Cümə , Fevral 3 2023
Ana səhifə / Sosial / Saatı 4 manatlıq otellər: Mehmanxana, yoxsa fahişəxana?

Saatı 4 manatlıq otellər: Mehmanxana, yoxsa fahişəxana?

“Hazırda sərhədlərimiz bağlıdır və qış mövsümündə real müştəri çox az olur. Buna görə də qışda qiymətlər xeyli aşağı düşür. Ancaq Yeni ildən qabaq otellərdə müştərilərin sayı yüksəlir. Bu səbəbdən, qış mövsümüylə əlaqədar olaraq, bu fəaliyyətlə məşğul olan insanlar qiymətlərini aşağı salıb otaqlarını bir və ya bir neçə dəfə sata bilirlər. Yəni onların müştəri potensialı nəyi tələb edirsə, ona uyğunlaşdırırlar”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında otelçilik üzrə mütəxəssis Cabir Dövlətzadə deyib.

Ekspert son dövrlər dəbə minmiş ucuz qiymətli otellərin rentabelliyindən və bu tələbatın əsas səbəblərindən söz açıb.

Onun sözlərinə görə,otel otağı ya 24 saat, ya da qismi kirayələmək üçündür:

“Hər bir sahibkarın da oteli hansı şəkildə istifadə etməsinin məqsədəuyğunluğu var. Bu şəkildə də istər-istəməz qiymətlər aşağıdan yuxarıya doğru gedir. Təbii ki, bazarda xarici turist sayının az olması daxili müştərinin cəlb edilməsinə gətirib çıxarır ki, bu da istər-istəməz keyfiyyətin aşağı düşməsinə səbəb olur. Çünki xarici turistlərin tələbat standartı daha yüksək olduğu üçün onlara qarşı qiymətlər də yüksəlir. Bazarda doluluq artınca, təbii ki, qiymətlər də qalxır. Lakin bazar boş olunca, qiymətlər də böyük otellərdən başlamış kiçik otellərə doğru aşağı düşmək məcburiyyətində qalır”. 

Mütəxəssis onu da əlavə edib ki, otellərin böyük bir hissəsi icarədədir və icarə sahiblərini maraqlandıran odur ki, ödəniş vaxtında olsun:

“Təbii ki, sahibkarların da müəyyən itkiləri olur. Xüsusən də otelçilərin böyük əksəriyyəti işçilərini ixtisara salırlar. Otel sahibləri işçiləri öz gücünə məzuniyyətə də göndərə bilmirlər, çünki onun xərclərini ödəmək mümkün olmur. Xüsusən də quru sərhədlərin bağlı olması Bakıya büdcet müştərinin gəlməsinin qarşısını alır. Əgər quru sərhədlərimiz açılsa, bizim ən böyük bazarımız, Rusiya, Türkiyə və İran olacaq ki, hazırda da buradan gələn müştərilərin sayı həddən artıq aşağı düşüb. Amma Rusiyadakı müəyyən hadisələrlə əlaqədar gələnlərin sayı şəkildə artsa da, ancaq imkanı olan turistlər ölkəni tərk edə bilirlər. Lakin az büdcəli olan müştərilər, o vaxtı quru, dəmiryol, ya da dəniz nəqliyyatından istifadə edərək Azərbaycana səfər edirdilər. Bunların yolu da tamamilə bağlandığı üçün otellərdə yaranmış vəziyyət belədir”. 

Ucuz qiymətli danışan müsahibimiz söyləyib ki, otel rəhbəri müştərinin otağı istismar etməsinə qarışa bilməz:

“Yenə deyirəm, otel otaqları 24 saat və yaxud qismən kirayələndiyi üçün biz otelin 4 divarı arasında onun fəaliyyət növünü müəyyənləşdirə bilmərik. Çünki otellər yataqları kirayələməyə verirlər və onlar da ya 6, ya 12, ya da 24 saatlıq olur. Bu da baxır müştərinin və sahibkarın niyyətinə. Amma bu, o demək deyil ki, otellər daxili müştəriləri qəbul etməməlidir. Daxili müştərilərdən bizim ailə müştərilərimiz də mövcuddur. Lakin bu və ya digər şəkildə otelin fəaliyyətini özünəməxsus şəkildə yönləndirənləri qınamaq olmur. Çünki bazar boşdur və oteli işlədənlər hər nə olursa-olsun icarə pulu çıxarmaq məcburiyyətində qalır və ondan sui-istifadə edirlər”.

Həmçinin oxuyun

Sabahın hava proqnozu açıqlanıb

Fevralın 3-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı, axşama doğru tədricən kəsiləcəyi …