Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Sosial / Rusiyaya Bakıdan kəskin etirazlar: “Kreml başqa seçim yolu qoymadı”

Rusiyaya Bakıdan kəskin etirazlar: “Kreml başqa seçim yolu qoymadı”

“Açığını deyim ki, bu, mənim gözləmədiyim bir hadisədir. İctimai təşkilatın, özü də Rusiya üçün əhəmiyyətli işlər görən, əmək miqrantalarımızın bu cəmiyyətə adaptasiyasını təmin etməkdə böyük rol oynayan və bütövlükdə Rusiya-Azərbaycan münasibətlərinin daha da yaxşılaşmasına töhvə verən bir təşkilatın ləğv edilməsi həm təəccüb, həm də hiddət doğrurur”.
Politoloq Qabil Hüseynli bu fikirləri Azərbaycanın şimal qonşumuzda ən böyük diaspor təşkilatı olan, 2001-ci ildən fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı Rusiya Federasiyası Ali Məhkəməsinin 15 may tarixli qərarını şərh edərkən musavat.com-a deyib.

Siyasi təhlilçi musavat.com-a bildirib ki, Rusiya kimi bir dövlətin, özü də Azərbaycanı özünə strateji tərəfdaş hesab edən bir dövlətin belə kiçik işlərlə məşğul olması fövqəldövlət olmağa can atan ölkəyə şan-şöhrət gətirmir: “Əminəm ki, bu antidemokratik addım bütün demokratik dünya tərəfindən pislənəcək və Rusiyanın reytinqinə mənfi xallar gətirəcək. Rusiya bununla həm də tərəf seçmiş oldu. Yəni söhbət Dağlıq Qarabağ münaqişəsində BMT-nin qəbul etdiyi qətnamələrinmi, beynəlxalq hüquq normalarının tələblərininmi tərəfində dayanmaq, yoxsa Pyotrun vəsiyyətləri ruhunda xristian təəssübkeşliyini müdafiə etmək məsələsində sonuncu xətti seçdi. Bu, hər bir azərbaycanlı üçün həm düşündürücü, həm də təəssüfləndirici faktdır”.

Image result for Politoloq Qabil Hüseynli

Q.Hüseynli hesab edir ki, Rusiya bu addımı ilə Azərbaycana Gürcüstan və Ukrayna seçimindən başqa seçim yolu qoymadı: “Doğrudur, Azərbaycan Qoşulmayanlar Hərəkatına daxildir, amma seçim etmək, ölkəni onun maraqlarına uyğun istiqamətlərə yönləndirmək istənilən vaxt mümkündür və bu, onun öz suveren hüquqlarına daxildir”.
“İlk növbədə Bakı, daha doğrusu, Xarici İşlər Nazirliyi Rusiya tərəfindən bunun səbəb və məqsədini sorğulamalı, məsələyə aydınlıq gətirməlidir. Hətta XİN bunu Rusiyanın Azərbaycandakı səfirliyi ilə müzakirə etməlidir. Bundan sonra artıq konkret addımlar atıla bilər”.

Image result for Arzu Nağıyev
Bunu isə politoloq Arzu Nağıyev Bakının ÜAK-ın qeydiyyatının ləğvinin qarşılığında atmalı olduğu addımlar barədə danışarkən bildirib. Siyasi şərhçi hesab edir ki, paralel olaraq Diasporla İş üzrə Dövlət Komitəsi də Rusiydakı diaspor təşkilatlarımız vasitəsilə buna aydınlıq gətirməlidir. A.Nağıyev qeyd etdi ki, Azərbaycanın Rusiyadakı səfirliyi də Rusiya Ədliyyə Nazirliyindən izahat tələb etməlidir: “Bütün bu prosedurlar həyata keçirildikdən sonra Azərbaycan tərəfi hüquqi normalara uyğun qərar çıxara bilər. Zənnimcə, bütün cavablar geniş ictimaiyyətə açıqlanmalı, müvafiq müzakirələr aparılmalıdır. Bundan başqa, Azərbaycandakı Rus İcması da Rusiya rəhbərliyinə sorğu ünvanlamalıdır”.

Image result for “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə əməkdaşımıza bildirib ki, Kreml son addımı ilə Azərbaycana xoş olmayan mesaj göndərdi, Ermənistan hakimiyyətini və erməni lobbisini sevindirdi: “Görünür, Azərbaycanın əsas iştirakçısı olduğu TAP, TANAP boru xətləri, Bakı-Tiflis-Qars dəmiryolu layihəsi Kremlı qıcıqlandırır. Buna görə də ruslar Azərbaycana zərbə vurmaq yolunu tutublar”. E.Şahinoğlunun sözlərinə görə, rəsmi Bakı Moskvanın bu “mesajını” cavabsız qoymamalıdır, əks halda, bizi zəif bilib daha çox üstümüzə gələcəklər: “Rusiya ilə əməkdaşlığın bütün sahələri ciddi təftiş olunmalıdır. Silah alınması üçün başqa ölkələrin axtarışına baş vurulmalıdır. Həqiqi müttəfiqlərimizlə əlaqələri genişləndirməli, Avropa İttifaqı ilə qısa müddətdə strateji əməkdaşlıq sazişini imzalamalı, Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmalıyıq. Əslində Ümumrusiya Azərbaycanları Konqresinın quruca adı qalmışdı, fəaliyyəti də nəzərə çarpmırdı. Bu təşkilatın qeydiyyatı ləğv olunsa da, Rusiyada azərbaycanlıları birləşdirən başqa təşkilatın təsis olunmasına ehtiyac var. Ancaq bu dəfə elə etmək lazımdır ki, yeni yaranan qurum işlək olsun və Ümumrusiya Azərbaycanlıları Konqresindən fərqlənsin”.
Qeyd edək ki, Milli Məclisin ötən iclaslarından birində də Rusiyanın bu addımına kəskin etirazlar olmuşdu və ermənipərəst qüvvələrin təhriki ilə atılan addımlardan çəkinmək üçün çağırışlar edilmişdi. Ancaq Moskva Bakıdakı çağırış və etirazları, hətta Azərbaycan Rus İcmasının rəhbərliyinin rəsmi müraciətini nəzərə almadı. Mayın 16-da Milli Məclisin növbəti plenar iclasında da yəqin ki, bu məsələnin müzakirəsinə xüsusi yer ayrılacaq.

Həmçinin oxuyun

Azərbaycanda nikah və boşanmaların statistikası açıqlanıb – RƏSMİ

Azərbaycanda bu ilin ilk dörd ayında qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb. Dövlət …

Bir cavab yazın