Fevralın 18-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən
“Sədərək” Ticarət Mərkəzində yanğın baş verdi. Fövqəladə Hallar
Nazirliyinin rəsmi açıqlamasında bildirilib ki, “112″ qaynar telefon
xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən
”Sədərək” Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub.
Dərhal
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə
Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və
Aviasiya Dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub:
“İlkin
məlumata əsasən, yanğın ayaqqabı satışı mağazalarında baş verib. Yanğın
600-700 kvadratmetr sahəni əhatə edib. Yanğın saat 08:57-də
məhdudlaşdırılıb, saat 09:05-də söndürülüb”.
Baş
verən yanğında 20 mağazaya ziyan dəyib. Axar.az saytına açıqlamasında
ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyib ki, yanğın 1000
kvadrat metri əhatə edib: “Yanğın səhər saatlarında başlayıb. Həmin
sırada ayaqqabı və paltarlar satılırdı. Yanğın hazırda söndürülüb və
səbəbi araşdırılır. İlkin ehtimala görə, hadisə elektrikdə qısaqapanma
səbəbindən baş verib”.
K.Qədim
onu da bildirib ki, zərərçəkən sahibkarlara ticarət mərkəzinin
rəhbərliyi tərəfindən yardım göstəriləcək: “Yanan mağazaların bəzisinin
sığortası da var. Rəhbərlik zərərçəkən sahibkarları yeni anbarlarla və
mağazalarla təmin edəcək. Yanan mağazalar isə bərpa ediləcək.
Sahibkarlara imkan daxilində köməklik də göstəriləcək”.
Hadisə
şahidlərinin sözlərinə görə, ticarət mərkəzinin birinci cərgəsindəki
mağazaların birinin tavanında başlayan yanğın qısa müddətdə qonşu
mağazalara keçib.
Rəsmi
məlumatlara görə, yanğınla əlaqədar qərargah yaradılıb. Sığorta şirkəti
hadisə yerinə gəlib və sığortası olan mağazalarda dəymiş ziyanın
müəyyənləşdirilməsi üçün işlərə başlayıb.
Fövqəladə
Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) şöbə
rəisi Elnur Babayev modern.az saytına açıqlamasında bildirib ki, baş
verən yanğının genişlənməsinə səbəb mağazalar arasında arakəsmələrin
olmamasıdır:
“İri
obyektlərdə avtomatik siqnalizasiya sistemi quraşdırılmalıdır.
”Sədərək” Ticarət Mərkəzinə xəbərdarlıq olunub. 2019-cu il ərzində bir
neçə məktubumuz göndərilib. Hətta ticarət mərkəzində Dövlət Yanğından
Mühafizə Xidmətinin Dövlət Yanğın Nəzarəti Xidmətilə birgə şərti yanğın
təlimi də keçirilib. Mövcud nöqsanlar barədə aktlar tərtib olunaraq,
yenidən rəsmi məktubla obyektin rəhbərliyinə müraciət edilib. Amma
görünən odur ki, mövcud yanğınla bağlı dəfələrlə edilmiş müraciətlərə
baxmayaraq, müsbətə doğru dəyişiklik qeydə alınmayıb. Eləcə də belə iri
ticarət mərkəzlərində vacib və normativ sənədlərin tələbi olan odur ki,
tikinti zamanı bina yanğına qarşı sədlərə bölünməlidir. Mağazalar
bir-birindən arakəsmə sədlərlə, divarlarla ayrılmalıdır. Təəssüf ki,
mağazaların böyük əksəriyyətinin divarları bitişikdir. Bu da yanğının
tez bir zamanda yayılmasına təkan verir. Vacib olanı mağazalar yanğına
qarşı arakəsmə divarla ayrılmalıdır ki, digər hissəyə keçməsin”…
Daxili
İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb ki, “Sədərək” Ticarət
Mərkəzində baş verən yanğın zamanı polis əməkdaşları da
yanğınsöndürənlərlə birgə alovun qarşısının alınmasında iştirak ediblər.
Bildirilib ki, hadisə zamanı polis əməkdaşları sahibkarların əmlakının
təhlükəsiz yerə çıxarılmasında və mühafizə olunmasında kömək edib.
Son
zamanlar Azərbaycanda ticarət mərkəzlərində bu kimi yanğınlar tez-tez
baş verir. Sonuncu dəfə ən böyük yanğın “EuroHome” tikinti materialları
bazarında baş vermişdi. Hadisə nəticəsində demək olar ki, bazardakı
bütün mağazalar yanaraq külə çevrilmişdi. Bu yanğından öncə isə “Diqlas”
Ticarət Mərkəzi kül oldu. “Diqlas”ın ümumi sahəsi 17 559 kvadratmetr
idi. Yanğın zamanı sahibkarlara xeyli ziyan dəydi. Lakin zərərin bir
qismi dövlət tərəfindən ödənildi. Belə ki, ölkə prezidentinin sərəncamı
ilə dövlət tərəfindən ayrılan maddi yardımdan mağaza, anbar icarəyə
götürmüş zərər çəkmiş sahibkara – 10000 manat, piştaxta və digər sahə
icarəyə götürmüş zərər çəkmiş sahibkara 2000 manat ödənildi. “Diqlas”dan
öncə Qara Qarayev prospektində yerləşən “X-lady” və “Ağ çiçəyim”
mağazalarında da ayrı-ayrı günlərdə yanğın baş verdi. Hər iki mağazadakı
yanğının baş vermə səbəbi kimi qısa qapanma göstərildi.
Hazırda
Azərbaycanda aktiv siyasi dönəm yaşanır. Həm islahat layihələri həyata
keçirilir, həm də növbədənkənar parlament seçkiləri ətrafında
müzakirələr aparılır, narazı namizədlər etiraz aksiyaları keçirirlər.
Ekspertlər
tərəfindən bütün bunlar ölkədə demokratiyanın göstəricisi kimi təqdim
edilir. Belə olan təqdirdə ölkə daxilində və yaxud da xaricində olan hər
hansı bir qüvvələrin bu kimi yanğınlarda əli ola bilərmi?
Durumu
təhlil edən politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında bu
kimi yanğınlarda qəsdin olduğunu istisna etməyib. Politoloq hesab edir
ki, hadisələr ölkədə aparılan siyasi hadisələrlə əlaqəli olmasa da,
müəyyən qüvvələrin işinin nəticəsi kimi baş verə bilər:
“Ticarət
obyektlərinin hamısında, xüsusilə də məşhur olan, çeşidli mallar satan
ticarət mərkəzlərində baş verən yanğınlarda qəsd xarakterli hərəkətlər
var. Çünki həmin yanğınlara diqqət etsək görərik ki, bunların hamısı
geniş miqyasda baş verir. Eyni zamanda onun söndürülməsi işi də çox ləng
aparılır. Məsələn, Sumqayıt yolu üzərində yanğın baş verdi. Ancaq
sonradan məlum oldu ki, yanğına səbəb qısa qapanma deyil. Bunların
hamısı qəsd xarakterli hadisələrdir. Ona görə də belə demək mümkündür
ki, ”Sədərək” Ticarət Mərkəzində baş verən yanğın da qəsd xarakterli
hadisədir. Tez-tez yanğınları görürük. Ancaq hesab edirəm ki, bunun
ölkədə yeridilən siyasətlə heç bir əlaqəsi yoxdur. Bu, sadəcə olaraq,
ticarətin öz daxilində müxtəlif rəqabət aparan qüvvələr arasında meydana
gələn hadisələrdən qaynaqlana bilər”, – deyə politoloq bildirib.
Azərbaycanda
qış aylarında təkcə ticarət mərkəzləri deyil, eyni zamanda kiçik
obytektlərdə, evlərdə də yanğınlar baş verir. Ekspertlər bu kimi
hadisələri qəsdlə deyil, ehtiyatsızlıqla əlaqələndirirlər.
“Yeni
Müsavat”a açıqlamasında ekspert Nüsrət Qasımov bildirib ki, bəzi
insanlar qaz və elektriklə necə davranmağı hələ də bilmirlər:
“Əsas
problem odur ki, naqilləri düz seçə bilmirik. İlk növbədə elektrikin
yükü müəyyən olunmalıdır ki, içəridə neçə voltluq cihazlar qurulacaq.
Onların hamısını nəzərə alıb, artıqlaması ilə naqillər seçilməlidir.
Bütün bu proseslərdən sonra işıq xəttinə qoşulan zaman dövlət
komissiyası onu qəbul etməlidir. İş prosesində həmin naqillərin
yükgötürmə qabiliyyətinə uyğun olan cihazlardan istifadə edilməlidir.
Əgər yükdən artıq quraşdırma olarsa, kabellər gücə düşür və qısa qapanma
əmələ gəlir, yanğın olur. Obyekt tikilən zaman hər bir tikilinin
qarşısında, insanların kütləvi yığışdıqları yerlərdə yanğın qolları
qoyulmalı, anbarlar yaradılmalıdır. Əks halda, yanğınsöndürənlər gedib,
iki saat su axtarırlar. Onlar gələnə qədər də obyekt külə dönür.
Həmçinin obyektin içərisində plakatlar asılıb, maarifləndirmə işləri
aparılmalıdır. Yanğın şitlərinin yanında bütün lazımi avadanlıqlar
yerləşdirilməlidir. Bundan da əlavə obyektdə siqnalizasiya
quraşdırılmalıdır. Tüstü olan zaman bu qurğular işə düşür və hətta adi
insanlar da yanğın genişlənməmiş, qarşısını alırlar. Azərbaycanda əksər
obyektlərdə sadaladıqlarıma əməl edilmir”.
Sonda
onu da qeyd edək ki, konkret olaraq “Sədərək” Ticarət Mərkəzi
təhlükəsizlik qaydalarına riayət olunan AVM-lərdən hesab olunur. Burada
indiyədək lokal yanğınlar əsasən ehtiyatsızlıqdan baş verib. Bundan öncə
baş verən bu kimi yanğınlar zamanı ticarət mərkəzinin rəhbərliyi
tərəfindən zərər görmüş sahibkarlara güzəştlər edilib, kompensasiya
ödənilib.
“Yeni Müsavat”
Həmçinin oxuyun
Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO
Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …