Ana səhifə / Sosial / “Sədərək”də və “28 May” ətrafında ajiotaj yaşanır

“Sədərək”də və “28 May” ətrafında ajiotaj yaşanır

Yeni dərs ilinin başlanğıcında bir sıra məktəblərdə dərs kitablarının çatışmazlığı müşahidə edilir. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu vəziyyət Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Hüseyn Axundov adına 3 saylı ümumtəhsil məktəbində də qeydə alınıb.

Misal üçün, 6-cı sinif şagirdləri bir-biriləri ilə çatışmayan dərsliklərin mübadiləsini aparırlar ki, nəticədə hər kəs eyni sayda kitablara malik olsun. Onların hər birində 16 kitab olmalı olduğu halda, kitabların yarısı yoxdur. Valideynlər artıq vəziyyətdən çıxış yolu tapıblar. Onlar çatışmayan kitabları öz vəsaitləri hesabına almağa razılaşıblar.

Yeri gəlmişkən, hazırda dərs ilinin tezliklə başlanacağı ərəfədə Bakıdakı iri ticarət mərkəzlərindən olan “Sədərək”də və “28 May” metrostansiyasının yaxınlığındakı kitab satış mərkəzlərində əsl ajiotaj müşahidə olunur.

Təhsil Nazirliyindən bildiriblər ki, dərslik problemi kifayət qədər həllini tapıb və hay-küy üçün əsas yoxdur. 2018/2019-cu tədris ilinin başlanması ilə əlaqədar olaraq Təhsil Nazirliyinin sifarişi əsasında 332 adda 6 milyon nüsxədən çox (6,726029 nüsxə) kitab çap olunub.

Bunlar I-XI sinif şagirdləri üçün dərs vəsaitləridir. Bununla yanaşı, kitabların paylanması prosesinə sentyabrın 3-də start verilib və dərslər başlayana qədər davam edəcək.

Əgər məktəblilərin hamısı kitabla təmin olunmasa, o zaman valideynlər təhsil müəssisəsinin rəhbərliyinə məlumat verməlidir. Məktəb rəhbərliyi bu müvəqqəti narahatçılığı aradan qaldıracaq.

Qeyd etmək lazımdır ki, dərsliklər şagirdlərə bir illik istifadə üçün verilir. Dərsliklərin istifadə müddəti isə 4 ildir.

Eyni zamanda, elektron dərsliklərdən də istifadə etmək mümkündür. Bunun üçün həmin dərslikləri www.e-derslik.edu.az və www.trims.edu.az saytlarından yükləmək mümkündür.

Bununla yanaşı, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov “Trend” agentliyinə bildirib ki, yeni tədris ili üzrə 11-ci siniflər üçün dərsliklər yeni məzmunda hazırlanıb. Onun sözlərinə görə, 2, 3 və 7-ci siniflər üçün isə dərsliklərin məzmununa əsaslı dəyişikliklər edilib.

“Orta məktəblərin şagirdləri dərslikləri təhsil aldıqları ümumi təhsil müəssisəsindən əldə edə bilərlər. Proses sentybarın 3-dən başlayıb və hazırda davam edir” — deyə Valehov vurğulayıb.

Onu da diqqətə çatdıraq ki, yeni tədris ilində dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.

Həmçinin oxuyun

Sabah Bakıda 35 dərəcə isti olacaq, bölgələrdə yağış yağacaq – PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. …