Şənbə , Yanvar 23 2021
Ana səhifə / Sosial / “Rusiya “idarə olunan xaos”u durdurdu…” – DƏYİRMAN

“Rusiya “idarə olunan xaos”u durdurdu…” – DƏYİRMAN

Bu saat dünyanın və regionun taleyinin supergüclərin baş-başa gəldiyi Suriyada həll olunduğunu desək, yəqin ki, yanılmarıq. Bir yandan da son günlər rəsmiləri dalbadal Bakıya təşrif buyuran Rusiya amilinin Suriya ilə yanaşı, dünyada da güclənməsi baş verir… Rusiya-Türkiyə-Qərb qarşıdurması barədə yaranan ajiotajın arxasında, əslində, nələr dayanır? 2011-ci ildən başlayaraq, Qafqaza doğru irəliləyən “ərəb baharı” – “idarə olunan xaos” davam edirmi? Bu ətrafda yaranan sualları “üyütmək” üçün “Dəyirman”da növbəti dəfə tanınmış siyasi analitik Tahir Cəfərli ilə “işlədik”…

“Rusiyanı boş-boşuna ayı ilə müqayisə etmirlər…”

– Tahir müəllim, Suriyada baş verən son olaylara səthi yanaşanda belə təəssürat yaranır ki, buradakı proseslərə hərbi gücü ilə müdaxilə edən Rusiya da ABŞ-ın baş rolda olduğu “idarə olunan xaos” tamaşasının oyunçularından biridir. Siz necə düşünürsünüz?
– Əslində, gerçəklik tamam başqa cürdür. Bu saat dünyada baş verənləri izləsək görərik ki, Rusiyaya qarşı sanksiyalardan sonra Avropanın dağılması fonunda, əksinə, Rusiyanın güclənməsi baş verir. Artıq Kreml dünya ölkələrinə yeni özünü aparmaq və idarə etmək qaydaları diktə etməkdədir. Bu, elə güclü prosesdir ki, bunun qarşısını heç bir dövlət ala bilməz. Çünki Rusiyanın özünüqoruma mexanizmi işə düşüb və bu mexanizmi dayandırmaq, dünyanı apokalipsisə- qiyamətə apara bilər. Rusiyanı ayı ilə boş-boşuna müqayisə etmirlər. Ayının bütün xüsusiyyətləri onda vardır. Ayı ilin altı ayını yatır. Amma oyanan kimi öz meşəsində səliqə yaratmağa başlayır. 21 fevral 2014-cü ilə qədər “rus ayısı” yatırdı. Ukraynada dövlət çevrilişi ilə “rus ayısı”nı qış yuxusundan oyatdılar. Və o, öz “meşə”sində səliqə-sahman yaratmağa başladı. Yanukoviçin hakimiyyətdə qalmasında maraqlı olan Rusiya birdən anladı ki, bundan faydalana, Ukraynanı parçalayıb, yeni torpaqlar əldə edə bilər. Nəticədə Moskva Ukraynanın ən “ləzzətli tikə”sini – Krımı geriyə aldı və üstəlik, Şərqi Ukraynada de-fakto Donbas və Luqansk respublikalarını yaratdı. Bəziləri belə düşünürlər ki, Krımı və Şərqi Ukraynanı götürməklə Rusiya uduzdu. Ərazisini genişləndirən ölkə necə uduza bilər? Əksinə, Donbas və Luqanskdakı döyüşlər və Qərbin sanksiyaları Rusiya Hərbi Sənaye Kompleksinin (HSK) işini sahmana saldı. Yəni sovet dövründən qalan bu sistem var gücü ilə irəliləməyə başladı. Rusiya rəhbəri V.Putin daxili istehsalı gücləndirdi. Rusiya elə silahlar ortaya çıxardı ki, onların qabağına çıxacaq silah bu saat dünyada mövcud deyil. Və bu gün Rusiya həmin silahları Suriyada tətbiq etməklə, əslində, “idarə olunan xaos”un qarşısını alır…

Azərbaycan Rusiyanın Suriyaya girməsindən uddumu?

– Tez-tez açıqlamalarınızda söyləyirsiniz ki, Azərbaycan Rusiyanın Suriyaya girməsindən uddu. Bunu necə əsaslandırırsınız? Ümumiyyətlə, Rusiya Suriyaya niyə girdi?
– Məlumdur ki, son aylaradək ABŞ-ın Şimali Afrikada, Yaxın Şərqdə və Əfqanıstanda apardığı “idarə olunan xaos” siyasətinin qabağını alan qüvvə yox idi. “İŞİD”ın ortaya çıxması və Yaxın Şərqdə xilafət elan etməsi də xaos siyasətinin tərkib hissəsidir. Gəlin, obyektiv olaq. Bu şəraitdə Rusiya öz silahını Qərbin silahına qarşı qoymalı idi. Çünki Qərb Suriyanı hərbi poliqona çevirmişdi və “İŞİD” onun Suriyaya girməsini təhdid edirdi. Rusiya qanuni yollarla Əsədin köməyinə gəldi və Qərbin gözləmədiyi silahları ortaya çıxardı. SSRİ-nin dağılmasının səbəblərindən biri 1991-ci ildə ABŞ-ın İraqda sovet silahlarını susdurması idi. Əgər Rusiya Suriyada qalib gəlməsəydi, onun da dağılma təhlükəsi vardı. Aydındır ki, bu dağıntının altında Azərbaycan da qala bilərdi. Suriyaya girməkdə böyük risk edən V.Putin, deyəsən, hər şeyi ölçüb-biçmişdi. Yeni silahları sınaqdan çıxarmaq üçün Suriya daha geniş məkan olmaqla, həm də Rusiyanın gücünü göstərmək üçün geniş imkan yaradırdı. Eyni zamanda Qərbin, daha doğrusunu desək, ABŞ-ın ortaya atdığı “İŞİD”in qarşısını almaq lazım idi. Çünki bu hərbi-siyasi məkanda formalaşmış və geniş bir ərazini tutmuş “İŞİD” artıq Qərbin də nəzarətindən çıxmaqla, Avropada kütləvi miqrant problemi yaratmaqla onun da düşməninə çevrilməkdə idi. Hərbi nöqteyi-nəzərdən “İŞİD” çox mobil ordu dəstələrinə malikdir və partizan döyüşünü yeni silahlarla təkmilləşdirib. Bu qurum geniş ərazidə döyüş apara bilir və böyük ordu birləşmələrini sıradan çıxarmaq imkanına malikdir. Çox çevik, qaniçən, bir yerdə dayanmayan belə silahlı dəstələrin qarşısını almaq faktiki olaraq qeyri-mümkün görünürdü…

“Qərb elə bildi ki, yenicə yuxudan qalxmış “rus ayısı” gücsüzdür…”

– Belə çıxır ki, əgər “İŞİD”in qarşısı alınmasaydı, onların işğal dairəsi daha da genişlənə, hətta Qafqazadək gəlib çıxa bilərdi. Yəni, Rusiya vaxtında işə qarışdı?
– Bəli, Qərb anladı ki, tezliklə “İŞİD” özünün şərtlərini irəli sürəcək və nəticədə, doğrudan da, böyük bir terrorçu dövlətə çevrilə bilər. Fransadakı silahlı terrorlar “İŞİD”ə qarşı Avropanı birləşdirdi. Ancaq “İŞİD”lə mübarizə zamanı Qərbin strateji baxımdan ona qalıb gəlmək imkanı olmadığı üzə çıxdı. Rusiyanın regiona baş soxması və Suriya Prezidenti Əsədin legitimliyini tanımasını bəyan etməsi, demək olar ki, ölmüş siyasi meyidi diriltdi. Suriyanı mühasirəyə almış, parçalamağa hazır olan, region dövlətləri elə düşünürdülər ki, yenicə yuxudan qalxmış “ayı” gücsüzdür. Onlar güman edirdilər ki, Rusiya bura girsə, ciddi iqtisadi, siyasi təzyiqlərlə üzləşəcək, və bu, onun üçün acınacaqlı olacaq. Türkiyənin ortaya düşməsi o demək idi ki, NATO qoşunları Suriyaya girəcək. Belə olduğu halda, Rusiyanın orada qalacağına inanmaq olmazdı, çünki Ukraynadakı silahların qabağını almaq üçün NATO Türkiyəni əməlli-başlı silahlandırmışdı. Və onlardan istifadə edib, “rus ayısı”nı yerində oturtmağa çalışdılar. Ancaq anlamırdılar ki, qış yuxusundan oyanmış ayı “öz meşəsini səliqə-sahman salmayınca” sakit durmayacaq. Amma “İŞİD”ı bombalamaq adı ilə NATO Suriyanı dağıtdığı an “ayı” “öz caynaqlarını” göstərdi – Xəzərdən Suriyaya atılan qanadlı raketlər

Qərbi və regionu şok vəziyyətə saldı…

– Niyə? 

