Bazar , Fevral 25 2024
Ana səhifə / Sosial / Rejissor “Nizami” kinoteatrından pulunu ala bilmədiyini deyir

Rejissor “Nizami” kinoteatrından pulunu ala bilmədiyini deyir

“Getdim, pulumu almağa, dedilər ki, sənin puluna kinoteatrın işıqpulunu ödəmişik”

Kinorejissor Emil Quliyev “Nizami” Kino Mərkəzindən gileylənib. O, “Facebook”da paylaşım edərək bildirib ki, kinoteatr bir il öncə rejissoru olduğu “Mən burada tək olmuşam” filminin prokatından ona ödəniş etməyib.

“Prokat dövrü ərzində müəyyən bir məbləğ yığıldı. Getdim, pulumu almağa, dedilər ki, sənin puluna kinoteatrın işıqpulunu ödəmişik. Onların yerinə mən utandım. Hələ də pulumu ala bilməmişəm. Əslində, heç almaq fikrim də yoxdur. Kinomuzun işığı olmasa da, kinoteatrımız işıqlı olsun”, -Emil Quliyev bildirib. 

Emil Quliyev. Foto: “Facebook”

Sosial şəbəkədə geniş müzakirə olunan mövzuya prodüser, rejissor Fehruz Şamıyev də münasibət bildirib:

Mən statusda yazılan mənada utanmalı bir məsələ görmürəm. “Nizami” onsuz da hər gün hər rejissorun əvəzinə utanır, hər prodüserin əvəzinə əzilib, sıxılır ki, onların vəsaitini qaytara bilmir. “Nizami” rejissorun, prodüserin pulunu sağa- sola xərcləmir, sadəcə, kino camiəsinin ticarət mərkəzlərində, hansısa dəxlisiz zallarda toplanmasına imkan verməmək üçün binanın fəaliyyətini davam etdirməyinə xərcləyir”.

Foto: Fehruz Şamiyevin şəxsi arxivindən

“Nizami” Kino Mərkəzində hər il dövlət idarələrinə məxsus onlarla tədbir, film təqdimatları keçirilir. Amma çoxunun xəbəri yoxdur ki, bu tədbirlər üçün “Nizami” Kino Mərkəzinə heç bir manat da ödənilmir. Çünki Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi buna icazə vermir. Nazirlik əsas gətirir ki, mərkəz Mədəniyyət Nazirliyinin balansındadır və o da film təqdimatları və tədbirləri üçün öz idarəsinə vəsait köçürə bilməz. Digər tərəfdən, “Nizami” Kino Mərkəzi təsərrüfat hesablı idarədir. Mərkəz bu qarışıqlıqda borc içində boğulur və problem neçə ildir davam edir”, – rejissor əlavə edib.

“Nizami” Kino Mərkəzinin kino işləri üzrə direktor müavini Arzu Əhədova Meydan TV-yə məsələni təsdiqləyib:

Arzu Əhədova. Foto: “Nizami” Kinoteatrı

“Elə bir böyük problem yoxdur. Pandemiyadan sonra kinoteatrların fəaliyyəti zəifləyib. Tamaşaçı sayı azalıb. Biz tam təsərrüfat hesablı qurumuq. Ona görə sözsüz ki, çətinliklərimiz var. Amma müqavilə əsasında biz o pulu ödəyəcəyik. Rejissor bizimlə müqavilə bağlayıb və həmin pulu ödəyəcəyik. Borc bizimdir, inkar etmirik”.

Hazırda Bakıda dövlət balansında yalnız bir kinoteatr var, o da “Nizami” Kino Mərkəzidir.

“Nizami” kinoteatrı 1937-ci ildə istifadəyə verilib. 2006-cı ildən kinoteatrlar özəlləşdirilməyə verildikdən sonra onların əksəriyyəti keçmiş Mədəniyyət və Turizm Nazirliyinin balansından çıxarılaraq, sahibkarlar tərəfindən özəlləşdirilib. Sahibkarlar isə həmin kinoteatrları təmir etmək əvəzinə, onlardan biznes və başqa təyinatlı obyektlər kimi istifadə ediblər. “Nizami” kinoteatrı da həmçinin. Teatr yenidən əsaslı təmir edilərək, 2011-ci ildə yenidən istifadəyə verilib. Kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik iki, ikinci mərtəbədə 500 nəfərlik böyük, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kinozalları yaradılıb. Binada Almaniyada, Yaponiyada və Böyük Britaniyada istehsal olunmuş müasir kinoqurğular, səs, işıq, havalandırma, yanğından mühafizə sistemləri quraşdırılıb. Birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə 250 yerlik restoran, həmçinin inzibati otaqlar yaradılıb.

Kinoteatrın direktoru Leyli Mirzəyevadır.

Həmçinin oxuyun

Uşağın bioloji atası olmayan kişi aliment ödəməlidir? – VİDEO

Kişi yeddi ildən sonra övladının bioloji atası olmadığını öyrənib. Bir müddət əvvəl yayılan bu xəbər …