Ana səhifə / Sosial / Rabitə Nazirliyində müşavirə keçirildi

Rabitə Nazirliyində müşavirə keçirildi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) nizam-intizamın möhkəmləndirilməsi, iş fəaliyyətinin səmərəli təşkilinə həsr olunmuş müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, müşavirədə Respublika Rabitə İşçiləri Veteranlar Şurası və Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrləri də iştirak edib. RYTN-in birlik və müəssisələrinin video-bağlantı ilə qoşulduğu müşavirədə rabitə və yüksək texnologiyalar naziri vəzifəsini müvəqqəti icra edən, nazirin birinci müavini İltimas Məmmədov Azərbaycan prezidenti İlham Əliyevin 12 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Əli Abbasovun nazir vəzifəsindən azad edilməsini diqqətə çatdırıb.

O deyib ki, rabitə sahəsində qurulmuş və inkişaf edən düzgün texniki siyasətə baxmayaraq, RYTN-in strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların ayrı-ayrı məsul şəxsləri tərəfindən ciddi qanun pozuntuları üzrə Respublika Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılır, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı faktları ilə əlaqədar ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin seçilib. Baş vermiş hadisələrdən nəticə çıxarmağın, əmək ahənginin normal saxlanılmasının və daha yüksək məsuliyyətlə fəaliyyətin təşkilinin vacibliyi qeyd olunub.

Müşavirənin sonunda İ.Məmmədov əmək fəaliyyətində köklü və müsbət dəyişikliklər edilməsi, əmək və maliyyə nizam-intizam qaydalarına ciddi əməl olunması, rabitə obyektlərinin qış mövsümünə tam hazırlıq vəziyyətinin, eləcə də rabitə sahəsində bütün istiqamətlər üzrə profilaktik tədbirlərin daim diqqətdə saxlanılması, vətəndaş müraciətlərinin baxılmasının operativliyinin təmin olunması və s. məsələlərlə bağlı aidiyyəti rabitə birlik və müəssisələrinə müvafiq tapşırıqlar verib.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın