Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Sənədsiz evlər problemi nə zaman həll olunacaq?

Sənədsiz evlər problemi nə zaman həll olunacaq?

Bakı şəhəri və ətrafında təxminən 600 min sənədsiz ev var. Ev tikilir, qaz, su, işıq, kanalizasiya xətləri çəkilir,  lakin ev sahibi rəsmi sənəd əldə edə bilmir. Çıxarışların alınması müşkülə çevrilib. Pandemiyaya qədər Bakı və ətraf qəsəbələrdə təxminən 170 min ev, regionlarda isə 30 min ev inventarlaşdırılıb. Ötən il Azərbaycan ərazisində 49 min 371 fərdi yaşayış evi, 94 min 510 mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.

Bu il Alatava ərazisi, “İnşaatçılar” metrosu ətrafında tikilən evlərin söküləcəyi gözlənilir. Yasamal Rayon İcra Hakimiyyəti bir neçə ay öncə açıqlama vermişdi ki, sakinlərlə razılaşmaya əsasən, ya onlara kompensasiya ödənəcək, ya da onlar yeni mənzillə təmin olunacaqlar. Müxtəlif təyinatlı torpaqlarda evlər tikilibsə, bu zaman təyinatın dəyişdirilməsi gündəmə gələ bilər.

Kamran Bayramov: Heç bir təxribat polisimizin cəmiyyətdə olan nüfuzunu  sarsıda bilməz - AZƏRTAC

Kamran Bayramov

Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Kamran Bayramov qeyd edib ki, sənədsiz evlər Azərbaycanda çoxdur, bu da bələdiyyələrin vergi toplamasını əngəlləyir. Deputat bildirib ki, bələdiyyələrlə bağlı durum getdikcə acınacaqlı hal alır: “Bələdiyyələrin statusuna yenidən baxılmalıdır. Prezident İlham Əliyev də son çıxışlarında ölkəmizdə uğurlu idarəetmə modelinin yaradılması ilə bağlı fikirlər söyləyir. Azad edilmiş ərazilərdə Xüsusi Nümayəndəlik, Naxçıvanda yaradılan nümayəndəlik uğurlu təcrübədir. Mən əminəm ki, bu təcrübənin ölkənin bütün ərazisinə şamil edilməsi çox yaxşı olardı. Növbəti bələdiyyə seçkilərinə 2 il qalıb, islahatlar həyata keçirilməsə bələdiyyənin nüfuzu tam itəcək. Digər aidiyyəti qurumların səlahiyyəti artır, bələdiyyələr əks istiqamətdə gedir”.

Ramil Osmanlı: "Ermənistan uzun illər bizə kompensasiya ödəməyə məcbur  olacaq"

Ramil Osmanlı 

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Yeni Müsavat”a bildirdi ki, sənədsiz evlərlə bağlı məsələ uzun illərdir müzakirə olunur. Bu istiqamətdə müəyyən qərarlar qəbul olunub, qanunvericiliyə dəyişiklik edilib: “”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə edilən dəyişikliklər təəssüf ki, problemi köklü şəkildə həll etmək iqtidarında deyil.  Düşünürəm ki, bu istiqamətdə olduqca ciddi və problemi birdəfəlik həll edə biləcək qərarın, qanunvericilik aktının qəbuluna ehtiyac var. Əvvəllər bu istiqamətdə konsepsiya qəbul olunmuşdu, lakin icrası yarımçıq qaldı. Problem ildən-ilə dərinləşdiyi üçün qısa zamanda müdaxilə etməyə ehtiyac var. Bu, Nazirlər Kabinetinin, müvafiq icra hakimiyyəti orqanlarının üzərinə düşən məsələdir. Müxtəlif təyinatlı torpaqlarda inşa olunmuş yaşayış sahələri var. Bəzi hallarda torpağın sənədləri müvafiq qanunvericiliklə ev tikməyə yaxud yaşayış sahəsi qurmağa uyğun olmur. Bu problemləri həll etmək üçün vətəndaş 10 qapı döyməlidir. Zənnimcə, əvvəl qəbul edilmiş konsepsiya şəklində sənədin icrası həyata keçirilməlidir”.

Xatırladaq ki, 2011-ci ildə keçirilən müşavirədə Prezident rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə tapşırıq vermişdi. Həmin tarixdən etibarən hökumət tərəfindən bir sıra tədbirlər görülüb. Belə ki, 2015-2019-cu illərdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, sənədsiz evlərin qeydiyyatı asanlaşdırılıb. Həmin dəyişiklərin icrası nəticəsində təxminən 200 minə yaxın fərdi yaşayış evi və mənzil sənədləşdirilib. İqtisadiyyat Nazirliyi tərəfindən ölkə üzrə inventarlaşdırılma prosesi 2019-cu ilə qədər davam edib. Pandemiya səbəbindən müəyyən ləngimələr olub.

Anar Quliyev: Bakı şəhərinin Baş planının hazırlanması üçün texniki işlərə  başlanılacaq - AZƏRTAC

 Anar Quliyev

Nəzərə alsaq ki, sənədləşdirmə zamanı alınan rüsum dövlət büdcəsinə köçürülür, o zaman problemin ən qısa zamanda həll olunması prioritet olmalıdır. Yeri gəlmişkən, Bakı şəhərinin Baş Planı hazırdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Yeni Müsavat”a bildirmişdi ki, Baş Plan artıq təsdiq üçün təqdim edilib: “Yaxın vaxtlarda Baş Planın təsdiqlənməsi gözlənilir”.

Qeyd edək ki, Bakı şəhərinin Baş Planı 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə edir.  Baş Planın həyata keçirilməsinin birinci mərhələsində (2020-2027-ci illər) xüsusilə mühüm əhəmiyyət kəsb edən tədbirlər, o cümlədən ərazi zonalaşdırılması və çoxmərkəzli şəhər həlləri, əsaslı tikinti, nəqliyyat infrastrukturu, sosial təsisatlar, mühəndis-kommunikasiya sistemləri, ətraf mühitin sağlamlaşdırılması və ərazinin mühəndis hazırlığı üzrə fəaliyyətlər müəyyən edilir.

Növbəti addım olaraq, birinci mərhələdə əldə edilmiş nəticələr nəzərə alınmaqla paytaxtın dayanıqlı inkişafının və əlverişli şəhər mühitinin formalaşdırılması məqsədilə qeyd edilən istiqamətlər üzrə fəaliyyətin davam etdirilməsi və eləcə də Baş Plan çərçivəsində mənzil fondu, postsənaye dövrünün tələblərinə uyğun olaraq planlaşdırılan ictimai-işgüzar (qarışıq) zonaların, ictimai nəqliyyatın, yaşıllıqların və rekultivasiya olunan ərazilərin, mühəndis qurğularının imkanlarının Baş Planın texniki-iqtisadi göstəricilərində hesablama müddətinə nəzərdə tutulan parametrlərə çatdırılması üçün tələb olunan fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır.  

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …