Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Səfir Arif Məmmədov danışdı: “Ölkədən çıxmağımla bağlı təhlükə əvvəl də olub”

Səfir Arif Məmmədov danışdı: “Ölkədən çıxmağımla bağlı təhlükə əvvəl də olub”

Azərbaycanın Avropa Şurası, ardınca da Avropa İttifaqında səfiri olmuş, hazırda isə İslam Konfransı Təşkilatının Avropa Birliyindəki missiyasına rəhbərlik edən Arif Məmmədovun Bakıdakı yanğından sonra məmurları tənqid etməsi onu hakimiyyətin hədəfinə çevirib. Adı ətrafında gəzən söhbətlərə aydınlıq gətirən diplomat Vinegret.az saytına müsahibə verib. Müsahibəni Azinforum.az -ın oxucularına təqdim edirik:

– Gəlin əvvəldən başlayaq. Məlum məqalələrdə göstərilən statuslar və şərhlər həqiqətən də Sizə məxsusdur? Bu saxta profil deyil ki?
– Bəli, mənim status və şərhlərimdir.

– Sözlərinizi təsdiqləyirsiniz?
– Bəli, bu mənim sözlərimdir.

– Gəlin, 16 mərtəbəli binadakı yanğınla bağlı statusdan başlayaq…
– Bu, qəlbimin fəryadı idi.

– Haqqın.az statusu dərc edənə qədər Bakıdan, XIN-dən kimsə Sizə zəng edib, nəsə deyib, ya statusu silməyinizi istəyib?
– Bir necə gün əvvəl İstanbulda İslam Əməkdaşlığı Təşkilatının görüşündə idim. Telefonuma zəng gəlib, ancaq görüşdə olduğuma görə çatdırıb cavab verə bilməmişəm. Sonradan ismarıc aldım ki, administrasiyadan mənimlə danışmaq istəyirlər. Ancaq kimin zəng etdiyini bilmirdim. Düşündüm ki, görüşdən çıxıb zəng edərəm.

– Yəni status yazandan sonra xeyli vaxt keçib və sonra Sizinlə əlaqə saxlamaq qərarına gəliblər?
– Bəli, dərhal deyil, sonradan.

– Deyirsiniz ki, administrasiyadan zəng olub. Dəqiqləşdirin, Prezident Administrasiyasından, yoxsa XIN-dən?
– Prezident Administrasiyasından.

– Haqqın.az-dakı məqalə Sizin üçün yenilik oldu? Belə reaksiya gözləyirdiniz?
– Bilirsiniz, mənə qarşı belə çirkin davranacaqlarını bilmirdim. Bunu heç şərh etmək istəmirəm. Hər yeni məqalədə daha iyrənc şeylər yazılır. Ancaq doğrusu özüm haqqın.az-ı həmişə oxuyuram, çünki ordakı yazılardan hakimiyyətdəkilərin necə düşündüyünü bilirsən. Analitik düşüncəli adam bu mənbənin bir-iki məqaləsini oxuyandan sonra dərhal bu barədə nəticəyə gəlir ki…

– Kim kimə qarşıdı və nəyə görə…
– Bəli. Əgər hansısa daxili məsələləri bilirsən, mətbəxə bələdsənsə, bu mənbəyi oxuyub daxildə hansı proseslərin getməsinə dair müəyyən nəticələrə gələ bilirsən. Bu isə çox vacibdir. Çünki prinsipcə hər şey çox qapalıdır. Haqqın.az-ı oxuyanda isə hakimiyyətin necə düşündüyünü anlayırsan.

– Neçə ildi diplomatik xidmətdəsiniz?
– XIN-ə 1993-cü ildə gəlmişəm. 1995-ci ildə Azərbaycan Respublikasının Belçikadakı səfirliyinə ikinci katib kimi gəldim.

– Yəni 20 il edir…
– Bəli, Avropada 20 il. Düzdü, məndə qısa fasilə olub – XIN-də insan haqları və demokratiya idarəsinin rəhbəri olmuşam.

– Nə vaxt İƏT-nın AB yanında səfiri oldunuz?
– 2013-cü ildən. Iki həftə sonra iki il tamam olur.

– Bu iki il müddətində Azərbaycan vətəndaşı olaraq Azərbaycan diplomatı deyilsiniz?
– Xeyir, mən Azərbaycan diplomatıyam. Fövqəladə və səlahiyyətli səfir rütbəm var. Ancaq İƏT-nın səfiri vəzifəsinə Azərbaycanın deyil, bu təşkilatın baş katibinin qərarı ilə təyin edilmişəm. Yəni məni ancaq İƏT-nın baş katibi geri çağıra bilər.

– Gəlin, açıq danışaq. Azərbaycana işləməyən diplomat olmağınız əlinizi və dilinizi açdı, Sizə daha çox sərbəstlik verdi, nəticədə 16 mərtəbəli binada yanğın faciəsi ilə bağlı belə status yazdınız?
– Əvvəla, Azərbaycan İƏT-nın fəal üzvüdür. Bəli, bu status qəlbimin fəryadı idi. Ancaq bunu təkcə yanan 16 mərtəbəli binaya görə yazmadım. Xeyli şey yığılıb və özü də tək məndə yox. Mənim yazdıqlarımı hamı danışır. Sadəcə açıq demirlər, evdə, mətbəxdə, qonaqlıqda, istirahətdə pıçıldaşırlar. Azərbaycanda elə bir dövlət məmuru yoxdur ki, onu şəxsən tanımayım. Onların hər biri nəyisə tənqid edir, ancaq özü dəyişmək istəmir. Bakıya gəlirsən, minirsən taksiyə və taksi sürücüsü paytaxtda sürücülərin necə maşın sürməsindən şikayətlənir. Paralel olaraq özü də bir neçə yol hərəkəti qaydasını pozur. Məmurlar da elədi.

– Status yazanda reaksiyanın necə olacağını düşünürdünüz, yoxsa belə olacağını heç təsəvvür etmirdiniz?
– Hansısa reaksiyanın ola biləcəyini bilirdim. Ancaq məsələ bundadır ki, feysbuk səhifəm çoxdandı aktiv deyil, onu xeyli vaxtdı istifadə etmirəm. Bir müddətdən sonra onu açdım və hansısa maraqlı faktlar, foto və videolar gözümə dəyməyə başladı. Bu faciə baş verəndə feysbukda övladını itirən ananın ağlamağı, yaxud yanan binaya daxil ola bilməyən atanın gözləri mənə ciddi təsir elədi. Bilirsiniz, hər şey qəfil olur. İnsanı belə addım atmağa təhrik edən bir neçə fakt olmalıdır. Heç bilmirəm, həmin an bunu nə dərəcə şüurlu şəkildə etmişəm.
Bəli, yazırlar ki, mən 20 illik təcrübəsi olan diplomatam və emosiyalarıma nəzarət etməliydim. Ancaq bu mərhələdə mən ya evdə yaxınlarımla müzakirə açıb ağrıdan qışqırmalı idim, ya da bunu insanlarla bölüşməliydim. Bu, qəlbin belə fəryadı idi.

– Əgər Azərbaycanın səfiri olsaydınız, eyni şeyi yazardınız, ya yox?
– Düşünürəm ki, yazardım. Xidməti vəzifəmə görə ölkə rəhbərliyinə yazdığım məktublar həmişə dəqiq, hər hansı təkliflə və daha çox tənqidi olub.

– Yəni əminsiniz ki, istənilən halda yazardınız?
– Bəli.

– Yaxşı, bu status qəlbin fəryadı idi. Ancaq KIV heç də siyasi xarakterli olmayan digər statuslarınızı da dərc edib və orda insanlar ölkəyə etinasız yanaşma görüb. O cümlədən Azərbaycanda yemək, yaxud Avropadakı spa-mərkəzlərinə getmək məhəbbətiniz barədə…
– Bağışlayın, amma mən yazmışam ki, bu gün üç dəfə şam etmişəm. Avropada adətən saat 18.00-dan sonra yemirəm. Azərbaycanda kiminləsə oturursansa, bu, mütləq yemək süfrəsi başında olmalıdır, bu adət isə məni qane etmir. Vəssalam.

– Ancaq insanlar burda ənənələrə, vətənə etinasız münasibət görüb…
– Belə bir şey yoxdur. Mən də bu şəhərin bir hissəsiyəm. Biz evdə milli xörəklərimizi yeyirik. Sadəcə Azərbaycanda şirkətlərimizin satdığı kanserogen ərzaqlardan istifadə etmirik. Onlar bunu heç bir norma və standartlara əməl etmədən satırlar.
Bakıda onkoloji mərkəzdə qohumuma dəyməyə getmişdim və orada müalicə olanların sayından heyrətə gəldim. Özü də bu böyük mərkəzdir… Ərzaqların keyfiyyəti və dadı isə heç də yaxşı deyil. Bakıda onları yeyəndə təmiz və keyfiyyətli olmadığını hiss edirsən. Avropada norma və standartlara çox ciddi riayət edirlər. Biz azərbaycanlılarda xolersterin çox yüksəkdir. Ərzaqların keyfiyyəti və qidalanma forması ilə bağlı olan xeyli başqa xəstəliklər var. Oliqarxların istehsal etdiyi ərzaqlar yüksək kanserogenlidir. Əminəm, əgər Azərbaycanda bitən və istehsal edilən ərzaqlar yoxlanılsa, əksəriyyətində zərərli maddələr aşkarlanacaq.

– Gəlin, haqqın.az-da birinci feysbuk statusunuzla bağlı məqalənin dərc edildiyi günə qayıdaq. Bu yazı Sizi harda yaxaladı, XIN-dən, prezident aparatından zənglər oldumu, sonra nə baş verdi?
– Xüsusi bir şey olmadı. Buna qədər dediyim o zəng güman ki, ifadələrimə görə məni danlamaq məqsədi daşıyıb. Ancaq düşünürəm, istənilən halda məqalə çıxacaqdı. Çünki məqalə bir neçə saatdan sonra dərc edildi.

– Bundan sonra heç kim Sizinlə əlaqə saxlamadı?
– Xeyir.

– Məlum olduğu kimi, Bakı İƏT qarşısında Sizin bu təşkilatın AB-də səfiri vəzifəsindən geri çağırılmaq məsələnizi qoyub.
– İƏT nüfuzlu beynəlxalq təşkilatdır. Üzv ölkələrin sayına görə 57 üzvlə dünyanın ikinci ən iri təşkilatıdır. Orda Bakının öyrəşdiyi tərzdə işləmirlər. Baş katib ölkəsindən xeyli kənarda tanınan təcrübəli siyasətçidir. Geri çağırılmağımla bağlı sorğunun göndərilib-göndərilməməsi, göndəribilsə, kim tərəfindən edilməsi barədə məlumatım yoxdur. Ancaq düşünürəm ki, baş katib hər hansı qərarı qəbul etməzdən öncə xeyli düşünəcək. Bundan əlavə, mənim müqaviləm var və bu müqaviləni pozmaq proseduru olduqca mürəkkəbdir. Bura, layiqli adamın işdən azad edilib bir saniyənin içində məhv edilə biləcəyi Bakı deyil. Prosedurlar BMT standartlarına çox yaxındır. Bu, BMT baş katibinə hər hansı ölkədəki nümayəndəsini onun vətəndaşı olduğu ölkənin tələbi ilə geri çağırmaq üçün müraciət etməyə bərabərdir. Baxaq, görək, bu, nə ilə bitəcək. Ancaq təkrar edirəm, baş katibi tanıyıram. Çox tanınmış və təcrübəli adamdır. Onu həm Səudiyyə Ərəbistanında, həm də xeyli kənarda tanıyırlar. Bunun tezliklə baş verəcəyinə və asan qərar olacağına inanmıram.

– Yəni Siz İƏT-nın AB-də səfiri olaraq qalacaqsınız?
– Bəli, səfir qalacam. Məsələn, Brüsseldə 57 müsəlman ölkəsinin Belçikada və Avropa Birliyindəki səfirlərinin iclasını keçirirəm. Bundan sonra Avropa Birliyinin xarici əlaqələr xidmətinin baş katibi ilə görüşəcəm. Bu şəxs AB-nin xarici əlaqələr xidmətində qurumun xarici siyasət üzrə ali komissarı Federika Mogerinidən sonra, faktiki olaraq, ikinci adamdır.

– İƏT ilə neçə illik müqaviləniz var?
– Dörd illik.

– Iki ili artıq keçib.
– Bəli.

– Səs-küylü məqalələr dərc ediləndən sonra statuslarınızı layk edən və buna görə ciddi şəkildə cavab verməli olan həmkarlarınız Sizinlə əlaqə saxlayıblar?
– Nə onlar məni axtarıb, nə mən onları. Onların düşdüyü çətin durumu başa düşürəm. Üzrxahlıq bəyanatlarından əvvəl də bilirdim və deyirdim ki, mənə qarşı çıxış etmələri üçün onlara böyük təzyiq edilir. Bu, hələ davam edəcək. Sadəcə olaraq bunu daha heç kim oxumur. Hər şey o qədər primitiv görünür ki, buna yumorla yanaşıram.

– Yeri gəlmişkən onları işdən azad ediblər.
– Bilmirəm kimi azad ediblər, kimi saxlayıblar. Çox təəssüf edirəm ki, insanlar xalqıma verdiyim başsağlığı ilə razılaşdığına və layk etdiyinə görə hesab ödəməli olur. Onunla da razıyam ki, layk etmək mütləq razılaşmaq demək deyil. Bu o deməkdir ki, gördüm, baxdım, oxudum. Bu, layk edənin mənimlə həmrəy olması demək deyil.

– Gəlin, düz danışaq. Kim nə deyir desin, layk ilk növbədə həmrəylikdir.
– Əgər onlar şərh yazsaydı, bu daha çox həmrəylik olardı. Layk isə görmək və bəlkə də müəyyən mənada razılaşmaq deməkdir. Diplomatlardan biri deyir ki, statusumun birinci hissəsi ilə razıdır və ona görə layk edib. Düşünürəm bu, elədi ki var. Əgər sabah məqalənizi layk etsəm, bu o demək deyil ki, bütün məqalə ilə razıyam. Ola bilər, ayrılıqda hansısa fikir xoşuma gəlib. Ona görə də layk edən uşaqları damğalamaq düzgün deyil. Onlar statusumun birinci hissəsi ilə razılaşıb, sonra yazılanlarla razı olmaya bilərdilər.

– Birinci məqalə dərc ediləndən sonra Bakıya gəlib məsələni yerində izah etmək fikriniz olmayıb?
– Bu məqalənin arxasında kimin dayandığını bilirəm. Haqqın.az-ın barəsində yazdığı məqalədən sonra Bakıya gələnlər ordan çıxa bilmirdi. Bilirdim ki, bu sayt barəmdə yazıbsa, deməli, mən də düşmənlər sırasına düşmüşəm.

– Yəni geriyə qayıda bilməyəcəyinizdən ehtiyat etdiniz?
– Sadəcə ehtiyat etmirdim, əmin idim ki, Azərbaycandan çıxa bilməyəcəm. Ölkədən çıxmağımla bağlı təhlükə əvvəl də olub.

– Deyirsiniz ki, Sizə qarşı bütün bu kampaniyanın arxasında dayanan adamın adını çəkə bilmərsiniz. Onda heç olmasa, bunların niyə baş verdiyinin səbəbini deyin. Məsələn, deyirlər ki, Sizin Qərb xüsusi xidmət orqanları ilə ciddi bağlılığınız var, Qərb Sizi işbirliyinə cəlb edib, Qərbdə aparılan antiAzərbaycan kampaniyasının bir hissəsi olmusunuz və az qala onun rəhbərinə çevrilirsiniz. Bu barədə nə demək olar?

(ardı var)

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın