Ana səhifə / Sosial / Ramil Usubov iranlı generalı qəbul edib

Ramil Usubov iranlı generalı qəbul edib

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov martın 9-da ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rezayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan nazir xalqlarımız arasında çoxəsrlik əlaqələrin mövcudluğunu xatırladıb, Azərbaycanın öz tarixi müstəqilliyini yenidən bərpa etdikdən sonra təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm dostluq və qonşuluq münasibətlərinin iki ölkənin prezidentləri tərəfindən daha da genişləndiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari il fevralın 22-23-də İrana rəsmi səfəri, orada apardığı danışıqlar və imzalanmış sənədlər nəticəsində əməkdaşlığın keyfiyyətcə yeni, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini məmnunluqla bildirib. Qeyd edilib ki, ölkələrimiz arasında baş verən inteqrasiya proseslərinin nəticələri bütün sahələrdə – iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və digər sahələrdə özünü büruzə verir.
Nazir R.Usubov belə görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə səylərimizin birləşdirilməsi üçün geniş imkanlar yaratdığını, qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlığın böyük potensiala malik olduğunu, yeni istiqamətlərin müəyyənləşdirilməsinin zəruriliyini, ikitərəfli əlaqələrin genişləndirilməsində rəhbərlik etdiyi qurumun da maraqlı olduğunu vurğulayıb.
Daha sonra qonaqlara Azərbaycandakı mövcud ictimai-siyasi və kriminogen vəziyyət haqqında qısa məlumat verilib. Respublikamızda dövlət müstəqilliyinin, demokratik prinsiplərin möhkəmləndirilməsi, ictimai münasibətlərin hüquqi tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi sahəsində görülən işlər diqqətə çatdırılıb və qeyd olunub ki, hüquq-mühafizə orqanları sıx, qarşılıqlı əlaqədə cinayətkarlığa, o cümlədən mütəşəkkil cinayətkarlığa qarşı kompleks tədbirlər həyata keçirirlər.
General-mayor Qasım Rezayi səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib, ölkəmizdə yaradılmış sabitlikdən, əmin-amanlıqdan məmnunluğunu ifadə edib. O, qeyd edib ki, həqiqətən belə səfərlər, imzalanmış sənədlər eyni dinə, oxşar mədəniyyətə və tarixi köklərə malik hər iki dost ölkənin və xalqların mənafelərinə tam uyğundur və bu, bütün sahələrdə, o cümlədən hüquq mühafizə fəaliyyəti sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə müsbət təsir göstərir.
İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayinin də iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

Həmçinin oxuyun

“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” – Deputat

“Şəkər xəstələrinin istifadə etdikləri “Synjardy” adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata …

Bir cavab yazın