Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Ruslan İzzətlinin təşkilatı dağıldı

Ruslan İzzətlinin təşkilatı dağıldı

Hərəkatda özək sədri də qalmayıb, yeni istefalar barədə xəbərlər var, sədr isə olanları ciddiyə almır…
Gənc fəal Ruslan İzzətlinin sədri olduğu D18 Hərəkatından istefalar başlayıb. Təşkilatın sədr müavini və Ruslan İzzətlinin ən yaxın adamı kimi tanınan Elvin Camalın istefa bəyanatından sonra hərəkatın rəhbərliyində təmsil olunan daha bir neçə fəal istefa verərək təşkilatı tərk edib.

R.İzzətlinin birinci müavini və bu il keçiriləcək parlament seçkilərində hərəkat adından namizəd olaraq iştirak etməsi planlaşdırılan Elmin Həmzə də D18 Hərəkatında istefa verib. Bu haqda Elmin Həmzə özünün “Facebook” profilində yazaraq öz iradəsi ilə istefa verdiyini bildirib: “Mən D18 Hərəkatından öz iradəmlə, heç bir təzyiq olmadan istefa verirəm. Artıq bu gündən D18 Hərəkatının gördüyü işlərə, verdiyi siyasi qərarlara görə hər hansı məsuliyyət daşımıram. “Ailə prinsipi”nə əsaslansaq o zaman qardaşıma qarşı olan haqsızlıq, yalnışlıq və yersizlik mütləqdir ki sabah mənə də qarşı olacaq. Bu dünyada ad-san, şan-şöhrət, siyasi davranış, beynəlxalq əlaqə, gözəl danışıqdan daha üstün şeylər var, insanlıq, dostluq, qardaşlıq, səmimiyyət, inam və güvən. Məndən bu qədər. Qeyd: qalan hər şey öz yolundadır”.

Musavat.com-un xəbərinə görə, daha sonra hərəkatın digər təsisçisi, sədrin ictimai əlaqələr üzrə müavini Zaur Mirzə istefa verib. Bundan sonra hərəkatın seçki məsələləri üzrə müavini Tural Məmmədov, Xəzər Həmzə, Qüdrət Soltanlı, Paşa Hikmət və Şahmar Həsənli istefa verib. Bunların ardınca isə Xətai şöbəsinin sədri Nicat Abdurəhmanov, hərəkatın nəzdində müstəqil qurum kimi fəaliyyət göstərən “Cümhuriyyət Akademiyasının” rəhbəri Cavidan Orucov, Ələmdar Şükürov istefa verib. Səbəb kimi hərəkatın daxilində sədrlə üzvlər arasında ailə sisteminin olmaması, demokratik mühit yaranmaması və cümhuriyyət xəttinə zidd gedilməsi olub.

Qeyd edək ki, hərəkatda heç bir müavin, idarə heyəti, rayon və universitet üzrə özək sədrləri qalmayıb. Sıravi üzvlərin əksəriyyəti istefa haqda status yazmadan çıxıb və qalan sıravi 3-4 nəfər üzvlərin də istefa verəcəyi bildirilir.

Məsələ ilə bağlı D18 Hərəkatının sədri Ruslan İzzətli də musavat.com-a danışıb. O istefaları ciddi bir iş hesab etmədiyini qeyd edib: “Burada siyasi qərar yoxdur. Ciddi məsələ yoxdur. Hərəkatın xəttində yanlışlıq yoxdur. Kimsə nədənsə xoşlanmır, xırda məsələyə görə problem yaranıbsa, bunu ciddiyə almaq lazım deyil”.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın