Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev Gürcüstana səfər edib.
Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Fərhad Tağızadə jurnalistlərə açıqlamasında bildirib ki, görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədlərinin mühafizəsi sahəsində əməkdaşlığın perspektivləri, təcrübə mübadiləsi, bu sahədə normativ-hüquqi baza, sərhəd keçid məntəqələrində vəziyyət, beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, narkotiklərin qaçaqmalçılığı, sərhəd təhlükəsizliyinə təhdidlər və s. məsələlər müzakirə olunub. Hər iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlığa dair memorandumun imzalanması barədə razılıq əldə olunub.
Görüşlərdə sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərinin də müzakirə edildiyini vurğulayan F.Tağızadə deyib: “Bu günədək sərhədlərimizin təqribən 65 faizi delimitasiya olunub. Qalan sahələr üzrə məsləhətləşmələr və müzakirələr davam edir. Bu ilin aprelində Gürcüstan ilə dövlət sərhədlərinin demarkasiyası və delimitasiyası üzrə komissiyaların görüşü keçiriləcək”.
Qeyd olunub ki, müzakirələr zamanı Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə turist axınının sürətləndirilməsinə dair 2017-ci il 20 fevral tarixli Sərəncamına uyğun olaraq, həmsərhəd ölkələr, o cümlədən Gürcüstan ilə dövlət sərhədlərinin buraxılış mənbələrindən şəxslərin sürətli keçidinin təmin edilməsi məqsədilə qarşılıqlı əlaqələndirmə fəaliyyətinin təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.