Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Rüstəm İbrahimbəyovun “erməni ilə düşmən deyilik” sözləri sərt etirazlar doğurdu

Rüstəm İbrahimbəyovun “erməni ilə düşmən deyilik” sözləri sərt etirazlar doğurdu

İsgəndər Həmidov: “Ermənilər bizim düşmənimiz deyilsə, bəs, Şəhidlər Xiyabanında uyuyanları kim qətlə yetirib?!”; Mirzə Sakit: “Əgər bu sözü hansısa bir YAP funksioneri desəydi, əks tərəf tumanını başına çəkərdi…”
Kinodramaturq, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun “The New Times”a müsahibəsi zamanı dediyi bəzi fikirlər şok effekti yaradıb. “Qafqaz triosu” adlı yeni filmin üzərində işləyən, onun prodüseri və ssenaristi olan R. İbrahimbəyov filmdən bəhs edərkən “Trio”nun erməni, azərbaycanlı və gürcü olduğunu, üç dostu ortaq uşaqlıq, gənclik illərinin birləşdirdiyini söyləyib.

Kinorejissor etiraf edib ki, Azərbaycanda çoxlarına onun baxışları xoş gəlmir: “Ancaq mən səmimi qəlbdən əminəm ki, biz erməni xalqı ilə düşmən deyilik və gec-tez mütləq barışacağıq. Ermənistan və Azərbaycan xalqları baş verənlərə görə günahkar deyillər. Və mən hər iki tərəfdən aqressiv ritorikanın əleyhinəyəm”, – R.İbrahimbəyov deyib. Azərbaycan ziyalısının, üstəlik də 2013-cü il seçkilərində ölkəyə rəhbərlik etmək üçün ortaya iradə qoymağa cəhd göstərən Milli Şuranın prezidentliyə namizədi olmuş, bu gün də həmin qurumun fəxri sədri statusunu daşıyan bir şəxsin işğal altındakı Azərbaycan torpaqlarını, Qarabağ savaşında həlak olanları, törədilən soyqırım faktlarını, ən nəhayət, 1 ildir Şuşa zindanında saxlanılan kəlbəcərli girovları yaddaşından silərək erməni ilə düşmən olmadığımızı iddia etməsi təbii olaraq birmənalı qarşılanmayıb. Biz də anlayırıq ki, əbədi düşmənçilik mümkün deyil, xüsusilə də qonşuluqda yaşadığımız halda. Amma bu gün Azərbaycan torpaqları işğalda ikən, erməni qatilləri torpaqlarımızda dövran sürərkən bir ziyalının ermənilərə dostluq mesajı göndərməsi qəbul olunan deyil; şəhidlərin ruhunu incitmək, qazilərin yaralarının qaysağını qopartmaqdır. Azərbaycan xalqı zaman-zaman xoş məram nümayiş etdirib. Ancaq nəticəsi İrəvan, Göyçə, Zəngəzur, Qarabağ olubsa, R.İbrahimbəyovun dedikləri qəbulolunan deyil.

Ancaq onun digər fikirləri də kəskin reaksiyalar doğurub. Söhbət Ukraynanın bir hissəsinin ilhaqına bəraət qazandırılması cəhdindən gedir. Kinorejissorun sitatı: “Bu yaxınlarda Krımın Rusiyaya birləşdirilməsini götürək. Uşaqlıqda Tolstoyun ”Sevastopol hekayələri”ni oxuyan istənilən şəxs kimi mən də hesab edirəm ki, Krım Rusiya torpağıdır. Bu torpaqlar Xruşşov dövründə Ukraynaya keçib. SSRİ dağılanda Yeltsin bu məsələni həll etmədi, hərçənd kifayət qədər sadə və münaqişəsiz şəkildə buna nail ola bilərdi. Sonra uzun müddət nədənsə heç kim bundan narahat olmadı. Və birdən geosiyasi situasiyanın özəlliklərini nəzərə almadan məsələni sürətlə yoluna qoydular. Nəticədə insanlar həlak olur”. Bəzi müşahidəçilərə görə, R.İbrahimbəyov unudur ki, Krımın işğalına bəraət qazandırmaqla faktiki olaraq Ermənistanın Azərbaycan torpaqlarını zəbt etməsinə də haqq qazandırmış olur. Tanınmış kinorejissorun fikirləri sosial mediada da ciddi müzakirə mövzusudur.

Tanınmış mədəniyyət xadimi, bədii qiraətçi Ağalar Bayramov özünün feysbuk səhifəsində yazıb: “Mən Rüstəm müəllimi qınamıram… Çünki Xocalıda atasının gözü qabağında zorlanan qızları öz qızı, işgəncədən naləsi göylərə bülənd olanları, Spitakda boruya doldurulub ağzı qaynaqlanan soydaşlarımızı öz övladı, ağaca sarılaraq yandırılan Təvəkkülü öz qardaşı hesab etməyəndən – vəzifəsindən, şöhrətindən asılı olmayaraq – bundan artıq şey gözləmirəm! Bu, hələ də dərk etmir ki, bu millət (ermənilər-red.) əsrlər boyu Rusiyanın əlində alət olub, hələ də dərk etmir ki, 1905, 1918-də də bizə belə unutdurmaq istəyiblər bunların bizə qarşı olan vəhşiliyini… Bu, hələ də başa düşmür ki, bu milləti bizə qarşı sonsuz nifrətə kökləyiblər onların Balayanları…Və bunlara heç zaman etibar yoxdur…”

A.Bayramov ardınca yazıb: “Mənim kosmopolit düşüncəli adamlara həmişə nifrətim sonsuzdur! Millətinə olan alçaqlıqları ürəyinin süzgəcindən keçirməyi bacarmayıb, yalnız öz şöhrəti haqqında düşünəndən, ”Bir cənub şəhərində” filmi vasitəsi ilə millətinə ikrah hissi ilə üstdən aşağı baxandan, “Səhranın ağ günəşi”ndə müsəlmanı bambılı yerinə qoyub, rusu göylərə qaldırandan nə desən gözləmək olardı! Bu da nəticə… Heç olmasa özünü “elit”, “ziyalı” sayan bu kosmopolit “Oskar” mükafatçısı fransızların “Köhnə tüfəng” filminə baxıb bir papağını qabağına qoyub düşünəydi… Amma çətin!!!

Dad belələrinin əlindən…” A.Bayramov daha sonra İbrahimbəyovun ünvanına ağır ifadələr də işlədib.

Satirik-şair Mirzə Sakit isə şəxsi feysbuk profilində yazıb: “Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun iddiasına görə torpaqlarımızın 20 faizini işğal edən, 10 mindən çox insanlarımızı haqsız yerə qətlə yetirən, yüzlərlə soydaşlarımızı girovluqda saxlayan ermənilər, sən demə, bizimlə cani dildən dost imişlər. Bəs görəsən, milli şuraçılar bu haqda nə deyirlər… Rüstəm İbrahimbəyovun bu açıqlamasından sonra onun fəxri sədrlikdən uzaqlaşdırılması haqda nə düşünürlər, görəsən? Əgər bu sözü hansısa bir YAP funksioneri desəydi, əks tərəf tumanını başına çəkərdi axı…Həə, şuraçılar, nə deyirsiniz?..” Məsələyə Milli Şuradan reaksiya gəlib və fəxri sədrin dedikləri təqdir olunub: “Rüstəm İbrahimbəyovun bütün fikirləri ilə razıyam. Həqiqətən də ermənilərlə yanaşı yaşamağa məhkumuq. Gec-tez mövcud münaqişəyə yekun vurulmalı, torpaqlarımız işğaldan azad olunaraq geri qaytarıldıqdan sonra bu iki xalq arasında sülh bərqərar edilməlidir. Bunun başqa variantı yoxdur. Qonşunun biri aqressiv olduqda digəri onu öz müdrik davranışı ilə düz yola gəlməyə vadar etməlidir. Rüstəm İbrahimbəyov ermənilərə məhz bu aspektdən yanaşır”.

Bunu “İnterpress.az”-a Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Namizəd Səfərov deyib. N.Səfərov qeyd edib ki, R.İbrahimbəyov müsahibəsində sülhün bərqərar olunmasının zəruriliyini qeyd edir: “İstənilən müharibə və ya münaqişəyə sonda sülhlə yekun vurulmalıdır. 20 ildən çoxdur ki, torpaqlarımızın 20 % -i işğaldadır. On minlərlə vətəndaşımız həlak olub, itkin düşüb. Sülh çağırışları səsləndirmək heç vaxt qəbahət hesab oluna bilməz. Yalnız böyük insanlar buna qadir olurlar. Rüstəm İbrahimbəyov məhz belə böyük insanlardandır. Düşünürəm ki, erməni ziyalılarından da bir nəfər ağıllı insan meydana çıxaraq bizə qarşı tutduqları mövqeyin tamamilə səhv olduğunu onlara anlada biləcək”.

Bu barədə “Yeni Müsavat”a danışan sabiq daxili işlər naziri, Milli Demokrat Bozqurd Partiyasının sədri İsgəndər Həmidovun reaksiyası isə sərt oldu: “Ermənilər bizim düşmənimiz deyilsə, bəs Şəhidlər Xiyabanında uyuyanları kim qətlə yetirib?! Azərbaycanın elə bir rayonu, kəndi yoxdur ki, orda şəhid olmasın, onlar kimlə döyüşdə həlak olublar?” İ.Həmidov kinorejissorun Amerika mətbuatında “sülhpərvər” mövqedən çıxış etməsinə bu cür şərh verdi: “Yəqin qrant almaq istəyir. Bu günə qədər Qarabağda o qədər insan tələf olub, ailələr dağılıb. Xocalı soyqırımını kim törədib? Ermənilər düşmən deyilsə, bizim torpaqları kim işğal edib, dədə-baba yurdlarımızı, qəbiristanlığımızı kim dağıdıb? Daha düşmən nə təhər olur?” Belə mövqedən çıxış edən R.İbrahimbəyovun Milli Şuranın fəxri sədri olmasına gəldikdə, sabiq nazir belə dedi: “Milli Şura yarananda 127 nəfər içərisində onun əleyhinə səs verən təkcə mən olmuşam”. İ.Həmidov rejissorun Krımı “Rusiya ərazisi” adlandırmasına da etiraz etdi: “Əvvəla, Krım türk torpağıdır. Ukraynanın tərkibində olanda Yuşşenko yaxşı bir fərman verdi ki, Krım tatarların torpağıdır. Krım heç vaxt Rusiya torpağı olmayıb. Sadəcə, işğalçı siyasət nəticəsində və Ukraynanın zəifliyindən istifadə edərək Krımı özünə birləşdirdi”.

Mövzuya dair R. İbrahimbəyovun da fikirlərini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın