Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Ramil Məmmədli: “Ermənistanın regional HHM sisteminə qoşulması Azərbaycanın milli maraqlarına ziddir”

Ramil Məmmədli: “Ermənistanın regional HHM sisteminə qoşulması Azərbaycanın milli maraqlarına ziddir”

“Rusiya tərəfindən formalaşdırılan MDB Birləşmiş regional Hava Hücumundan Müdafiə Qüvvələri sisteminə Ermənistanın da qoşulması Azərbaycanın milli maraqlarına kəskin şəkildə ziddir”.

Bunu Azinforum.az-a açıqlamasında hərbi-siyasi icmalçı, ehtiyatda olan zabit Ramil Məmmədli deyib.

O bildirib ki, ötən gün Rusiya və Ermənistan müdafiə nazirləri Birləşmiş regional Hava Hücumundan Müdafiə Qüvvələri sistemlərinin birgə idarəçiliyinə dair saziş imzalayıblar: “Bu müdafiə sisteminin yaradılması ilə bağlı MDB ölkələri arasında ilkin razılaşma sənədi 1995-ci ildə Almatıda imzalanıb. Lakin bu günə qədər proses çox ləng gedib. 2013-cü ilə qədər bu sazişi yalnız Belorus imzalamışdısa, Ukrayna məsələsində Qərblə yaranan gərginlikdən sonra Qazaxıstan da bu sənədə imza atdı. Artıq Qırğızıstanın və Tacikistanın da bu sazişə imza atması və hava məkanını dolayısı ilə Rusiyanın ixtiyarına verməsi üçün rəsmi Moskva müraciətləri artırıb. Ermənistan Türkiyə ilə Rusiya arasında baş verən “Su-24” hadisəsindən sonra tez-tələsik Moskvanın bu istəyini qəbul etdi”.

R. Məmmədlinin sözlərinə görə, burada bizi bir neçə məqam xüsusi narahat edir: “Əvvəlcə onu deyim ki, bu sistemə görə, sazişə qoşulan dövlətlər bir-birinin hava məkanını mərkəzi avtomatlaşdırılmış sistem vasitəsilə görə biləcəklər. Daha dəqiqi saziş dövlətlərinin hava hücumundan müdafiə qüvvələrinin radiolokasiya sistemlərinin gördüyü ərazilər avtomatlaşdırılmış sistem vasitəsilə bir-birinə asan şəkildə ötürüləcək. Yəni Rusiyanın şimal bölgəsindəki radiolokasiya sistemlərinin Azərbaycanın hava məkanındakı hərəkəti gördüyü kimi Ermənistanın Hava Hücumundan Müdafiə Qüvvələri də bunu izləyə biləcəklər. Bu heç də bizim maraqlarımıza xidmət etmir. Həmçinin, bizi narahat edən digər məsələ isə Rusiyanın dolayısı ilə Dağlıq Qarabağın hava məkanını nəzarətə götürməsidir. Bəllidir ki, Dağlıq Qarabağ faktiki olaraq Ermənistan tərəfindən işğal olunub və bu ərazidəki hava hücumunda müdafiə sistemləri də Ermənistan Ordusuna məxsusdur. Yəni bu sistemlər İrəvandan idarə olunur. Bu o deməkdir ki, Rusiya Ermənistanı bu sazişə daxil etməklə Ermənistanın RLS-lərinin gördüyü bütün trayektoriyanı onlar da izləyə biləcəklər”.

Hərbi-siyasi icmalçının fikrincə, Azərbaycan MDB üzvü olsa da hələ ki, bu sazişə imza atmayıb: “Ölkəmizin bu sistemə qoşulub-qoşulmayacağı haqda bir söz deyə bilmərəm. Ancaq düşünürəm ki, ölkəmiz ya bu sistemə qoşulmalıdır, yaxud da buna adekvat addım atmalıdır. Məsələn, Azərbaycan-Türkiyə-Gürcüstan birləşmiş hava hücumundan müdafiə regional sistemi yaradıla bilər. Faktiki olaraq, bu üç ölkənin hərbi əlaqələri kifayət qədər yüksəkdir. Bu həm də Azərbaycanın milli maraqlarına xeyirdir. Əgər belə bir sistem yaranarsa Azərbaycan Türkiyənin və Gürcüstanın radiolokasiya sistemlərinin Ermənistan hava məkanından topladığı informasiyaları əldə etmiş olacaq. Türkiyə hava hücumundan müdafiə sistemlərinin buna texniki imkanı çatır. Bu da Ermənistan hava məkanının faktiki olaraq Azərbaycanın tam müşahidəsində olması deməkdir”.

R. Məmmədli bildirib ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyinin bu məsələ ilə bağlı qısa zamanda zəruri addım atacağına inanır. Çünki Azərbaycan heç bir halda hava məkanının düşmən Ermənistan tərəfindən müşahidə altında olmasına imkan verməməlidir.

 

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın