Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Səməd Seyidovdan rüsvayçı addım

Səməd Seyidovdan rüsvayçı addım

Rəsmi Bakı Rene Rukeni “arzuolunmaz şəxs ” elan edərək, onun Azərbaycana girişinə qadağa qoyub : qadağa indiyədək qüvvədədir

Milli” Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti Rene Rukenin dəvəti ilə sentyabrın 11-dən 13-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.

Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, S.Seyidovu dəvət edən deputatın kimliyi geniş müzakirələrə səbəb olub. Bununla bağlı politoloq Elxan Şahinoğlu sosial şəbəkədə status paylaşıb. Politoloq bildirib ki, Rene Ruka Fransa-Ermənistan Dostluq Qrupunun rəhbəridir. Politoloq onu da qeyd edib ki, Ruka Azərbaycan XİN tərəfindən ölkəyə girişi qadağan olunan deputatdır.

E.Şahinoğlunun açıqladığı şok faktlar bununla bitmir.

Musavat.com statusu olduğu kimi təqdim edir: “İlk baxışdan bu xəbərdə qeyri-adi heç nə yoxdur. Azmı AŞPA müxtəlif ölkələrdə tədbir keçirir? Əslinə qalsa, Parisdəki tədbirin AŞPA-ya az dəxli var, təşkilatçı Fransa parlamentidir. Məsələ burasındadır ki, dəvəti göndərənin – Rene Rukenin kimliyi xeyli sual doğurur. Bu suallar isə birbaşa Azərbaycanın milli və təhlükəsizlik maraqları ilə bağlıdır.

Birincisi, Rene Ruke Fransa-Ermənistan dostluq qrupunun rəhbəridir. İkincisi, Rene Ruke erməni separatçılarının fəal dəstəkçisidir və bunu heç gizlətmir də.

Rene Ruke 2010-cu ildə Azərbaycan hökumətindən icazəsiz bir neçə fransalı deputatla birgə işğal altındakı Dağlıq Qarabağa səfər edib və Xankəndidə separatçı rejimin “rəhbərliyi” ilə geniş fikir mübadiləsi aparıb. Buna görə də Azərbaycan Xarici İşlər Nazirliyi haqlı olaraq Rene Rukeni “persona non-qrata” elan edərək, onun Azərbaycana girişinə qadağa qoyub. Bu qadağa indiyədək qüvvədədir.

Azərbaycan XİN-in bu qərarı Rene Rukenin vecinə də olmayıb. Əksinə, fransalı deputat 2011-ci ilin oktyabrında AŞPA-nın 32 deputatı ilə birgə “Dağlıq Qarabağ Respublikası”nın müstəqil dövlət kimi tanınması haqqında sənədi imzalayıb. Başqa sözlə, fransalı deputat indinin özündə də Azərbaycanın ərazi bütövlüyünü tanımır.

Buna görə də rəsmi Bakı AŞPA-nın 2014-cü il mayın 22-23-də Bakıda keçirilən Büro və Daimi komitəsinin iclaslarında iştirak etmək məqsədilə Azərbaycana səfər etməsi üçün Rene Rukeyə viza verməyib. Rene Rukeyə görə rəsmi Bakı ilə AŞPA arasında münasibətlər gərginləşib. AŞPA iki il ərzində təşkilatın komitələrinin Azərbaycanda nəzərdə tutulan iclaslarını təxirə salmaq haqqında qərar verib. Bu qərara rəğmən, rəsmi Bakı geri addım atmayıb.

Rene Ruke hər zaman çıxışlarında erməni separatçılarını müdafiə edib, Dağlıq Qarabağa icazəsiz səfərinə haqq qazandırıb, Azərbaycanı tənqid edib.

Rene Ruke AŞPA-nın 2016-cı il yaz sessiyasında aprel ayının əvvəlində qoşunların təmas xəttində gərginliyin artması və baş vermiş döyüşlərlə bağlı Fransa nümayəndə heyəti adından sırf anti-Azərbaycan təkliflər irəli sürüb.

Rene Ruke bu ilin mayında yenə Dağlıq Qarabağ separatçıları ilə görüş üçün Azərbaycan ərazisini pozub. O bu dəfə özü ilə birgə digər fransalı deputat Fransua Roşbluanı da Xankəndiyə gətirib. Görün, həmin ermənipərəst fransalılar Xankəndidə necə açıqlama veriblər: “Dağlıq Qarabağda atəşkəs rejiminə nail olmaq problemin həlli deyil. Problemin çözülməsinin qarşısını alan başlıca maneə Azərbaycandır. Azərbaycan qarabağlı ermənilərin torpaqlarını işğal etmişdi. İndisə qarabağlı ermənilər azaddır və beynəlxalq hüququn “millətin öz müqəddəratını təyin etməsi” prinsipinə uyğun olaraq müstəqilliklərini bəyan ediblər. Düşünmürəm ki, hansısa ciddi insan Dağlıq Qarabağın müstəqilliyinə şübhə etsin. Buna görə də Azərbaycana maksimum dərəcədə təzyiq göstərmək, Dağlıq Qarabağ ermənilərini dəstəkləmək gərəkdir”.

İndi bu sözləri deyən şəxs(lər)in dəvətilə Parisə səfər etməyə dəyərdimi? Məgər bu səfər və Parisdəki müzakirələr fransalı deputatın mövqeyini dəyişəcəkmi? Əsla! Dağlıq Qarabağa icazəsiz səfər edən və ən pisi separatçıları rəsmən tanıyan birisinin Azərbaycana girişinə qoyulan qadağa işin yarısıdır. Beləsinin dəvətini qəbul etmək də doğru deyil. Çünki Rene Ruke kimi şəxsin dəvətini qəbul etmək onun mövqeyini, düşüncə tərzini anlayışlı qarşılamaq anlamına gəlir. Belə çıxır ki, Rene Rukenin dəvətini qəbul edib onun hüzuruna getməkdə heç bir qəbahət yoxdursa, onda indiyədək Dağlıq Qarabağa icazəsiz səfər edənlərin və bununla Azərbaycan XİN-nin “qara siyahısına” düşənlərin tamamına da loyal yanaşmaq mümkündür. Əks halda, onlar deyəcəklər ki, Rene Ruke ilə görüşürsünüzsə, bizimlə niyə görüşmürsünüz?

Maraqlıdır, görəsən, Səməd Seyidov məhz Rene Rukenin dəvəti ilə Parisdəki toplantıya qatılmasını Milli Məclisin spikeri və ya XİN-lə razılaşdırıbmı? Nə olsun ki, millət vəkilidir. Axı millət vəkili üçün də bəlli həssas mövzular və qırmızı cizgilər var. Rene Rukenin rəsmi Bakı üçün “persona non-qrata” olması o deməkdir ki, rəsmilərimizin və millət vəkillərimizin onunla nə Bakıda, nə Parisdə, nə də dünyanın istənilən məntəqəsində geniş fikir mübadiləsi aparması, dəvətini qəbul etməsi doğrudur. Avropalı deputatlar da eyni prinsipdən çıxış edirlər. Onlar Krımın işğalına görə Rusiyanın bir qrup rəsmisini, deputatını “persona non-qrata” elan ediblər, həmin şəxslərlə nə Moskvada, nə Parisdə, nə də Strasburqda görüşür, dəvətlərini qəbul edirlər. Avropalı deputatlar Krımın işğalına görə bu qaydalara riayət edirlərsə, biz niyə Dağlıq Qarabağ və ətraf rayonların işğalına görə həmin qaydaları yerinə yetirməməliyik?

Səməd Seyidov erməni təəssübkeşi Rene Rukenin dəvətini qəbul etməkdənsə, AŞPA rəhbərliyinin yaxasından yapışmalıydı ki, nədən bu təşkilat yanvar ayında Sərsəng su anbarı ilə bağlı qəbul etdiyi qətnaməni yerinə yetirmir, 8 ay keçsə də, ortada heç nə yoxdur, yoxsa böyük əziyyətlə qəbul edilən həmin sənəd də arxivə göndərilib?”

Mövzu ilə bağlı Səməd Seyidovun da mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın