Dövlət Sərhəd Xidmətinin rəisi və Dövlət Gömrük Komitəsinin sədri
yenidən gömrük-sərhəd buraxılış məntəqələrindən birində görüşüblər.
Yenidən sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsini
müzakirə ediblər.
Son
dövrlərdə bu iki qurumun generalları bir neçə dəfə eyni məqsədlə
müxtəlif gömrük-sərhəd buraxılış mətəqələrində görüşüblər. Bununla bağlı
cumhuriyyet.az olaraq bildirək ki, son zamanlar buraxılış
məntəqələrində DGK tərəfindən müəyyən islahatlar aparılsa da, bəzi
neqativ hallar aradan qaldırılaraq müsbət irəliləyişlər əldə olunsa da
keçid prosesini sürətləndirmək mümkün olmayıb. Bu da DGK və DSX
paralelçiliyi ilə bağlıdır.
Gömrük sistemi Sərhəd Xidmətinə uduzur
Artıq
hamı bilir ki bu iki qurum arasında sərhəd və gömrük
rəsmiləşdirilməsinin sadələşdirilməsi ilə bağlı ciddi ziddiyyətlər var.
Bu ziddiyyətlər bəzi hallarda hətta bu iki qurumun buraxılış
məntəqələrindəki rəhbərləri arasında qarşıdruma səviyyəsinə gəlib çatıb.
Əslində, bu ziddiyyətlər də qanunvericilikdəki boşluqlardan
qaynaqlanır. Yenə də hər iki qurumun paralel yoxlamaları, hər iki
qurumun eyni məlumatları paralel olaraq özəl informasiya sistemlərinə
daxil etmələri davam edir. Məsələn bildirək ki, avtomobillərə həm DGK
baxış keçirir, həm də DSX, pasport və avtomobilin tex pasport
məlumatlarını müxtəlif informasiya sistemlərinə həm DGK daxil edir və
həm də DSX. Hələ də bu iki qurum arasında informasiya sistemlərinin
inteqrasiyası yoxdur. Yəni, sərhəd-buraxılış məntəqəsində, bir Pəncərə
deyil, iki Pəncərə var. Fikrimcə, sərhəd və gömrük rəsmiləşdirilməsinin
sadələşdirilməsi üçün qanunvericilik yenidən işlənməlidir. İndiki halda
artıq məlumdur ki, mövcud hüquqi baza ilə keçid prosesinin
sürətləndirilməsində bundan artığına nail olmaq mümkünsüzdür. Eyni
zamanda cumhuriyyet.az hakimiyyət mətbəxinə yaxın mənbələrə istinadən
bildirir ki, Sövlət Sərhəd Xidməti həm rəhbərliyin, həm də qurumun
özünün üfuzu baxımdan Dövlət Gömrük Komitəsini xeyli şəkildə üstələyir.
Bu isə müvcud ikitirəlikdə üstünlüyün general Elçin Quliyevin
idarəçiliyinə veriləcəyi qənaətini yaradır. Bu arada cumhuriyyet.az
olaraq Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev haqda media
üzərindən apardığımız araşdırmalarda da maraqlı məlumatlara rast gəldik.
Generalın kolxozdan başlayan fəaliyyəti
General-leytenant
Səfər Mehdiyev 12 ildən artıq idi ki Dövlət Gömrük Komitəsi sədrinin
birinci müavini postunu tuturdu. Gömrük xidməti general-leytenantı
1973-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm
kəndində anadan olub. 1998-ci ildə Türkiyənin EGE Universitetinin
Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirib. Əmək fəaliyyətinə
1990-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kənd kolxozunda
başlayıb. Bir müddət sonra isə gömrük sistemində işə keçib. 1999-2004-cü
illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif
və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi
şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi,
həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb. Tezliklə
S.Mehdiyevin bu sistemdə vəzifə pilləsi daha da böyüyüb. O, 2004-cü ilin
fevral ayından 2006-cı ilin fevral ayına qədər Dövlət Gömrük Komitəsi
sədrinin müavini vəzifəsində işləyib. 2006-cı ilin fevral ayından Səfər
Mehdiyevə daha yüksək etimad göstərilib və o, komitə sədrinin birinci
müavini vəzifəsinə, 2018-ci ilin fevralında isə Dövlət Gömrük
Komitəsinin sədri postuna təyin olunub.
