Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Rusiyada Azərbaycan diasporunun parçalanmış vəziyyəti ancaq ziyan gətirir

Rusiyada Azərbaycan diasporunun parçalanmış vəziyyəti ancaq ziyan gətirir

Samir Adıgözəlli: «Təbiidir ki, bunun ən böyük ziyanı azərbaycanlılara və bizim dövlətə dəyir»

«Bizim Rusiyadakı diasporumuzda insanları bir-birilə üz-üzə qoyurlarsa, nəticədə biz ümumən zəifləyirik»

Azərbaycanın ən böyük diasporu Rusiyadadır. Ancaq təəssüflər olsun ki, ən gərgin vəziyyətdə olan diaspor qurumlarımız da məhz oradadır. İş o yerə çatdı ki, ömrü boyu Azərbaycanda yüksək postlar tutan və adları heç də yaxşı mənada çəkilməyən şəxslər də işsiz qaldıqdan sonra gedib Moskvada «diaspor» fəalına çevrildilər.
Bunlardan biri də baş nazirin sabiq müavini Abbas Abbasovdur. Onun Rusiyadakı fəaliyyəti ilə bağlı gərginlik pik həddə çatdı. Hətta Abbas Abbasovun azərbaycanlıların ən fəal təşkilatlarından biri – «AzərRos»dakı qarşıdurma mövqeyi ilə bağlı Rusiyada geniş tədbir keçirildi. Keçirilən tədbirdə təşkilatın Ağsaqqallar Şurasının sabiq rəhbəri Abbas Abbasovla tərəfdarlarının xoşagəlməz və süni gərginlik yaradan fəaliyyəti kəskin pisləndi.
Sonda tədbir iştirakçıları, həmçinin Rusiyada mövcud olan Azərbaycan təşkilatlarının rəhbərləri tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinə müraciət qəbul olunub.
Təşkilat rəhbərləri Prezident İlham Əliyevə müraciətdə Azərbaycan vətəndaşı olan Abbas Abbasovla bağlı sərt tədbir görülməsini xahiş etdilər. Məlum oldu ki, bu adamlar Azərbaycan təşkilatları arasında qarşılıqlı anlaşma mühitinin artırılması əvəzinə, şəxsi siyasi məqsədləri naminə fitnəkarlıqla məşğul olurlar.
Bir sıra ekspertlər bu qarşıdurmanın kökündə Söyün Sadıqovla Abbas Abbasov arasında yaşanan gərginliyin durmasını iddia etdi. Nəticədə Abbas Abbasov biabırcasına «AzərRos»dan qovuldu. Ancaq bir faktı qeyd edək ki, bütün bu hallar ən böyük zərbəni məhz Azərbaycan diasporuna vurmuş olur. Belə halın yaranmasının Azərbaycan dövlətinə nə kimi ziyanı olur?
Beynəlxalq Diaspor Mərkəzinin aparat rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, onlar bir qurum olaraq Azərbaycan diasporunun təşəkkül tapması üçün böyük zəhmət çəkiblər: «Açığını deyim ki, bu sahədə nə Söyün Sadıqovu görmüşük, nə də Abbas Abbasovu. «AzərRos»un əvvəlki rəhbəri Söyün Sadıqov idi. Onun nümayəndələri Rusiyanın şəhərlərinə düşüb diasporu parçalamaqla məşğul idilər. İstəyirdilər ki, diaspor sahəsini də inhisarlaşdırsınlar. Sonra Rusiyadakı müəyyən dairələrin sifarişilə bu adamların mövqeyi birləşdi. Vahid cəbhədən çıxış edən Abbas Abbasovla Söyün Sadıqovu birləşdirən ümumi maraq Rusiya hakimiyyəti yanında yaxşı görünmək idi. Rusiyanın həmin layihəsi alınmayandan sonra bu adamlar öz mövqeyini önə çəkməyə başladı. Nəticədə belə ziddiyyət yarandı. Bu çəkişmələrdə Azərbaycan diasporunun maraqları qətiyyən nəzərə alınmır. Korporativ maraqlar hər şeyi önləyib. Təbiidir ki, bunun ən böyük ziyanı azərbaycanlılara və bizim dövlətə dəyir. Diasporlar ona görə yaranır ki, təmsil olunduğu ölkələrdə fəal olsunlar, vətənlərinin marağını qorusunlar, yaşadıqları dövlətlərə təsir imkanları olsun. Bizim Rusiyadakı diasporumuzda insanları bir-birilə üz-üzə qoyurlarsa, nəticədə biz ümumən zəifləyirik. Bunun da Azərbaycan dövlətinə yalnız mənfi təsiri ola bilər».

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …

Bir cavab yazın