Şənbə , Yanvar 23 2021
Ana səhifə / Sosial / Sərdar Cəlaloğlunun agent ittihamına Rəhim Qazıyevdən cavab

Sərdar Cəlaloğlunun agent ittihamına Rəhim Qazıyevdən cavab

“Əlində sübut varsa… ortaya qoysun, diz çöküb ondan üzr istəyərəm”

ADP sədri Sərdar Cəlaloğlunun “Yeni Müsavat”ın ötən sayına verdiyi geniş müsahibədə səsləndirdiyi bəzi fikirlər geniş müzakirələrə səbəb olmaqla yanaşı, qalmaqal yaradıb. Partiya sədri son zamanlar ruspərəst qüvvələrin Azərbaycanda fəallaşması ilə bağlı suala cavab verərkən, sabiq baş nazir Surət Hüseynovun, eks-prezident Ayaz Mütəllibovun və keçmiş müdafiə naziri Rəhim Qazıyevin adlarını çəkib.

S.Cəlaloğlu bu və digər şəxslər vasitəsilə Kremlin rəsmi Bakıya təzyiqlər edəcəyinin anonslarını verib. Adı çəkilən şəxslərdən R.Qazıyev qəzetimizə müraciət edərək, cavab haqqı istəyib.

Biz də bu haqqı ona tanıdaraq, keçmiş müdafiə nazirinin dediklərini təqdim edirik:

“Müsahibəni oxudum və çox təəccübləndim. Allahdan, Qurandan insanlara moizə oxuyan, düzgün olmağı təbliğ edən bir siyasətçi, partiya sədri başqasının ünvanına əsassız şayiələri həqiqət kimi millətə sırımaz. Ayaz Mütəllibov, Surət Hüseynov və mənim adımı çəkərək, bizi ruspərəst qüvvələr kimi təqdim edir. Surət Hüseynovun da, Ayaz Mütəllibovun da dili-ağzı var. Onlar özləri cavab verərlər. Özünə, sözünə sıxışmayan Sərdar Cəlaloğlu ünvanıma hansı əsasla ruspərəst qüvvə deyir? Əgər əsası varsa, ortaya qoysun. İnanclı insan başqasına əlində olmayan faktı həqiqət kimi deməz.

Deyir ki, ruspərəst qüvvələr Azərbaycanda fəallaşır. İndiyə qədər bilmirdim ki, nəyisə danışmaqdan ötrü özündən çox razı olan, dünyanın bütün elmlərindən xəbərdar olan Sərdar Cəlaloğludan icazə almalı idim. Bir insan kimi fikirlərimi yazmışam, yazıram və yazacağam da. Mən partiya sədri deyiləm, sadəcə, bir vətəndaş kimi düşüncələrimi yazmışam və müraciət etmişəm. Digər tərəfdən, mənə də Sərdar Cəlaloğlu barədə gəzən şayiələri danışıblar, həqiqət kimi çatdırıblar. İndiyə qədər onun heç birini deməmişəm. Bu gün də onları demək üçün əlimdə heç bir fakt yoxdur. O məndən ötrü o qədər də vacib persona da deyil.

Amma hər halda Sərdar Cəlaloğlunun müqəddəs Qurani Kərimin surələrinin birində olan mənfi obrazlardan biri olduğu barədə böyük şayiələr gəzir. Hətta iqtidarın əlində onun barəsində video-süjet də var. Yaxşı olar ki, o bu barədə danışsın yaxud fikirləşsin. Mən müdafiə naziri olmuşam. Vəzifədə olduğum dönəmdə – yəqin indiki gənclər bilmirlər – Azərbaycanda yerləşən keçmiş sovet ordusunun hərbi hissələrinin hamısı birbaşa Rusiyaya tabe idi. Müdafiə naziri kimi Rusiyanın müdafiə naziri ilə əlaqə yaratmışam. Keçmiş sovet ordusunun hərbi hissələrinin ölkəmizdən çıxarılması üçün onlarla münasibət yaradıb, bu işə də nail olmuşam. Bundan sonra kim nə danışır danışsın, amma həqiqətləri desin. Lakin bunları Rusiyanın agenti, adamı kimi dilə gətirmək ibadət əhli olan bir kişiyə yaraşmaz. Faktı varsa, ortaya qoysun, diz çöküb ondan üzr istəyərəm.

Sən millətin prezidenti olmaq istəyirsən. Vətəndaşın haqqında konkret faktın varsa, ortaya çıxar. Yoxsa vətəndaşı qaralayıb, millətin qarşısında şər-böhtanlara məruz qoyma. Böhtan demək özünə hörmət edən ləyaqətli, adi insana yaraşmır, nəinki partiya sədrinə. Mənim Rusiya, yaxud hansısa ölkənin agenti olmağım barədə əlində nəsə varsa, mən millət qarşısında ondan üzr istəməyə hazıram. Özünə hörmət edən insan əmin olmadığı bir faktı başqasının adına həqiqət kimi sırımaz. Kimin haqqında mən nəsə deyirəmsə, ortaya nəyisə qoymağı da bacarmalıyam.

Mənim bir vətənim var, bir də möhtərəm xalqım. Özüm də bu xalqın içərisində yaşayıram, övladlarım da. Heç yerdə işləməyə-işləməyə, o övladlarım nə xarici ölkədə təhsil alıblar, nə də orada yaşamırlar. Hər halda Sərdar Cəlaloğlu bilməlidir ki, mən hara, nəyi deyirəm”.

Həmçinin oxuyun

Cərimələr silinir, plyonkaya icazə verilir

“İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklər müsbət addımdır. Biz neçə ildir ki, bu barədə təklif …

Bir cavab yazın