Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Şəhid ailələrinə əlavə ödəniş: Qayda dəyişəcəkmi?

Şəhid ailələrinə əlavə ödəniş: Qayda dəyişəcəkmi?

Məlum olduğu kimi, prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid vərəsələrinə  11 min manat məbləğində birdəfəlik sığorta ödənişlərinin edilməsinə başlayıb. Amma bu məsələ ilə bağlı yaranan problem ictimaiyyətin narazılığına səbəb olub.Sərəncamda 1991-1997-ci illərdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən, həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların varisləri nəzərdə tutulsa da, sığorta ödənişinin edilməsi şəhid varislərinin hamısını əhatə etmir.Çünki bəzi varislərə Dövlət Sığorta Şirkəti tərəfindən 50 000 manat və ya 500 min rubl ödəniş edilməsi üzə çıxıb.

Şəhid varisləri həmin məbləği almadıqlarını bildirsələr də, həm Nazirlik, həm də sığorta şirkəti  müvafiq siyahı dərc edərək, şəhid vərəsələrinə sığorta ödənişlərinin edildiyini açıqlayıb.

Qeyd edək ki, həmin ödənişlər 1992-1997-ci illərdə edilib və bu məbləğ həmin dövr üçün də böyük vəsait hesab olunmayıb.Həmin pulun indiki məbləğlə 20-100 dollar arasında bir vəsait olduğu bildirilir.Aydındır ki, bu məbləğ 11 min manatla müqayisədə çox cuzidir.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin aprel ayında imzaladığı Sərəncama əsasən, sözügedən məbləğin verilməsi əvvəllər sığorta ödənişi almayanlara şamil edilir:

“Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən, barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir”.Bu baxımdan da müvafiq Nazirliyin addımının qanunazidd olduğunu iddia etmək doğru olmazdı.Çünki, ƏƏSMN və Dövlət Sığorta Şirkətinin açıqlamalarına görə, şəhid ailələri sığorta ödənişi alıblar.Amma bunun məbləğinin indiki sığorta haqqına müvafiq olmaması bəzi şəhid varislərin haqlarının pozulması kimi anlaşılır.

Bəs, hər iki məbləği indeksləşdirərək, arada olan fərqin şəhid varislərinə ödənilməsi yolu ilə problemi həll etmək olarmı?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cumhuriyət” qəzetinə verdiyi açıqlamasında bildirib ki, Prezident Fərmanından irəli gələn müəyyən öhdəliklər var:

 

“Çünki, daha bu məsələ Fərmanla icra olunur və sığortası olmayanlara şamil edilir. Bildiyimə görə, artıq siyahılar tamamlanmaq üzrədir.Bəzi ödənişlərin edildiyi və bu prosesin da sürətləndiriləcəyi haqda məlumatlar var. Sığortası olanlar və indiki məbləğə adekvat olmayan ödəniş alanların məsələsinə gəldikdə isə bunun üçün ya Nazirlər Kabinetinin qərarına, ya da Prezident Fərmanına əlavəyə ehtiyac var. Sığorta şirkətlərinin hər hansı bir formada bu problemi həll etmək imkanları yoxdur.Ona görə də indeksləşmə ilə bağlı ya Nazirlər Kabineti prezident fərmanından irəli gələn məsələlərin həlli üçün xüsusi bir qərar verməlidir, ya da ikinci Fərmanı və ya Fərmana əlavə imzalanmalıdır ki, bu Nazirlər Kabinetinin qərarından da üstün olardı”.

İqtisadçı deyir ki, bu zaman sığorta şirkətlərinə də müəyyən güzəştlər olmalıdır ki, onlar bu indeksləşdirməni həyata keçirə bilsinlər:

“Bu vergi güzəştləri və ya başqa ödənişlərdə güzəşt ola bilər. Qarşılıqlı maraqların təmin olunması ilə bu problem çözülə bilər.Çünki, indeksləşdirmə sırf sığorta şirkətlərinin üzərində qalsa, inanmıram ki, onların daxili vəsaiti bunun həyata keçirilməsinə imkan verər və ya onlarda bu indeksləşdirməni həyata keçirmək üçün maraq yaranar”.

Natiq Cəfərli deyir ki, vaxtilə sığorta ödənişi almış şəhid ailələri hamı üçün müqəddəs anlayışdır:

“Ərazilərimizin müdafiəsi üçün canlarını fəda etmiş insanlar qarşısında həm dövlətin, həm də bizim vətəndaş olaraq borcumuz var. Onların sayı o qədər çox deyil. Düşünürəm ki, böyük bir vəsaitə də ehtiyac yoxdur.Burada külli miqdarda vəsaitdən söhbət getmir.Bir neçə milyon manatdan söhbət gedə bilər ki, neft qiymətlərinin indiki yüksək olduğu bir dövrdə bu məbləğin heç bir çətinlik çəkilmədən Nazirlər Kabinetinin və ya Prezidentin Ehtiyat Fondundan ödənilməsi mümkündür”.

İqtisadçı hesab edir ki, bu məsələyə ictimai diqqət böyük olacaqsa və vaxtilə sığorta almış və indi də kompensasiya haqqı olan insanların tələbləri mütəmadi olaraq, ictimaiyyətin nəzərinə çatdırılar və gündəm yaradılarsa, Nazirlər Kabineti və Prezident Aparatı da müsbət qərar verə bilər.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da hesab edir ki, dövlət tərəfindən problem həll olunmalıdır:

 

“O dövrdə “beş şirvan” verib və bunun kompensasiya hesab olunması doğru deyil. Ümumiyyətlə, insan şəhid olub və onun həyatının qiyməti yoxdur.Bu məsələni bu şəkildə bayağılaşdırmaq doğru deyil.Bu, şəhidə hörmətsizlikdir.Şəhid ailələrinə bu məbləğ verilməlidir, qeyd-şərtsiz, birmənalı şəkildə hamıya verilməlidir.Əvvəl alınan məbləği sığorta hesab etmək də olmaz.Hökumət bu məsələdə qərarına düzəliş etməlidir”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …