Çərşənbə , İyul 17 2019
Ana səhifə / Sosial / Rusiya İlham Əliyevin layihəsini əngəlləməkdən əl çəkir

Rusiya İlham Əliyevin layihəsini əngəlləməkdən əl çəkir

Rusiya prezidenti Vladimir Putinin Azərbaycan qazını Avropa bazarına çıxarmaq üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizinin ikinci hissəsinin-Transadriatik Qaz Kəmərinin təməlinin qoyulmasından cəmi 10 gün sonra Yunanıstana etdiyi rəsmi səfər aşağıdakı nəticəni ortaya çıxarıb: Rusiya Cənub Qaz Dəhlizini əngəllmək cəhdlərini dayandırır və Azərbaycan qazının Avropanın cənubuna nəqli ilə barışıb.

Virtualaz.org xəbər verir ki, Putinin Afinaya ikigünlük səfəri onun tariix məbədlərə baş çəkməsi və qədim yunan imperatorunun kreslosunda oturması kimi maraqlı məqamlarla yadda qalıb. Ancaq TAP-a alternativ hesab edilən İTGİ Poseidon qaz kəməri layihəsinin həyata keçiriləcəyinə dair heç bir bəyanat səslənməyib. Putin bildirib ki, Rusiya Avropa bazarına qaz ixracını genişləndirmək üçün əsas stavkanı Baltik dənizinin dibindən keçən “Şimal axını-II” qaz kəməri layihəsinin həyata keçirilməsinə yönəldəcək.

İTGİ Poseidon qaz kəməri layihəsi hələ 2003-cü ildə irəli sürülmüşdü. Qazın Yunanıstanın şimal-şərqindən İtaliyanın cənubuna nəql etməyi nəzərdə tuturdu, yəni marşrut eynilə TAP-ı təkrarlayırdı.Bu ilin əvvəllərində Bakıda Cənub Qaz Dəhlizində iştirak edən ölkələrin nazirlərinin ikinci işgüzar toplantısının keçirildiyi gün prezident Vladimir Putin “Qazprom” rəhbəri Aleksey Milleri Kremlə çağırdı və onunla söhbətdə İTGİ Poseidon layihəsinə dair Yunanıstan və İtaliya ilə əldə edilmiş ilkin razılaşmanın əhəmiyyətini vurğuladı. Və tamamilə aydın idi ki, Rusiya “Qazprom”un Avropa bazarında inhisarçı mövqeyini zəiflədəcək TAP layihəsinin həyata keçirilməsindən heç də məmnun deyil və alternativ layihələr irəli sürməklə Avropanın cənubundakı mövqelərini qoruyub saxlamaq istəyir.

Lakin Putinin və “Qazprom”un planlarına geosiyasi təlatümlər mane oldu. Əvvəlcə Rusiya Türkiyə ilə birlikdə “Türk axını” layihəsini irəli sürmüşdü və bu layihəyə əsasən ildə 30-40 milyard kubmetr Rusiya qazı Türkiyə-Yunanıstan sərhədinə, eynilə TANAP kəmərinin TAP-la birləşəcəyi məntəqəyə çıxarılmalı idi. Tərəflər “Türk axını” layihəsinə dair səs-küylü bəyanatlar verdilər və hətta işə başladılar.

Doğrudur, çox keçmədən Türkiyədəki parlament seçkilərində AKP təkbaşına hökumət formalaşdırmaq üçün yetərli səs toplaya bilmədi və ölkə bir müddət hökumətsiz qaldı. Nəticədə “Türk axını”ına dair razılaşmanın Türkiyə parlamentində ratifikasiyası baş tutmadı. Ardınca isə Suriya məsələsinə görə Türkiyə ilə Rusiyanın münasibətləri korlandı, Su-24 bombardmançısının vurulmasından sonra “Türk axını” layihəsini də qaldırıb rəfə qoydular. Bu haqda söz-söhbətlər kəsildi.

Lakin ilin əvvəllərində “Qazprom” digər toz basmış layihəni-İTGİ Poseidon qaz kəməri layihəsini gündəmə gətirmişdi və bu layihəyə dair formal razılaşma əldə etmişdi. İndi isə Putinin Afinaya səfəri zamanı həmin layihənin həyata keçiriləcəyinə dair heç bir bəyanat səslənməyib. Putinin mayın 27-də axşam Yunanıstan baş naziri Aleksis Tsiprasla keçirdiyi mətbuat konfransında energetika sahəsində ikitərəfli əməkdaşlığa dair formal bəyanatlar səslənib, ancaq İTGİ Poseidon layihəsinə dair memorandumun reallaşmasına yönəlmiş heç bir razılaşma açıqlanmayıb.

Hərçənd ki, Putin Afinaya yola düşməzdən əvvəl “Cənub axını” qaz kəməri layihəsini diriltmək üçün müəyyən təşəbbüslər göstərib. O, Serbiyanın baş naziri Aleksandr Vuçiçi Kremldə qəbul edib. Bundan əvvəl isə xarici işlər naziri Sergey Lavrov “Cənub axını”nın digər iştirakçısı Macarıstana səfər etmişdi. “Cənub axını” qaz kəməri layihəsi Avropa İttifaqının tələbi ilə dayandırılıb, Brüssel hesab edib ki, bu layihə Avropa Enerji Xartiyasının tələblərini pozur. Rusiya planlaşdırmışdı ki, “Cənub axını” layihəsini həyata keçirərək Ukrayna ərazisindən Avropaya qaz nəqlini dayandıracaq.

İTGİ Poseidon layihəsi “Cənub axını”nın Bolqarıstandan yan keçən variantının həyata keçirilməsi üçün vacib idi. “Qazprom” nəzərdə tuturdu ki, “Cənub axını”nın sualtı hissəsini Yunanıstan sahillərinə qədər çəksin, oradan qaz İTGİ Poseidon kəməri ilə İtaliyanın cənubuna, daha sonra Macarıstana və digər region ölkələrinə nəql edilsin. Ancaq belə görünür ki, Moskvanın bütün səylərinə baxmayaraq Tsipras Qərbin dəstəklədiyi TAP layihəsini həyata keçirməyə, ona alternativ layihələri kənara qoymağa üstünlük verib.

Əks halda Yunanıstan Avropa İttifaqının maliyyə yardımlarından və Beynəlxalq Valyuta Fondunun kreditlərindən məhrum ola bilərdi. Çünki ABŞ Rusiyanın Cənub Qaz Dəhlizinə alternativ olan təşəbbüslərinə açıq şəkildə qarşı çıxıb, Yunanıstan hökumətinə Cənub Qaz Dəhlizinin həyata keçirilməsini sürətləndirmək üçün güclü təzyiqlər göstərib.

Beləliklə, Putinin TAP-ın təməlinin qoyulmasından 10 gün sonra Yunanıstana etdiyi səfərin nəticələrinə əsasən Azərbaycan qazının Avropanın cənubuna nəqli layihəsinə hər hansı rəqib qalmır. Həm Azərbaycan, həm Avropa üçün mühüm strateji əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizinin yolunu hansısa formada kəsməyə yönəlmiş qaz müharibələri Bakının qələbəsi ilə bitir…

Həmçinin oxuyun

Elmi İnstitutda “travmotoloji bazar” – VİDEO

Azərbaycanın səhiyyə sistemində korrupsiya və rüşvət faktorunun olması artıq danımaz faktora çevrilib. Hər il dövlət …

Bir cavab yazın