Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Referendum Türkiyənin üzünü hara çevirəcək? – TƏHLİL

Referendum Türkiyənin üzünü hara çevirəcək? – TƏHLİL

Türkiyə 16 apreldə baş tutacaq konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum hazırlıqlarının son akkordlarını vurur.

Keçiriləcək referendumla bağlı təbliğat əvvləki seçki və referendum kampaniyaları ilə müqayisədə daha az rəngli keçib.

Aparıcı müxalifət partiyası olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçelinin də ölkənin parlament respublikasından prezident respublikasına çevirəcək konstitusiya dəyişikliklərini dəstəkləyərək hakimiyyət cinahına keçməsi siyasi kampaniyaya təsirsiz ötüşməyib.

Cənab Bahçelinin hakimiyyətlə eyni cəbhədən çıxış etməsi MHP sıralarında parçalanmaya səbəb olub. Onun müavini və partiyanının bir neçə yerli rəsmisi istefa verib.

Eyni zamanda MHP-nin parlamentdəki bir neçə təmsilçisinin Bahçeliyə qarşı çıxması onların partiya sıralarından qovulması ilə nəticələnib.

Kürdpərəst Xalqların Demokratikləşmə Partiyası (HDP) rəhbərlərinin həbsi və təqibi siyasi mübarizədə fəallığın azalmasına səbəb olub.

Beləliklə, hakimiyyətin təklif etdiyi konstitusiya dəyişikliklərinin müdafiəsini prezident Recep Tayyip Erdoğan və baş nazir Binali Yıldırım başda olmaqla, hökumət, hakim Ədalət və İnkişaf Partiyası (AKP) və müxalif MHP həyata keçirir.

Bu dəyişikliyin “avtoritar idarəetmənin möhkəmlənməsinə xidmət etdiyini” əsas müxalifət partiyası olan Respublika Xalq Partiyası (CHP), MHP-dən çıxarılmış siyasətçilər və HDP-nin həbs olunmamış təmsilçiləri izah etməyə çalışırlar.

“Evetçi və “hayırçılar

Səma Doğan Fəal Sema Doğan “hayır-çı” olma səbəblərindən danışıb

Konstitusiya dəyişikliklərini müdafiə edən və qarşı çıxan elektorat “evet-çi” və “hayır-çı” cəbhələrinə bölünüblər.

“Evet-çi”lər – dəyişikliklərə müsbət cavab verəcək qisim 15 iyul dövlət cevrilişi cəhdindən sonra ölkədə prezident səlahiyyətlərinin artırılmasının vacibliyinə inanırlar.

Murat Aydoğdu İqdırda təhsil sistemində təmsil olunur. Yerli təhsil şöbəsi müdürünün müavinidir.

Cənab Aydoğdu deyir ki, konstitusiya dəyişikliyi layihəsində prezidentin səlahiyyətlərinin artırılması, prezidentin parlament qarşısında sorğulana biləcəyi, 18 yaşını tamamlamış vətəndaşlara seçim haqqının tanınması kimi maddələr “evet” qərarı verməsinə təsir edib.

“Ölkəmin 15 iyul dönəmində operativ qərarların verilməsi, terror təşkilatılarının likvidasiyası ilə bağlı yaşananlar “evet” qərarı verməyimə çox təsir etdi. Türkiyə bu çətinlikləri fövqəladə vəziyyətlə aşdı”, Murat Aydoğdu referendum qərarının səbəbindən danışır.

O inanır ki, prezidentin hökumətə də başçılıq etməsi müxtəlif vaxtlarda Türkiyə tarixində baş vermiş siyasi xaosların təkrarlanmasına imkan verməyəcək.

Tənqidçilərin prezident Erdoğanın avtoritar idarəetməsinə hesablanmış dəyişiklik kimi dəyərləndirdikləri təklifi müdafiə edən “evet-çi” bunun ölkənin maraqları baxımından “daha xeyirli” olduğunu düşünür.

“Baş nazir və prezident olan zamanlarda onlar fərqli mövqelər üzündən zidd düşdülər – prezident baş nazirə konstitusiya kitabçası atdı. Eyni mövqedə olmayan prezident və baş nazirdənsə, tək birinin olması daha xeyirlidir”, Murat Aydoğdu mövqeyini müdafiə edib.

19 fevral 2001-ci ildə Milli Təhlükəsizlik Şurasının iclasında o vaxtki prezidenti Ahmet Necdet Sezer və baş nazir Bülent Ecevit arasında mübahisə baş vermişdi.

Prezident baş naziri qanunları bilmədən dövlət nəzarət şurasının fəaliyyətini tənqid etməkdə günahlandırmışdı.

Gərginləşən mübahisə zamanı prezident Sezer əlində tutduğu konstitusiya kitabını hirslə baş nazirə tərəf atmışdı. Bu hadisədən sonra ölkə siyasi və iqtisadi xaosa uğramışdı.

“Mən qətiyyətlə buna qarşıyam. O çevriliş dövlətin tək əl tərəfindən idarə edilib-edilməməsi ilə bağlı deyildi. Öz içlərində yetişmiş kadrların özlərinə qarşı gəlməsi idi”, siyasi aktivist Sema Doğan BBC Azərbaycancaya deyib.

Doğan hesab edir ki, 15 iyul çevriliş cəhdi “tək və ya cüt idarəetmə” ilə bağlı olmayıb.

“Əksinə, fərqli siyasi qüvvələr çevrilişləri daha yaxşı əngəlləyə bilər. Çünki Liviya, İraq kimi tək adam tərəfindən idarə edilən avtoritar rejimlərdə diktator rəhbərlər çevrilişlərlə daha asan devrildilər”, Səma Doğan “hayır-çı” olma səbəblərindən danışarkən deyib.

“Demokratiya yox olacaq” qorxusu

Referendum, çevriliş cəhdindən sonra elan edilmiş və hələ də davam edən fövqəladə vəziyyət şəraitində baş tutacağından bir çoxları hansı mövqeni nümayiş etdirməkdə tərəddüd edir.

Onlar qorxurlar ki, referendum qutusundan “hə” çıxarsa, referendumda “yox” cavabını işarətlədiklərinə görə mütləq problemlə üzləşəcəklər.

“Ölkəmi sevdiyim üçün, uşaqlarımın gələcəyi və demokratiya üçün, Türkiyə Respublikasının sonsuza qədər yıxılmaması üçün, təkbaşına azad şəkildə səyahət edə, din və irq ayrıseçkiliyi edilmədən hər kəsin insanca yaşaya biləcəyi ölkə üçün referendumda səsimi “yox” olaraq verəcəyəm”, 50 yaşlarında bir qadın adının çəkilməməsi şərti ilə BBC Azərbaycancaya danışıb.

Onun sözlərinə görə, qutudan “evet” çıxarsa, “hər şeyi bu qədər azad söyləyə biləcəyimiz günlər bitmiş olacaq. Demokratiya yox olacaq”.

“Evdə sadəcə ərinin sözünün keçdiyi bir həyat düşün: evə istədiyi zaman gələcək, istədiyi zaman gəlməyəcək. Bəlkə də evə ikinci bir qadın gətirəcək, sənin azadlığını məhdudlaşdıracaq, bəlkə də sənə qarşı zorakılıq göstərəcək, ərinin icazəsi olmadan heç yerə çıxa bilməyəcəksən.

Evdə tək adamın idarəçıliyini istətyərsənmi? Hər şeyə ortaq qərar verilsə, daha gözəl və daha xoşbəxt olmazsanmı?”, anonim qalmasını istəyən müsahibimiz referendumun ölkənin teokratik üsul-idaçiliyinə götürəcəyi qorxusunu bildirib. (BBC)

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın