Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Region ölkələri qorxunc ssenari ilə üz-üzə – TƏHLİL

Region ölkələri qorxunc ssenari ilə üz-üzə – TƏHLİL

“Kürd qardaşlarımızın özlərinə aid dövlət qurma xəyalları, onların ən təbii haqqıdır. Buna qarışa bilmərik”. İraqın baş naziri Heydər əl-İbadi belə bəyanatla çıxış edib. O, həmçinin vurğulayıb: “Kürdlərin xəyalına heç kimin mane olmağa haqqı yoxdur. Ancaq belə bir zamanda, İŞİD-lə mübarizə davam edərkən, müstəqillik referendumu keçirmək həm Kürdüstan regional rəhbərliyinin, həm də İraq dövlətinin maraqlarına ziddir”.

“Bəzi qonşu ölkələr, müstəqil Kürdüstanı öz milli təhlükəsizliklərinə təhlükə olaraq görür. Düzdür, buna mane olmaq onların haqqı deyil. Ancaq reallığı da etiraf etmək lazımdır. Əgər referendum baş tutsa, böhran olacaq” — əl-İbadi vurğulayıb.

Qeyd edək ki, Ağ Evin “Böyük Orta Şərq” planı Kürdüstan dövlətinin yaradılmasını da ehtiva edir. Plana əsasən, İraq üç hissəyə (kürdlər, şiələr və sünnilər), Türkiyə, İran və Suriya da müəyyən hissələrə parçalanaraq əvəzində Kürdüstan dövləti yaradılacaq. ABŞ Yaxın Şərqdə monoetnik və təkməzhəbli bir neçə dövlət yaratmaq niyyətindədir. XIX əsrin əvvəllərindən başlayaraq kürdlər dövlət yaratmaq üçün ABŞ və İngiltərə kimi imperialist qüvvələrlə gizli şəkildə müttəfiqlik edirlər.

Yaxın Şərqdə münaqişələr yaratmaq və terrorlar həyata keçirmək üçün kürd separatçıları Qərbin bölgədəki könüllü agentləridir. Kürdlərin separatçı qanadı Kürdüstan dövləti yaradılması qarşılığında Amerika və İngiltərənin istədikləri bütün planları yerinə yetirməyə və onlar üçün yaradılacaq ölkənin həmin qüvvələrin çəkdiyi xətdən kənara çıxmamaq sözünü veriblər.

ABŞ və Britaniyanın kürdləri qızışdırıb ayağa qaldırmaqda güddükləri əsas niyyət — Türkiyə və İranın parçalanmasına nail olmaqıdır. Yaradılacaq Kürdüstan ABŞ-ın Şərqdəki ən güclü forpostu olmaqla yanaşı, bölgədə söz sahibi olan dövlətlərə qarşı dağıdıcı zireh rolunu oynayacaq. ABŞ bölgəyə girişini rahatlaşdırmaq üçün müqavimət göstərən ölkələrə kürdlərin separatçı qanadını əsas problem kimi qabağa verir.

ABŞ-ın planlarını həyata keçirmək üçün kürdlərin qarşısına qoyduğu ilk iş bölgə dövlətlərini Amerika ilə mübarizədə zəiflətməkdir. İsraillə müttəfiq olacaq Kürdüstan, ABŞ-ın adından regionda əhəmiyyətli neft yataqlarına tam nəzarəti ələ keçirməyi planlaşdırır. İlk əvvəl Ağ Ev planlarını sistemli şəkildə həyata keçirmək üçün dünya ictimaiyyətini “kürd həqiqətləri”nə “inandıra” bilib. Planın ikinci mərhələsində tarix boyunca tayfa quruluşundan xilas ola bilməyən kürdlərin özünü millət kimi hiss etməsini və dünyaya da özlərini bu cür təqdim etmələrini həyata keçirdi. Üçüncü mərhələdə isə ABŞ hökuməti, yaşadıqları dövlətlərdə kürdlərin öz müqəddəratını təyinetmə hüququnu verdi.

İraqın parçalanması hesabına müstəqil kürd dövlətinin elan edilməsi uzunmüddətli planda Türkiyə, Suriya, İran və Azərbaycan kimi ölkələrdə ciddi risklər meydana çıxaracaq. Belə ki, müstəqil kürd dövlətinin meydana çıxması “Böyük Kürdüstan” layihəsinin tərəfdarlarını fəallaşdıracaq, nəticədə həmin ölkələrdə yaşayan etnik kürdlər arasında separatçılıq meylləri güclənəcək. Analitiklərə görə, İsrail müstəqil kürd dövlətindən məhz İran kürdləri arasında separatçılığı qızışdırmaq və nəticədə bu ölkəni parçalamaq üçün yararlanmağa çalışacaq.

Onu da unutmayaq ki, Türkiyə ilə Azərbaycanı birləşdirən Transanadolu Qaz Kəməri (TANAP) “müstəqil kürd dövləti”nin Türkiyə üzərindən Avropaya qaz ixracına imkan yarada bilər. Planlaşdırılır ki, TANAP-la nəql olunacaq 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyədə sərf olunacaq, qalanı isə Avropaya nəql ediləcək. Lakin Türkiyənin qaza olan tələbatı artır. Bu baxımdan Türkiyə gələcəkdə İraqın şimalında, kürd bölgəsində hasil olunan təbii qazın da TANAP vasitəsilə nəqlində maraqlıdır. Belə ki, İraq Kürdüstanı 2020-ci ildən etibarən ildə 10 milyard kubmetr qaz ixrac etmək imkanında olacaq.

Digər tərəfdən, İsrail bölgədə müstəqil kürd dövlətinin qurulmasını dəstəkləyir. ABŞ-ın məsələyə münasibəti rəsmən müəyyən olmasa da, Vaşinqtonu bölgədə İsraillə müttəfiq olan müstəqil kürd dövlətinin meydana çıxması indiki situasiyada tamamilə qane edir. Bir halda ki, İraqın parçalanması qaçılmaz görünür, o zaman nədən Vaşinqton daimi müttəfiqlərini dəstəkləməsin?!

“Böyük Yaxın Şərq” layihəsinin gündəmə gətirilməsindən sonra Amerikanın bəzi beyin mərkəzləri və araşdırmaçıları, Pentaqona və Mərkəzi Kəşfiyyat İdarəsinə yaxın hesab edilən ekspertləri “müstəqil Kürdüstan” xəritəsini müxtəlif versiyalarda cızmağa və yaymağa başladılar. Məsələn, 2008-ci ildə ABŞ Konqresi Araşdırmalar Mərkəzi tərəfindən hazırlanan “Səddamdan sonra kürdlər” hesabatında Cənub-Şərqi Anadolu ilə Şərqi Anadolu bölgələri Kürdüstan sərhədləri içərisində göstərilirdi. Hesabatda İraq Kürdüstan Regional rəhbərliyinin müstəqillik istəyən məlumatına yer verilərkən, Türkiyə, İran və Suriya ilə İraqdakı şiə və sünni qrupların bu cəhdə qarşı çıxdığı ifadə edilir. Hesabatda PKK terrorçu təşkilat olduğu vurğulansa da, separatçı təşkilat mənsublarından “partizan” deyə söz edilməsi də diqqət çəkirdi. Hesabata əlavə edilən xəritədə Azərbaycan ərazilərinin bir hissəsi də “Kürdüstan”ın tərkibində göstərilmişdi.
“Böyük Yaxın Şərq” layihəsinin əsas məqsədi regionda ABŞ və İsrailin mövcudluğunu saxlamaq, “Böyük Ermənistan”, “Böyük Kürdüstan” və “Böyük İsrail” adlarında üçlük yaradaraq İslam və Türk dünyasına qarşı çıxmaqdır. “Böyük Kürdüstan”ın tərkibinə təkcə Şimali İraqdakı Kürdüstan Muxtariyyəti deyil, Mosul, Kərkük, Türkiyə, İran, Suriya, Ermənistan və Azərbaycan ərazilərinin bir hissəsi də daxil edilir. Söhbət hazırda Ermənistanın işğalı altında olan Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarından gedir.

Göründüyü kimi, dünyanın böyük güclərinin bölgənin xəritəsini yenidən cızmaq planlarında “kürd məsələsi” ciddi yer tutur və bu planları həyata keçirmək istəyənlər kürd separatizmindən faydalanmaq istəyirlər. Bir sözlə, problem get-gedə daha da dərinləşir…(Sputnik)

Həmçinin oxuyun

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? – VİDEO

“Məni həkim yox, texniki işçi əməliyyat edib”. Bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. …

Bir cavab yazın