Bazar , Noyabr 29 2020
Ana səhifə / Sosial / “Şərəfsizlik öz ölkəsinə qarşı agent təyin olunmaqdır” – Fazil Mustafanın növbəti ittihamına sərt reaksiyalar

“Şərəfsizlik öz ölkəsinə qarşı agent təyin olunmaqdır” – Fazil Mustafanın növbəti ittihamına sərt reaksiyalar

BQP sədri, deputat Fazil Mustafa ilə ADP sədri Sərdar Cəlaloğlu və VİP sədri Əli Əliyev arasında son günlərdə yaranan qarşıdurma davam edir. Partiya sədrlərinin qarşılıqlı ittihamları havada uçuşur.

Əgər BQP və ADP rəhbərləri arasındakı dava daha çox tarixi şəxsiyyətlərlə bağlı idisə, Ə.Əliyev və deputat arasındakı qalmaqal tamam fərqli məsələdir. VİP sədrinin müavini, jurnalist Cavid Cabbarlının deputatın vaxtilə ölkə iqtidarı barədə dediklərini sosial şəbəkələrdə yayması hər iki partiyanı üz-üzə gətirib.

Deputat rəqiblərini açıq şəkildə İrana işləməkdə, oradan təlimat almaqda suçlayır. Deputatın səsləndirdiyi ittihamlarda hazırda rəhbərliyi həbsdə olan Azərbaycan İslam Partiyasının (AİP) da adı keçir. Buna səbəb də C.Cabbarlının vaxtilə AİP-in mətbuat xidmətinin rəhbəri olmasıdır.

F.Mustafa mediafax.az-a verdiyi son açıqlamasında “odun üzərinə benzin töküb”: “Ruhaninin Ermənistana məlum səfərinə etirazlarımızdan sonra adama təpiniblər ki, illərdir nəyə oturtmuşuq səni orada, niyə səsin çıxmır, bu boyda ölkəni ittiham altına alırlar. Bu da cavab verməyə məcbur kimi görünür sanki. Hətta ədəbsizlik gör nə həddə çatıb ki, vaxtilə İslam Partiyasında bu ölkənin maraqlarını tapdalayan bu ünsürlər az qala bizdən hesabat istəməyə başlayıblar. Cavid Cabbarlı gələcəyin Tale Bağırzadəsidir, bunu qeyd edin, gələcəkdə daha aydın görəcəksiniz. Mövsüm Səmədovun haqq davası apardığını bəyan edən bir şəxs Azərbaycan sevgisi daşıya bilməz. Mənim yazılarımın da hamısının altında imzam var, indiyədək də heç birindən imtina etməmişəm. O zaman biz iqtidara da, Heydər Əliyevə də düşmən münasibət bəsləyirdik, ona görə də elə bilirdik Azərbaycanı dağıtmaq istəyir, sonradan isə Cavid Cabbarlı kimi separatçı zehniyyətə sahib insanların necə çoxaldığını görəndə anladıq ki, Heydər Əliyev həqiqətən böyük şəxsiyyətdir, hansı vasitələrlə olursa-olsun, bu ölkənin parçalanmasına yol verməyib. Ən böyük şərəfsizlik öz ölkəsinə qarşı agent təyin olunmaqdır, bir çoxları bu ləkəni heç vaxt silə bilməyəcəklər”.

C.Cabbarlı “Yeni Müsavat”a açıqlamasında şəxsinə yönəlik ittihamlarla bağlı bunları dedi: “Fazil Mustafanın şəxsiyyətinə qarşı elə də ciddi bir ittihamım, qərəzim yoxdur. Sadəcə, ictimai-siyasi fəaliyyəti və davranışlarından burada söhbət gedir. Mən bir partiyada sədr müavini, o da partiya sədridir. İndiki vəziyyətdə sual ünvanlamalı bir şəxs varsa, o da Fazil Mustafadır. 2005-ci ilə qədər hakimiyyəti ağır ittihamlarla təhqir edən bir şəxs həmin zamandan indiyə qədər deputat kürsüsündə əyləşib. İstədiyi adama istədiyi ittihamı, böhtanı atır, hətta zor dilində də danışa bilir. Bu o anlama gəlməməlidir ki, biz indiki hakimiyyətin keçmişini və indiki siyasətini tərifləyirik. İqtidarı tənqid edən kifayət qədər yazılarım, açıqlamalarım var. O, hər açıqlamasında məni başqa ölkənin kəşfiyyatına işləməkdə ittiham edir. Amma bir fakt deyim ki, indiyə qədər heç vaxt İranın Bakıda keçirdiyi rəsmi tədbirlərə dəvət almamışam. Lakin Fazil Mustafa belə tədbirlərin hər birində, xüsusilə İranın müstəqillik günü ilə bağlı buradakı tədbirlərində iştirak edib. İnternetdə kiçik bir araşdırma aparmaq dediklərimin doğru olduğunu sübut edir. O unudur ki, illər öncə onun Fətullah Gülən şəbəkəsi ilə əlaqələri barədə mətbuat çox yazıb, bu gün də davam edir. Əgər vaxtilə dediklərinin indi gündəmə gəlməsindən narahat deyilsə, o zaman Fazil Mustafa niyə bu qədər aqressiya göstərir? Əgər kimlərinsə xarici kəşfiyyat orqanlarına işləməsi barədə onun əlində konkret faktlar varsa, vəzifə borcudur ki, bu barədə ölkənin hüquq-mühafizə orqanlarına məlumat versin, həmin şəxslər cəzalandırılsın. İndi ölkədə iqtisadi böhranla bağlı vəziyyət çətindir. Belə dönəmdə Fazil Mustafanın bu qədər canfəşanlıq etməsi ölkədə gündəmi dəyişdirməyə xidmət edən məsələlərdən biridir”.

AİP-in sədr müavini Emil Rahiloğlu bildirdi ki, Fazil Mustafanın Azərbaycan İslam Partiyasını dövlətə xəyanət kimi hakimiyyət adından ittiham etməsi onlar üçün təəccüblü deyil: “Onun zaman-zaman Azərbaycanda şiəçiliyi, o cümlədən AİP-i hədəfə çevirməsi hər kəsə bəllidir. Amma sual oluna bilər ki, bu qərəz, hikkə və qarayaxma nədən qaynaqlanır? Biz Fazil Mustafanın hansı əqidəyə xidmət etməsini, vaxtaşırı, yəni lazım gəldikdə siyasi simasını dəyişməsini, o cümlədən bütün bunların nəyə xidmət etməsini bilirik. Onun Türkiyədəki son dövlət çevrilişi olayından sonra nə qədər ciddi narahatçılıq keçirdiyini də yaxın tarixdə müşahidə etdik. Biz həmişə istər indiki, istərsə də bundan öncəki hakimiyyətin daxili və xarici siyasətindəki neqativlikləri qabarıq şəkildə ictimaiyyətə açıqlamış, ölkəmizin perspektiv inkişaf xəttini göstərmiş, mənfi tərəfləri kəskin tənqid hədəfinə çevirmişik. Bununla yanaşı, siyasi fəaliyyət istiqamətimizin tutduğumuz xəttin sonuna qədər davam etdirilməsinə də çalışacağıq.

Fazil Mustafanın son polemikalarından məlum olur ki, o, nəyə və kiməsə güvənərək qarşı tərəflərin nəinki tənqidinə, hər cür təhqirinə də çəkinmədən yol verir və insanların şəxsiyyətinə, şərəf və ləyaqətinə toxunur. Əlbəttə, bizim bizə hər hansı bir şər və böhtan atanların səviyyəsinə enmək fikrimiz yoxdur. Məsləhətimiz də odur ki, Fazil bəy və onun kimiləri öz işləri ilə məşğul olsun və üzərinə götürdükləri məsuliyyəti axır-əvvəl dərk etsinlər. Amma görünür, parlamentin yumşaq kresloları onları özlərindən ayıraraq xalqa, dövlətə və çörəyini yedikləri təşkilata qarşı etimadsızlıq düşüncəsinə qərq edib”.

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərə səfərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

“Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu uzun müddət …

Bir cavab yazın