoxsaylı fikirlər var.
1992-ci ilin 30 aprelinədək Laçın alayının komandiri olmuş Arif Paşa “Yeni Müsavat”a açıqlamasında yalnız işğal tarixində Şuşa və digər ərazilərimizin xatırlanmasından təəssüfləndiyini dilə gətirdi: “İldə bir dəfə bu günlər xatırlanır, sonra sanki belə hadisələr olmayıb kimi davranılır. Bu çox qəribə bir tendensiyadır. Şuşanın necə itirildiyi barədə indiyə qədər çox fikirlər demişik. Bunu dəfələrlə demək tariximizdə nələrisə dəyişmir. Şuşanı necə geri qaytarmaq, Xocalının qisasını necə almaq, şəhid ailələrinin vəziyyətini necə düzəltmək barədə müzakirələr olmalıdır. Biz indi niyə şəhidləri bölürük? Məsələn, son vaxtlar şəhid olanlarla əvvəllər həyatlarını itirənlər arasında bölgülər aparmamalıyıq. Torpaqlarımızın düşmən tapdağı altında olmasına, qürurumuzun tapdalanmasına nə qədər dözməliyik? Təəssüflər olsun ki, bu gün bu suallara cavab tapılmır. Xocalını yaşamış, Şuşa, Laçın və digər ərazilərin işğalını görən hər kəs hər gün o anı yaşayır. İşğal olunan ərazilərimiz bütövlükdə Azərbaycan torpaqlarıdır. Bölmək olmaz ki, Şuşa şuşalının, yaxud digər yerlər həmin ərazilərə məxsus insanların torpaqlarıdır. Torpaq itkisi ilə xalq və dövlət olaraq heç zaman barışmamalıyıq”.

“Əgər o zaman Şuşa və Laçın yerli qüvvələrin ümidinə qalsaydı, fərqli vəziyyət ola bilərdi”

Sabiq komandir Şuşa və Laçının işğalını bu cür şərh etdi: “Əgər o zaman Şuşa və Laçın yerli qüvvələrin ümidinə qalsaydı, fərqli vəziyyət ola bilərdi. Amma bu gün Ukraynanın Krım məsələsinə baxanda çox şeyi dərk etmək olur. O zaman ərazilərimizin işğalında birmənalı Rusiyanın iştirak etdiyi ortadadır. Əgər insan və hərbi resursu, eləcə də digər cəhətlərdən üstün olan Ukraynanın başına bu cür oyunlar açılırsa, Ukraynadan zəif olan Azərbaycan ətrafında zamanında gedən prosesləri fərqli dəyərləndirirəm. Zamanında ittiham etdiklərimi indi etmirəm. Bəlkə Azərbaycan nisbətən az itki ilə həmin prosesləri yaşayıb. Biz çox güclü və hədsiz dərəcədə məkrli bir rəqiblə üz-üzə olmuşuq. Bu səbəblərdən milli birliyə daha çox önəm verməliyik. Millətin milli oyanışına nail olmalıyıq. Bizə heç yerdən kömək yoxdur. Azərbaycanın xilası və köməyi bu xalqın milli iradəsindədir. Ancaq bu yolla sabahkı taleyimizi görmək mümkündür.

Uğurlu diplomatik gedişləri inkar etmirəm. Bunlar vacib amillərdir. Milli iradənin güclü olması millətin taleyini həll edir. Əks halda, daha çox fəlakətlərlə üz-üzə qala bilərik. O zaman Şuşanın müdafiəsi hədsiz çətin məsələ idi. Amma yenə də müəyyən proseslər gedirdi. Əsas səbəb Rusiyanın müdaxiləsi idi. Azərbaycanı Rusiya əsarətinə yenidən salmaq üçün fəaliyyət aparılırdı. O zaman ordu yenidən qurulmuşdu. Bəzən şahidi oluram ki, o zaman xaosun olduğunu deyirlər. İnsanlar 10-cu sinfə çatmaq üçün birinci sinfi oxumalıdırlar, bunların heç biri olmadan mümkün deyil. Yeni yaranmış ordu barədə müxtəlif fikirlər demək, xaosun olduğunu söyləmək düzgün deyil. O zaman ordu da var idi, ruh yüksəkliyi də. O zaman ordu quranların əməyini yerə vurmaq olmaz. Çoxlu şəhidlər verildi. Bacardığımız qədər qoruya bildik. O dövrdə əsas faktor Rusiya idi. Təchizat-təminat baxımından ciddi problem var idi. Ümumi komandanlıq yeni-yeni qurulurdu. Yeni qurulan dövlətlər kimi bizdə də ümumi proseduralar var idi, bunları da həyata keçirdik.

Amma bir daha deyirəm ki, ana xətt Rusiyanın müdaxiləsi idi. Bunun nəticəsində ərazilərimizi itirdik. AXC-nin kifayət qədər müsbət rolu oldu. Döyüşənlərin əksəriyyətini milli təfəkkürlü cəbhəçilər təşkil edirdi. Cəbhəçilər beş mindən yuxarı şəhid verdilər. Burada məsuliyyəti bir istiqamətə tuşlamaq düzgün deyil. Məsuliyyət bütövlükdə xalqa məxsusdur. Bu gün heç bir siyasi partiyanın üzvü deyiləm. Amma insanlar ədalətsiz danışanda çox ağır təsir edir. Əgər sən keçmişini ittiham edirsənsə, əmin ol ki, gələcək də səni ittiham edəcək. Keçmişimizə hörmətsiz yanaşmaq lazım deyil. Yalan danışmaq da lazım deyil. Şəxsən nəzarətimdə olan hərbi hissədə dəmir intizam var idi. Hətta bu intizam hazırda bəlkə də elə hərbi hissələr var ki, orada da yoxdur. İnsanlar torpaq uğurunda savaşırdılar, onlarda yüksək vətən sevgisi var idi. Bunlara ləkə salmaq heç kimə yaraşmır. Bu bir şərəf tarixi idi. Torpaqlarımız uğrunda gedən döyüşlərin hər biri şərəf tariximizdir. Rusiya kimi nəhəng dövlət Azərbaycanla savaşırdı”.

Həmçinin oxuyun

Azərbaycanda qara pomidor yetişdirilir – Fotolar + Video

Karvan L Eko MMC- nin Ağstafa rayonunda yerləşən istixanasında becərilən məhsullar orqanik şəraitdə və bu …

Bir cavab yazın