– Rusiyanın “Kalibrisi”nin, yəni qanadlı raketinin qarşısını alan bir silah tapılmadı. Xəzərdən atılan silahın analoqu yox idi. Və bu silah vasitəsi ilə istənilən nöqtəyə atom başlığı da çatdırıla bilərdi. Belə olduğu halda NATO və ABŞ Rusiyanın atom hücumunun qarşısını ala bilmirdi. “RHM” deyilən bütün layihələr öz əhəmiyyətinin itirirdi. Faktiki olaraq rus silahının qarşısında heç bir ölkə dayana bilmədi…

“Türkiyə Qərbin qurbanı oldu”

– Bəs onda Türkiyə rus təyyarəsini niyə vurdu? Axı o zaman Rusiyada belə silahlar olduğunun şahidi idi?
– Buna Türkiyə rəhbərliyinin həm siyasi, həm hərbi, həm də iqtisadi səhvi kimi baxsalar da, bunun arxasında başqa faktorlar durur. Qərb inana bilmirdi ki, Rusiyanın belə silahları çoxdur. Bir də Amerika kəşfiyyatının əlində Rusiyanın yeni silahları haqqında heç bir məlumat yox idi. Qərb Türkiyəyə Rusiya təyyarəsini arxadan vurdurmaqla həm də Rusiyanın yeni texnikadan bir daha istifadə edib-etməyəcəyini öyrənmək istəyirdi. Rusiya da bir daha Xəzərdən qanadlı raket atdı və nəyə malik olduğunu göstərdi. Üstəlik, yeni, gözə görünməz təyyarəsini – “SU-35” təyyarəsini də Suriyaya göndərdi. Qərb bu texnikanın qabağını almağa gücü olmadığından, geri çəkildi və nəticədə ABŞ yaxasını qurtarmaq üçün Suriyada sülhə gəldi. Bununla ABŞ istəsə də, istəməsə də, “idarə olunan xaos siyasətinin” iflası ilə razılaşdı. Türkiyə isə faktiki olaraq Qərbin qurbanı oldu. NATO Türkiyənin Suriyaya girəcəyi an 5-ci maddəni əsas tutacağını inkar etdi və Türkiyə dar ayaqda qaldı…

“Suriyada sülh yaranmasa, Avropanı da xaos bürüyərdi”

– Putinin təklifi ilə Qərb niyə sülhə getdi?
– Öz simasını itirməmək üçün. Çünki Qərb Rusiyanın silahlarına qarşı heç nə qoya bilmədi. Qərbin Suriyada və ümumiyyətlə, bu regionda xaos yaratması Qərb ölkələrinin öz başında çatladı, qaçqınlar ordusu Avropanı faktiki olaraq dağıtmağa başladılar. Konfliktin davam etməsi, Avropanın dağılması demək idi. Əlbəttə ki, regionda sülhün təmin edilməsi qaçqınların geriyə qaytarılmasına şərait yaradır. Qərb ölkələri suriyalıları, deyəsən, geriyə qaytarmaq niyyətindədir. Belə olmasa, Avropanı da xaos bürüyə bilər. Sülhün təmin olunması Avropa ölkələrinin xeyrinədir.

“Türkiyə niyə Ermnistanın üstünə qoşun çəkmədi?”

– Hesab edirsiniz ki, NATO-nun Türkiyəni dəstəkləməməsinin bir səbəbi də budur?
– Bəli, genişmiqyaslı müharibə, Avropanı dağıda bilərdi. Ancaq bu müharibə ABŞ-n həyata keçirtdiyi xaos siyasətinin ayrılmaz hissəsi idi. Türkiyənin Suriyaya sərhədinə qoşun çəkməsini türkmanların qoruması ilə əlaqələndirsə də, bu heç də həqiqətə oxşamır. Əgər belə idisə, niyə Türkiyə 1990-cı illərdə 20% torpaqlarımızı işğal etmiş Ermənistanın üstünə qoşun çəkmirdi? Türkiyənin regiondakı rolu ABŞ-dan gələn əmrlərə əməl etməkdən ibarətdir. ABŞ-ın geri çəkilməsi, Türkiyənin geri çəkilməsinə səbəb olacaq…

“Ruslar heç vaxt Kürdüstan yaradacaqlarını deməyiblər”

– Bəs kürd məsələsi necə olacaq?
– Əfsuslar olsun, kürd məsələsini Moskva ilə əlaqələndirən Türkiyə və Azərbaycanın bir sıra KİV-idir . “PKK”nı Moskva yaratsa da, əslində, SSRİ dağılandan sonra bu təşkilat tamlığı ilə ABŞ-ın nəzarətində və himayəsindədir. İraqda Kürdüstan yaradılması da Vaşinqtonun ssenarisi idi. Əgər Suriyada ruslar hücuma keçsəydilər, kürdlərə zərbə dəyirdi. Amerikanlar sülhə getməklə kürdlərə havadarlıq etdilər. Türk qəzetləri kürdlərlə bağlı məsələləri rusların üstünə atsalar da, başqa bir həqiqət var: ruslar heç vaxt Kürdüstan yaradacaqlarını deməyiblər. Bu həqiqəti deməməsi Türkiyə KİV-in okeanın o tayından idarə olunduğu hiss olunur. Jirinovskinin “kürdləri silahlandırıb” Türkiyənin üstünə “göndərməsi” isə Vaşinqtonun kürdlərlə əlaqəsini malalayır…

“İŞİD” vasitəsilə Qafqazda vəziyyət gərginləşdirilə bilərmi?

– Suriyada sülh elan edilsə də, axı hələ “İŞİD”lə döyüşlər qurtarmayıb. Rusiya isə ara-sıra bombardımanları davam etdirir…
– Sülhə gedənlər, əlbəttə ki, “İŞİD”ı aydın şəkildə hədəfə gətirəcək. Harada “İŞİD”çi dəstələrinin olduğu ortaya çıxacaq. Bu saat Suriyada Rusiya hərbi komandanlığı bu işlə məşğuldur. Sülhə gəlməyənləri isə aradan götürmək daha da asanlaşacaq. Bax, burada başqa problemlər ortaya çıxır. “İŞİD”in silahı qoyub qaçan dəstələri Qafqaza qayıda bilər…
– Belə olsa, Qafqazda vəziyyət gərginləşə bilərmi?
– İnanmıram ki, bu, belə olsun. Çünki “İŞİD”i yaradanlar, gördülər ki, daha ruslar onların aradan götürülməsi taktikasını bilirlər və rus silahına qarşı onların vuruşması qeyri mümkündür. Bu saat Rusiya və ABŞ-n bütün strateji planları üstüsə düşür, odur ki, tezliklə regionda tam sülh bərqərar olacaq…
– Bəs Türkiyə?
– Suriyaya müdaxilə edən Türkiyənin taleyi acınacaqlı olacaq. Ərəblər bir dəfə Osmanlıya qarşı qalxdılar və ingilislərin əli ilə imperiyadan uzaqlaşdılar. İndi Atatürk respublikasını kürdlərin əli ilə dağıdırlar və artıq bu, vətəndaş müharibəsinə çevrilməkdədir. Əgər Suriya hadisələrinə qədər kürdlərin arxasında Qərb durmuşdusa, rus təyyarəsinin arxadan vurulması, rusların da kürdlərin arxasında durmasına gətirib çıxartdı. İndi sülh şəraitində Kürdüstanın Suriyada da muxtariyyətinin yaradılacağı göz qabağındadır. Bunun Türkiyəyə mənfi təsiri olacağına isə şübhə yoxdur. Hərdən bizə elə gəlir ki, bütün oyunlar Türkiyənin başında çatlaması üstündə qurulub…
– İndi Səudiyyə Ərəbistanı da birləşmiş İslam ordusu tərkibində Suriyaya girmək istəyir…
– Ancaq girəcəkmi? Səudiyyəlilər yaxşı silahlansalar da, onların silahı da rus silahına uduzur. Yuxarıda qeyd etdiyim kimi, Suriyada Qərb silahı rus silahına uduzdu və ABŞ-n “idarə olunan xaos”una son qoydu. Əsas məsələ budur…

 Sultan Laçın, hafta.az

Həmçinin oxuyun

Cərimələr silinir, plyonkaya icazə verilir

“İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklər müsbət addımdır. Biz neçə ildir ki, bu barədə təklif …

Bir cavab yazın