Ana səhifə / Sosial / Rusiya Böyük Vətən Müharibəsində həlak olan azərbaycanlıların sayını saxtalaşdırır… – SƏNƏDLƏR

Rusiya Böyük Vətən Müharibəsində həlak olan azərbaycanlıların sayını saxtalaşdırır… – SƏNƏDLƏR

Rusiyanın  elmi-akademik dairələri Böyük Vətən Müharibəsində döyüşən azərbaycanlıların sayını təhrif edən saxta sənədləri elmi-kütləvi kitablara daxil edirlər.

Böyük Vətən Müharibəsində SSRİ-nin insan itkilərinin statistik nəticələrini təqdim edən “Rusiya və SSRİ 20-ci əsrin müharibələrində” adlı kitabda Hitler Almaniyasına qarşı müharibədə səfərbərliyə alınaraq cəbhədə həlak olan azərbaycanlıların sayında ciddi təhrifə yol verilib.

Kitabın “Geridönməz itkilər” bölməsində bu müharibədə həlak olan sovet əsgərlərinin etnik tərkibi göstərilib. Təqdim olunan cədvəldə Böyük Vətən Müharibəsi zamanı cəmi 58 min 400 nəfər azərbaycanlı əsgərin həlak olduğu göstərilir.

Ermənilərin bizdən daha çox itki verdiyi qeyd olunub. Onların həlak olanlarının sayı 83 min 700 nəfər, gürcülərin isə 79 min 500 nəfərdir.

Kitab 2001-ci ildə hərb elmləri namizədi, Rusiya Hərbi Elmlər Akademiyasının professoru, general-polkovnik Krivoşeyevin ümumi redaktorluğu altında nəşr olunub. Rusiya imperiyasının və SSRİ-nin iştirak etdiyi müharibələrdəki itkilərin statistik araşdırması əks olunmuş kitab SSRİ Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin üzərindən “məxfi” qrifi götürülmüş sənədləri əsasında hazırlanıb.

Girişdə qeyd olunur ki, “adıçəkilən kitab SSRİ-nin Böyük Vətən Müharibəsində məruz qaldığı əsgər-zabit itkiləri ilə bağlı müxtəlif illərdə çap edilən və dəqiqliyi şübhə doğuran publisistik və memuarların yaratdığı sualları aradan qaldırmaq üçün” nəşr olunub.

Müəlliflər iddia edirlər ki, SSRİ-nin bu sənədlər üzərində “məxfi” qrifini götürməsindən sonra yazılan müxtəlif kitablar özfəaliyyət olub və kitablarda əsasən şəxsi mülahizələr və faktlarla təsdiq olunmayan xatirələr əks olunub: “Bir sıra KİV-lərdə sovet ordusunun itkiləri barədə şübhəli məlumatlar dərc olunur. Bütün bunlar məsələnin əsl mahiyyətinin təhrif olunmasına gətirib çıxarır”.

Kitabın müəllif kollektivi 1988-1993-cü illər ərzində sovet ordusu, donanması, sərhəd və NKVD-nin daxili qoşunlarının arxiv sənədləri və digər materialları üzərində kompleks statistik araşdırmalar aparıb.

Bunun üçün ordu generalı S. Ştemenkonun rəhbərlik etdiyi Baş Qərargahın İtkilərin müəyyən edilməsi üzrə komissiyasının nəticələrindən (1966-68) və 1988-ci ildə ordu generalı Qareevin rəhbərliyi ilə Müdafiə Nazirliyi tərəfindən yaradılan analoji komissiyanın yekun nəticələrindən istifadə edilib.

Kitab müəllifləri qeyd ediblər ki, “əsas məqsədləri tədqiatçılara, KİV-ə və oxuculara SSRİ-nin müharibədəki insan itkiləri ilə bağlı mötəbər məlumatları təqdim etməkdir”.

Arxiv sənədlərinin araşdırılmasının nəticələrinə görə, Böyük Vətən Müharibəsində (Uzaq Şərqdə 1945-ci ildəki hərbi kampaniya da daxil olmaqla) SSRİ Silahlı Qüvvələrinin insan itkisi 8 milyon 668 min 400 nəfər olub.

Bura müharibənin ilk günündə səfərbərliyə çağırılmış, ancaq hərbi hissəyə çatmamış həlak olan, itikin düşən hərbi mükəlləfiyətçilər daxil edilməyib. Onların ümumi sayı 500 min nəfərdir.

Rusiya vətəndaşları arasında hərbçilərin itkiləri 6 milyon 535 min 100 nəfər olub. Bu, SSRİ Silahlı Qüvvələrinin ümumi demoqrafik itkisinin 71,3 faizidir.

“Rusiya və SSRİ 20-ci əsrin müharibələrində: Silahlı Qüvvələrin itkiləri”kitabı üzərində iş 10 il davam edib.

Bunun üçün böyük həcmdə içində ilkin və son sənədi saxlayan arxiv sənədləri araşdırılıb. Bu nəticələr hərbi əməliyyatlarda iştirak etmiş hərbi hissələrin siyahıları ilə tutuşdurlub. Sənədlərin analizi əsasında SSRİ ilə faşist Almaniyası arasında insan resursları ilə bağlı balans aparılıb. Bu, itkilərin miqyasını müəyyənləşdirməyə imkan verib.

Kitab elmi-akademik dairələr tərəfindən yüksək qiymətləndirilib və Londonda “Qrinhil Books” nəşriyyatında ingilis dilində çap edilib.

Kitabın hazırlanmasında SSRİ-nin və Rusiya Baş Qərargahının, müxtəlif silahlı qüvvələrin arxiv sənədlərindən istifadə olunub. Bura SSRİ Müdafiə Nazirıiyinin Mərkəzi Arxivi, Sovet Ordusunun Mərkəzi Dövlət Arxivi (inidki Rusiya Dövlət Hərbi Arxivi), Rusiya Dövlət hərbi-tarix arxivi, Hərbi Dəniz Donanmasının Mərkəzi Arxivi, Marksizim-Leninzim İnstitutunun Mərkəzi Partiya arxivi və digər rəsmi dövlət arxivləri daxildir.

Qəribədir ki, bu kitabda əks olunan rəqəm Azərbyacanın elan etdiyi rəqəmlərlə daban-dabana ziddir. Hələ SSRİ dönəmində Azərbaycanla bağlı rəsmi sənədlərdə faşistlərlə vuruşmaq üçün 600 min azərbaycanlının hərbi səfərbərliyə alındığı qeyd olunur. Onların 300 mini döyüş meydanında həlak olub.

İndi bu rəqəmin cəmi 58 min civarında göstərliməsi ciddi mübahisələr doğurur və Azərbaycan tarixçiləri bununla bağlı öz mövqeyini bildirməlidirlər. (Strateq.az)

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın