Cümə , Avqust 23 2019
Ana səhifə / Sosial / Rusiya ilə anlaşmaq, İranı təsirsiz ünsürə çevirmək… – TƏHLİL

Rusiya ilə anlaşmaq, İranı təsirsiz ünsürə çevirmək… – TƏHLİL

Rusiyanın Suriyadakı hərbi varlığı və İranın bu ölkədə böyük  təsirə sahib olması Suriyanı böhrandan uzaqlaşdıraraq, ABŞ və tərəfdaşlarını gücsüz mövqedə qoydu.

Bəs, hazırda Suriya məsələsində ABŞ-ın öz prioritetlərini dəyişdirməsinin səbəbləri nədir? Bu dəyişikliklər özü ilə hansı nəticələri gətirəcək?

ABŞ Suriya böhranının başladığı 2011-ci ildən bəri Bəşər Əsədin devrilməsinə israr edirdi. Eyni zamanda, Suriyanın Əsəd sonrası naməlum gələcəyi də ABŞ-ı bu mövzuda dəqiq alternativ tapmağa məcbur edirdi. Buna görə də, Birləşmiş Ştatların Suriya siyasəti bu hədəflərə hesablanmışdı:

– Bəşər Əsədin devrilməsi,
– İŞİD və digər terror təşkilatları ilə mübarizə,
– Əsəd əleyhdarı olan “mötədil” müxalifəti möhkəmləndirmək.

Bu hədəflərin İran və Rusiyanın tətbiq etdiyi strategiyalarla böyük fərqini nəzərə alsaq, ABŞ-ın Suriyada apardığı “səbr və gözləmə” siyasətinin Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin regional hərəkətliliyinə yol açdığını görürürük.

Görülən həm də budur ki, həmin siyasətin başqa bir məqsədi Bəşər Əsəd ilə Rusiya ordusunun təkfirçi-terrorçu təşkilatlara qarşı ümumi mövqeyini və sonda hansı tərəfin uğurlu ola biləcəyini müəyyən etmək idi.

Lap əvvəldən amerikalı ekspertlər təxmin edirdi ki, Əsədin Suriyanı idarə etməsi çox davam etməyəcək, Rusiya üçün isə Suriya yeni Əfqanıstan olacaq.

Beləcə, Suriyadakı böhran və müharibənin davam etməsi, ABŞ-ın planlaşdırdığı təməl siyasətə uyğun olaraq, ölkədə bir-birinə düşmən iki böyük qrupu qarşı-qarşıya gətirdi: bir tərəfdən, təkfirçi-terrorçular, “əl-Qaidə” və ona bağlı təşkilatlar, digər tərəfdən, Suriya və bu ölkəni müdafiə edən İran və “Hizbullah”.

Zaman keçdikcə bu qrupların getdikcə “qan itirməsi” məqsədi güdən strategiyanın yanlışlığı ortaya çıxdı. Çünki bütün təzyiqlərə baxmayaraq, Bəşər Əsəd ayaqda dayanaraq siyasi həyatını davam etdirməyi bacardı və buna əlavə olaraq, İran və “Hizbullah”ın köməkləriylə itirdiyi bəzi imkanları belə yenidən kompensasiya edə bildi.

Rusiyanın Suriyadakı hərbi varlığı və İranın bu ölkədə böyük bir təsirə sahib olması, Suriyanı dərin böhrandan uzaqlaşdıraraq ABŞ-ın rəhbərlik etdiyi koalisiyanı gücsüz mövqedə qoydu.

Bu şərtlərdə, ABŞ Suriyadakı maraqlarını qorumaq üçün yeni bir nizamlanma axtarışı ilə fərqli siyasət yürütməyə başladı.

Ağ Ev sözçüsü Şon Spayser son günlərin birində deyib: “Əsəd məsələsində mövcud siyasi gerçəyə əsaslanıb onu bu anda olduğumuz şərtlərə görə qəbul etməliyik. Keçmiş administrasiya Əsədlə əlaqədar bir çox fürsəti itirdi. İndiki prioritetimiz yalnız İŞİD-i çökdürməkdir”.

ABŞ-ın Suriyada artıq Əsədin devrilməsindən deyil, İŞİD-i məğlub etmədən danışması mühüm mesajdır. Əslində, İŞİD-i məğlubiyyətə uğratmaq bu ölkədə ABŞ və Rusiyanın elan etdiyi təməl siyasətdir.

İlk baxışa əsasən bu yeni siyasətin hədəfləri – Rusiyaya yaxınlaşaraq, Suriyanın gələcəyinə dair uyğun bir razılaşma əldə etmək və İranı Suriya böhranında aktiv oyunçudan təsirsiz ünsürə çevirməkdir.

Yeni şəraitdə, bütün fərziyələrə əsasən, Suriya ABŞ ilə Rusiyanın dalaşdığı bölgə yox, iki ölkənin razılaşdığı bir arena ola bilər.

Bəşər Əsədin Suriya daxilində mövqeyinin güclənməsi ilə birlikdə, Avropanın zahirən Suriya dövlətinə yönəlib Əsədin gücdən çəkinməsinə dair əvvəldən müdafiə etdiyi yanaşmadan fərqli olaraq, ABŞ gerçəkləri qəbul etməyə və Əsədə qarşı münasibətdə rəftarını dəyişdirməyə məcbur olub.

Əvvəllər Əsəd əleyhdarı olan bütün müxalifləri “terrorçu” adlandıran Rusiyanın da tədricən ABŞ-ın dəstəklədiyi “mülayim” müxalifəti rəsmən tanıyacağı təxmin edilir.

Beləcə, ABŞ və Rusiya arasında mövcud olan Suriya polemikasının qeyd olunan çərçivədə həll edilməsi bu böhranın hansı istiqamətdə davam edəcəyindən asılıdır.

Strateq.az

Həmçinin oxuyun

Çörəyimizə daha yağ sürtmürük – kərə yağı yeyənlər 28 faiz azalıb ₽

Azərbaycanda kərə yağının istehlakı kəskin şəkildə azalıb. Dövlət Statistika Komitəsinin açıqladığı ərzaq balansından aydın olur …

Bir cavab yazın