Qaranlıq keçmış və ya Komitə necə işğal olunub?
Səfər
Mehdiyev Gömrük Komitəsinin birinci müavini olduğu müddətdə əlindəki
geniş imkanlardan istifadə edərək özünün bütün yaxın-uzaq qohumlarını
işlə təmin edib. Yəni demək olar ki, DGK başdan-başa onun qohumlarından
ibarətdir. Bildirilənə görə, Dövlət Gömrük Komitəsinə işə qəbula Səfər
Mehdiyevin qayınatası Qulu Tarquliyev rəhbərlik edir. Yeri gəlmişkən
bununla bağlı cumhuriyyet.az olaraq yerli mediuada gedən bir məlumatı
olduğu kimi diqqətinizə çatdırırıq: “Səfər Mehdiyevin qaynatası
zamanında mərhum prezident, ulu öndər Heydər Əliyevə qarşı səngərdə yer
alıb. 1991-ci ilin sentyabrın 3-də keçirilmiş Naxçıvan MR Ali Məclisinin
sessiyasında Heydər Əliyev Naxçıvan Muxtar Respublikanın rəhbəri
seçildi. Həmin dövrün stenoqramasına baxılarsa, Qulu Tarquliyev mərkəzin
tapşırığı ilə Heydər Əliyevə ”sən xalqa bəla gəlmisən” dediyi sözlərin
şahidi olarıq. Bu gün Qulu Tarquliyevin övladları Əli Tarquliyev, Zeynal
Tarquliyev, İlham Tarquliyev Gömrük Komitəsində müxtəlif vəzifələr
tutmaqla qısa müddət ərzində bahalı maşınlar, dəbdəbəli villalar
sahibidirlər”. Yazılanlara görə, Səfər Mehdiyevin qardaşları, bacısı
övladları yüksək vəzifələrdə çalışırlar. Əksəriyyəti guya Gömrük
Komitəsinə test üsulu ilə qəbul olunublar. Hətta iddia olunur ki, Səfər
Mehdiyevin bacısının əri də Gömrük Komitəsində meydan sulayır, orta
təhsillidir, heç bir savadı yoxdur.
Kapital xəritəsi
Zamanında
qaynı İlham Tarquliyevi «Gilan» Holdinqdə inşaat sahəsinin maliyyə
idarəsinin başına gətirən Səfər Mehdiyev qohumunu böyük talandan sonra
oradan kənarlaşdırdı. Bununla bağlı cumhuriyyet.az olaraq media
üzərindən apardığımız araşdırmalarda rastlaşdığımız məlumatlara görə
səbəb İlham Tarqluiyevin yol verdiyi böyük yeyintiləri olub: “Əgər
Kəmaləddin Heydərovun bundan xəbəri olsaydı, İlham Tarqluiyev Səfər
Mehdiyevin əli ilə təkrar olaraq vəzifəyə gətirilə bilməzdi. Beləcə
qohumunun cinayətlərinə rəğmən yenidən Səfər Mehdiyev qaynını fövqəladə
hallar nazirliyinin tikinti şöbəsinə rəis gətirdirir”. Həmin
məlumatlarda bildirilir ki, bu vəzifəyə keçəndən sonra İlham
Tarquliyevin yeni talanları başlayır. Belə ki, zəlzələ, sel fəlakətləri
zamanı dövlət büdcəsindən ayrılan milyonlarla vəsaiti xırıd edən İlham
Tarqluiyev bunun müqabilində özünə böyük sərvət toplayır. Bu gün də
talan davam etməkdədir. Bundan əlavə, Səfər Mehdiyev İlham Tarquliyevlə
ortaq tikinti şirkəti yaradıb ki, bu gün də gömrüyə aid tikinti işləri
onların şirkətinə verilir. Tendersiz, filansız…
Ət monopoliyasında bacanaq
Yeri
gəlmişkən qeyd edək ki, S.Mehdiyev ölkədə monopoliyalarla bağlı əsas
sorumlulardan biri hesab olunur. DGK-dakı bütün bölgüləri və alış-verişi
də o, özü aparır. S.Mehdiyev haqqında səslənən iddialardan biri isə
odur ki, Hindistandan ölkəmizə gətirilən bütün ət məhsulları onun
monopoliyasındadır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan
məlumatlara görə, hazırda bazarda Hindistandan mal ətinin idxalı və
satışı ilə S.Mediyevin yaxın adamı olan Gündüz adlı şəxs məşğul olur.
“Babək” və “Orxan” şirkətlərinin sahibi olan Gündüz adlı bacanaq
Hindistandan ölkəmizə idxal olunan ətlərinin monopolistidir. Bu gün
Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları
gətirə bilməz. Bu ət inhisarını isə ona bacanağı Səfər Mehdiyev hədiyyə
edib. Adı çəkilən Gündüz həm də S.Mehdiyevin doğma bacanağıdır. Eyni
zamanda Binəqədinin sabiq icra başçısı Xaləddin İsgəndərovla quda olan
Gündüz Xırdalandakı ət-toyuq idxalı müəssisəsinə rəhbərlik edir.
Gündüzün oğlu isə Sumqayıtdakı tekstil fabrikinin başında durur.
Başqa bir bacanaq da iş başında
S.Mehdiyevin
digər bacanağı Azər isə Azərbaycana gətirilən avtomobil mühərriki
yağlarını monopoliyasına alıb. O, həmçinin, böyük transport şirkətinin
sahibidir. Bu şirkət isə Azərbaycana elə adamların yüklərini gətirir ki,
həmin adamlar gömrükdə kimə nə qədər rüşvət verəcəklərini əvvəlcədən
bilirlər. Bu şirkət gömrükdə haqqını tələb edən heç kimin malını ölkəyə
gətirmir. Bir neçə dəfə tanımadığı müştərilərin yüklərini daşıyan şirkət
rəhbərliyi gömrükdə onların haqq tələb etməsinin və rüşvət verməkdən
imtinasının ardından bu cür müştərilərlə işləməkdən vaz keçiblər.
Görünən
odur ki, dövlətin aidiyyatı qurumları S.Mehdiyevin gömrük sistemindəki
bu maxinasiyalarına son qoymasa, onun bu cür qanunsuzluq və korrupsiya
fəaliyyətləri hələ uzun illər də davam edəcək. Onun ölkəyə gətirilən
viskilərin idxalına nəzarəti Mircavad adlı şəxsə həvalə etməsini barədə
geniş araşdırmamız olacaq. Həmçinin, Mircavad adlı həmin şəxsin sahibi
olduğu marketə işçi götürərkən, baş verən bir sıra ilginc məqamlar
barədə məlumat verəcəyik. Qeyd edək ki, həmin işəgötürmə prosesi baş
tutmasa da, Mircavad o hadisədən sonra 4 polisin müşaiyəti altında
gəzir.
Görəvdən alınır?
Dövlət
Gömrük Komitəsinin sədri postuna təyinat aldığı ilk günlərdən daha çox
intriqabazlığı ilə diqqətə gələn və “dövlətin gömrük islahatları” adı
altında özünün şəxsi maraqlarını yürüdən Səfər Mehdiyevv deyəsən, yolun
sonuna gəlib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan informasiyada
qeyd olunur ki, DGK sədri postunda ya dəyişiklik ediləcək, ya da qurumun
birdəfəlik ləğv edilərək səlahiyyətlər Elçin Quliyevin rəhbərlik etdiyi
Dövlət Sərhəd Xidməti və Mikayıl Cabbarovun rəhbərlik etdiyi Vergilər
Nazirliyi arasında bölünəcək. Mənbənin söylədikıləri: “Hər iki versiya
müzakirədədir. Səfər Mehdiyev ona həvalə olunan işin öhdəsindən gələ
bilməyib. İndi hətta durumu daha da gərgin ola bilər. Çünki köhnə
himayədarları da artıq onu müdafiə etmirlər”.
Qeyd
edək ki, mənbə qərarın qısa müddətdə veriləcəyini bildirir. İddia
olunanlarla bağlı DGK-dan hər hansı rəy ala bilməsək də, qarşı tərəfin
münasibətini yaymağa hər an hazırıq. Əlavə bilgilərimiz olacaq. Bizi
izləməkdə davam edin…
Həmçinin oxuyun
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi
Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …