Bazar , Noyabr 29 2020
Ana səhifə / Sosial / Rus millətçilərinin Ərdoğana Qarabağ həmləsinin arxa görüntüləri…

Rus millətçilərinin Ərdoğana Qarabağ həmləsinin arxa görüntüləri…

“Dağlıq Qarabağ problemi mövcud olduğu andan Türkiyədə hakimiyyətlər dəyişsə də, yanaşma bir olub”
Samir Adıgözəlli: “Türkiyəni proseslərdən kənar saxlamaq istəyirlər ki, Azərbaycan güclənə bilməsin”
Rusiya açıq-açığına Ərdoğanın istefası üzərində siyasətini qurub. Təyyarə qalmaqalından sonra Rusiyanın təbliğat maşını yalnız Ərdoğanın istefası istiqamətində fəaliyyətə start verib. Rusiya Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türkiyənin İŞİD-lə neft sahəsində əməkdaşlığı sübut olunarsa, bu kresloda oturmaram” sözlərini xatırladıb.
Rusiya XİN-in sözçüsü ölkəsinin artıq bunu sübuta yetirdiyini bildirib. Mariya Zaxarova bunu xatırladaraq kreslonun nə vəziyyətdə olduğunu öyrənmək istədiyini bildirib: “Danimarkanın “Rystad Energy” şirkəti Türkiyənin neft qaçaqmalçılığı ilə əlaqəsini göstərən hesabat paylaşdı. Türkiyənin prezidenti cənab Ərdoğan Parisdəki iqlim sammitində jurnalistlərə verdiyi açıqlamada ölkəsinin neft qaçaqmalçılığı sübuta yetirilərsə, kreslosunda oturmayacağını demişdi. Biz onsuz da bunu sübuta yetirdik. Mən, sadəcə olaraq, kresloda vəziyyət necədir, öyrənmək istərdim”.
Noyabrın 24-də Suriyada hərbi əməliyyatda olan Rusiyaya aid “Su-24” qırıcısı Türkiyənin hava sərhədini pozduğu üçün bu ölkənin hərbi aviasiyasına aid “F-16” qırıcısı tərəfindən vurulmuşdu. Bundan sonra iki ölkə arasında başlayan diplomatik gərginlik iqtisadi sanksiyalarla davam edib. Türkiyə Rusiya ilə barışığa dəfələrlə cəhd etsə də, prezident Vladimir Putin rəsmi Ankaradan üzr gözlədiyini bəyan edərək kompromisə getməyib.
Qeyd edək ki, Rusiyanın daxilində fəaliyyət göstərən radikal millətçi dairələr Ərdoğanın qarşısında başqa bir tələb qoyublar. Onlar Ərdoğandan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələyə qarışmamağı məsləhət görür. Rus millətçilərinin bu tip çağırışının arxasında hansı məqamlar durur?
Dünya Azərbaycanlıları Konqresinin aparat rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, Rusiya millətçilərinin səsləndirdiyi bəyanata dövlətin dolayısı ilə ifadə etdiyi bir mövqe kimi baxmaq olar:

“Rusiya siyasətinin maraqlı kombinasiyası artıq hamıya bəllidir. Məsələn, Jirinovski çığır-bağırla fikirləri ifadə edirsə, onun ardınca dövlət mövqeyi həmin çıxışla eynilik təşkil etməyə başlayır. Təyyarə qalmaqalından sonra Rusiyanın Türkiyəyə yönəlik davranışları bütün əndazəni aşıb. PKK-nın bir növü olan HDP ilə məhz bu məqamda əlaqələr qurmaq hansı anlama gəlir? Dəmirtaş kimi bir ünsür millətinə xəyanət etmək kimi bir yol tutub. Onun Rusiyaya tələsik və sevincək səfər etməsinə başqa ad da vermək olmaz. Bu siyasət birbaşa başqa dövlətin daxili işinə müdaxilə deməkdir. Ərdoğanın simasında Türkiyənin Azərbaycanla yaxınlaşması təbii ki, Rusiyanın ürəyincə deyil. Millətçilər adından verilən bəyanatın da məğzində məhz bu məsələ durur. Rusiyanın dəstəyi ilə Qarabağ işğal edilərək ermənilərə verilib. İndi də Türkiyəni proseslərdən kənar saxlamaq istəyirlər ki, Azərbaycan güclənə bilməsin. Amma biz fikir vermişik ki, Dağlıq Qarabağ problemi mövcud olduğu andan Türkiyədə hakimiyyətlər dəyişsə də, yanaşma bir olub. Rusiya millətçiləri bu barədə qəti narahat olmasın. İki qardaş ölkə kimi bizim problemlərimiz də bir sayılır”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərə səfərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

“Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu uzun müddət …

Bir cavab yazın