Ana səhifə / Sosial / Rəsul Quliyev Heydər Əliyevin süfrəsində nə demişdi? – Zahid Orucdan sensasion yazı

Rəsul Quliyev Heydər Əliyevin süfrəsində nə demişdi? – Zahid Orucdan sensasion yazı

Parisin Sen-Deni rayonunda müqəddəs Kloud qəbristanlığında uyuyan Əlimərdan bəy Topçubaşov əbədiyyətə qovuşduğundan əsrin sonlarında Amerikaya sığınan başqa bir sələfinin taleyindən xəbərsizdir. Rəsul Quliyevlə Cümhuriyyət qurucuları arasında heç vaxt paralellər aparmaq mümkün olmayıb, lakin heç olmasa rəmzi oxşarlıqlar tapıb iki dövrün və iki fərqli formasiyanın üzərindən azərbaycanlıların taleyi haqqında fikir yürütməyə çallşırsan. 
Paris Sülh konfransına yola düşərkən onu gözləyən məşəqqəti və bir daha doğma vətənə geri dönə bilməyəcəyini göz altına alan böyük diplomatımız bütün həyatını Azərbaycan uğrunda davaya həsr etmişdi. Ona viza versinlər deyə, günəşi sönməkdə olan Osmanlı sultanına israrlı məktublar yazan, maddi məhrumiyyətlərə qatlaşsalar da son qəpiklərini ideallarına xərcləyən mücahidlərimizin həyatını  izləyən hər kəsin qəlbi fərəh hissi ilə dolur. Kasıb olduqlarını yalnız son günlərində tez-tez kirayə yerlərini dəyişərkən hiss edən fədakar banilərimiz Amerika prezidenti Vudro Vilsonla görüşəndə ondan mənsub olduqları xalqın haqqı olan müstəqilliyin tanınmasını tələb edirdilər. Çarizmdən yaxa qurtarmış bir millətin varlı oğulları yetərincəydi, lakin onların heç biri 20-ci əsrin axırındakı övladları kimi öz vətənlərini sorub mühacirətə getməmişdiər.
Rəsul Quliyevin Amerikada Topçubaşov kimi senator və konqresmenlərlə haqq mübarizəsi apardığını təsəvvürünüzə gətirirsizmi? Bulqakovun “Master və Marqaritası”nda iblis Voland kimi tez-tez yüksək ideallardan danışan bu adam rus ədibinin mistik qəhrəmanına xas bir şəkildə “qara qutu”nun içərisinə girib Azərbaycana növbəti xilas eliksiri göndərir. Hər gün bir nəfərin teatrında kimi 90-cı illərdə Azərbaycanı çapıb-talayan keçmiş sovet təsərrüfatının aşağı ranqlı bir adamının monoloqu eşidilir və 20 ildən artıqdır əsil absurd tamaşası oynanılır.
Okeanın o tayında qara üzlü kompyüterin yöndəmsiz-çəpəki qoyulmuş monitorundan Rəsul Quliyevin tənha və  soyuq evinin haşiyəsi görünür. Əcəba əbədi mühacirətə getmiş Azərbaycan parlamentinin keçmiş sədrini vətəndən didərgin salan hansı səbəblər olub?
AZADLIQ PUL TƏLƏB EDİR
Leninin inqilabı fəhlə-kəndli sinfinin hayqıran səsi hesabına etmədiyi indi hər kəsə bəllidir.Alman və amerikan kapitalının sovetlər Birliyinin məhək daşlarını necə qoyulduğu bilənlərə belə 70 ildə bizi böyük imperiyaya sahib eləmiş babalarımızın hünərindən danışmaq haqqından məhrum eləmir. Axı mübarizə bütün formasiyalarda təkcə qan deyil, həm də pul tələb edir.
Azadlıq meydanının fasiləsiz mitinqləri Qorbaçovla yanaşı, gələcək Azərbaycan dövlətini də böyük iqtsiadi dayaqlardan məhrum edirdi. Lakin əvəzində kütləni ayaqda saxlayanların iştahası həmin aksiayalara toplaşanların müqəddəs və məsum arzularından çox yuxarıda dayanırdı. Mühüm neft-qaz zavodlarının rəhbərləri bu yolla yeni inqilabçıların haqq-hesablarından qorunurdular, üstəlik, xalqın önünə çıxan yeni qüvvələrin hamısı sovet burjuylarının pul kisəsindən asılı qalırdı.
Budur, çox keçmir hakimiyyəti ələ alan Xalq Cəbhəsi Rəsul Quliyevin “azadlığımıza töhfə”sini məhkumluqla nəzərə alıb, ona Baş nazirinin müavini vəzifəsini təslim edirlər. Bəli, söhbət məhz məcburiyyətdən gedir. Çünki sovet neftayırma zavodunun bu diribaş rəhbəri məhşur rus misalındakı kimi yumurtaların hamısını bir səbətə yığmağı sevmir. Axı müxtəlif akademiyalarda və çayxanalarda ömür çürüdən və dirsəklərinin sapı sallanan boz adamlarla sovetlərin balının-yağının içində üzən müftəxorların nə birliyi ola bilərdi?
Rəsul Quliyev dövrün siyasi küləklərini öz yaxtasında dəqiq hesablayıb, Etibar Məmmədova da investisiya qoyur, Naxçıvanda hər gün amansız şərtlər altında Azərbaycanın ayrılmaz parçasını ermənilərdən və paytaxt qaragüruhundan  qoruyan Heydər Əieyevə də ən azı loyal münasibət bəsləyir. Məhz o vaxtlar Elçibəyin elan etdiyi maliyyə amnistiyası boş olan dövlət xəzinəsini həm də Quliyevin xalqdan oğurladığı pullar hesabına doldurmaq niyyətini güdürdü, lakin hava limanına gələn dolu təyyarənin yükünü boşaldanda məlum olmuşdu ki, cəbhəçilərin köhnə qolçomaqlardan qopara biləcəkləri sərvətlərin yanında bunlar heç nədir.
O dövrün siyasi şərtlərini və güclü iqtsadi sarsıntılarını yaxşı hesablayan  cəbhəkratiyanın çox az düşünən beyinlərindən olan Pənah Hüseyn dillər əzbəri olan məhşur aforizmini də məhz onda dilə gətirmişdi: “Rəsul Qulyevlə ya işləməlisən, ya da onu məhv etməlisən”.
Lakin tarixin təkəri artıq sovetlərin qəbirqazanı rolunda çıxış edən qüvvələrin özünü süpürüb atmaqdaydı.
Rəsul Quliyev Taleyranın korafəhim davamçısı kimi hərəkət edərək Heydər Əliyevin yanında durmağa, onunla köhnə hakimiyyət arasında əvvəlcə körpü, sonra isə cəza hökmlərini səsləndirməyə çalışaraq istənilən iqtidar üçün yararlı sima olduğunu təsdiqləməyə çalışırdı. Razilaşın ki, ona bu obraz qətiyyən yabançı deyildi. Çünki zaman keçəcək, o özünün bütün daxili dünyasını dəqiq əks etdirən məşhur açıqlamasını da başqa bir dövlət çevrilişi cəhdinin son pərdəsi enərkən söyləyəcəkdi.
İndi isə zaman Azərbaycanı silkələyən və Qarabağ münaqişəsinin başlıca səbəblərindən biri olan neft müqavilələrini imzalamağı tələb edir. Budur, böyük Əliyev o dövrün mürəkkəb hərbi reallığını və işğal gerçəkliyini nəzərə alıb keçmiş neft yavərinə xarici şirkətlərlə danışıqlar aparmağı həvalə edir.
“Biz neft müqaviləsini imzalaya bilsəydik, hakimiyyətimiz uzunömürlü olacaqdı” deyən Pənah Hüseynin 30 iyunda yıxılmış komandasının cəsədləri üzərindən  ayaqlayıb keçən və həmişə onlara yad olan Rəsul Qulyev yeni eranın və Cənubi Qafqazın iqtsiadi-siyasi xəritəsini dəyişəcək qara mazutun və sürtkü yağlarının təzədən sərəncamçısına çevrilir. İndi o, tarixdə ilk dəfə beynəlxalq arenaya təkbaşına çıxacağı zamanın çatdığını zənn edir və elə oradaca içindəki iblis şüşədən çıxır. Spikerin gələcək siyasi qətli də məhz elə həmin mazutlu gölməçələrdə imzalanır.
AZƏRBAYCANIN XODORKOVSKİLƏRİ ÖLKƏDƏN DAHA TEZ QAÇIR
Bütün sovet məkanında xalqların 70 illik zəhmətinin necə sümürüldüyü və köhnə burjuyların yeni dövrə necə uyğunlaşdığını Rusiyanın timsalında daha qabarıq görmək olur. Berezovski, Qusinski, Xodorkovski, Abramoviç və onlarla digər yeni rusların neft oliqarxiyasının topdağıtmaz ordusu meydana gəlmişdi. Hər biri vaxtında orta ranqlı bir sexovşik, bəlkə də onuncu dərəcəli iş icraçıları olan bu dəllallar Yeltsin özəlləşdirməsinin önündə gedərək xalq malını ustalıqla yağmalaya bilmişdilər. İqtisadi şok terapiyası çapançı azlığın yoxsul çoxluq üzərində hakimiyyətini bərqərar etmişdi. Çox keçmədi ki, Berezovski Rusiyanın Təhlükəsizlik Şurasının katibi seçilərək hətta bizim ölkəyə də səfərə gəlmişdi və onun simasında neftin magik gücü tam miqyası ilə təcəssümünü tapırdı.
İqtidar onlara təslim olurdu. Böyük Putin belə alkaş Yeltsin dərəbəyliyindən qalan kriminal neft burjuaziyasının bütün nümayəndələrini cəzalandırmadı.
Azərbaycanın savadsız və getdikcə hakimiyyət iştahası böyüyən Berezovskisi – Rəsul Quliyev isə başqa bir ölkənin vətəndaşına – slovak əsilli Marat Manafova Azərbaycanın neft kartını təqdim edir. Böyük Murtuza Muxtarovun, messenat Zeynalabdin Tağıyevin müqəddəs ruhları sızıldayır.
Bəli, ölkənin əsas sərvətinə sahiblik gələcəyin siyasi qarantiyası hesab olunur. Prezidentliyə gedən yol neft müqavilələrinin paraflanan səhifələri arasındadır. Lakin böyük Heydər Əliyev elə ilk fürsətdəcə xarici şirkətlərə çoxmilyonluq tələblər irəli sürən beynəlxalq dələduz Manafovu və onun himayədarı olan spikeri bu işdən kənarlaşdırır. Məhz o gündən Bayram kişinin oğlunun yolu uzaq okeana doğru səmt götürür.
BAYRAMIN ADINI ÇƏKMİŞKƏN…
Bütün pulların vəhşi təbiətə malik olduğunu söyləyənlər yəqin səhv etmirlər. Məşhur müşavirələrin birində Azərbaycanın böyük lideri və o dövrün xilaskarı olan Ulu öndər onun hakimiyyətə yenidən qayıdışında rol almağa çalışan bir qrup köhnə partiya-təsərrüfat aktivinin vəhşicəsinə varlanmaq hərisliyini qamçılayaraq məşhur açıqlamasını vermişdi. Sovetlərin süqutu ərəfəsində işbaz dairələrin daha da fəallaşdığını və millətin faciələrə başı qarışdğı zaman onların barter əməliyyatları adı altında böyük maxinasiyalar etdiklərini görən Əliyev, “Əzizov (Əmlak Komitəsinin sədri – Z.O) məgər o neft Bayram kişiyə məxsus idi” ironik sualını vermişdi. “Bu adamlar Azərbaycandan ixrac olunan malların əvəzində bizə göndərilən maliyyə və digər məhsulları bir az gözləyərək SSRİ canını tapşırandan sonra öz şəxsi hesablarına köçürüblər. Bax, Rəsulun pulu da ordandır”.
Gerçəkdən də bir zavod başçısının bütün ömrünə yetəcək qədər varidatı yalnız ümumxalq mülkiyyətindən oğurlamaqla qazanıla bilərdi.
Rəsul Quliyevin “əsrin neft müqavilə”sindəki boş qovluğu Gülüstan sarayında döyülmüş formada yelləməsi də buna görəydi. Lakin bir şans daha qalırdı – Surət Hüseynovun növbəti qiyamı hər şeyi dəyişə bilərdi.
4 OKTAYBRIN ÜZƏRİNDƏKİ PƏRDƏ
Xarici cəbhədə sarsılmış Rəsul Quliyev strateji sərvətlər uğrunda heç olmasa daxili mübarizəni udmaq üçün Rövşən Cavadovla savaşmağa başlayarkən o, polkovnik Surət Hüseynovun bir gün ayağa qalxacağını yaxşı bilirdi. Artıq dövlətin səhmləşdirib ona verilmədiyini görən bu adam 4 oktaybr günü yetişəndə  məhz onun hakimiyyət saatının nəhayət, yetişdiyini zənn edirdi.
Ölkədə növbəti gərginliyin və silahlı qovğanın ən dramatik anlarında  böyük Heydər Əliyev daxili telefonla ən sadiq silahdaşlarından olan Ramil Usubova zəng edir və Gəncədə baş qaldıran avantüraya qarşı hansı silahlı qüvvə ilə dayanmağın mümkünlüyünü soruşur. Təcrübəli general Naxçıvanın ağır günlərində Bakıdan gözlədikləri hücumla müqayisədə Gəncədəki hüquq-mühafizə orqanlarını işğal etmiş qüvvələrin real gücünü Ali Baş komandana məruzə edir. Cəbhəkratiyadan qalmış dağınıq və siyasiləşmiş hərbi dəstələri yenidən təşkil etməkdə olan Əliyev düşmənlə üz-üzə dayanan surətçilərin cəbhədəki təxribatlarını nəzərə alıb ona qarşı gələn təhlükəni tarixdə misli görünməmiş bir formada aradan qaldırmağa qərar verir. Polis qüvvələri içərisində minlərlə döyüşməyə hazır olanlara, qvardiya və digər sədaqətli dəstələrin Azərbaycanda qardaş qırğınında həyatlarını tərəddüdsüz qurban verəcəklərinə baxmayaraq, böyük sərkərdə gecə saat 23-də xalqa müraciət edir. Bəli, Türkiyənin Heydər Əliyevinə çevrilən Ərdoğan həmin hadisələri təzədən yaşadı və tarixin mühüm dərsinə – xalqla birliyin əvəzsiz ordu gücü demək olduğuna hamını təkrar əmin etdi.
Axşam saatlarında, prezdent sarayında artıq gecənin zülmət qaranlığında xilas yoluna çıxan on minlərlə insanı görərkən sarsılmış Rəsul Qulyev silahsız bir şəkildə tankın-topun qabağına çıxan və onları məğlub edən Əliyevin dövləti necə qoruduğunu görür və kükrəmiş izdihamı kədərlə seyr edirdi.
Surətin qiyamının boğulduğuna əmin olandan sonra tələsik gəlib ona son  hökmün oxunmasında iştirak edən Rəsul Quliyev bir az əvvəl vəd etdyimiz amansız qənaətini bulqakovcasına dilə gətirir: “Gərək liderinə it kimi sədaqətli olasan”.
Bəli, bu sözlər 20 ildir bizə Amerikadan demokratiya gətirməyə gedən şəxsə məxsusdur. Şübhə edirsiz? Həmin kadrlara tarixin məhkəməsindən qaldırıb bir də baxın!
PARLAMENTİ ZAVOD KİMİ İDARƏ ETMƏK
Rəsul Quliyevin hansı siyasi məktəbin yetirməsi olduğuna toxunmadan onun indi İsveçrədə qocalıb əldən düşən Tofiq Qasımovu və sakit, çəlimsiz Ədalət müəllimi mandatdan məhrum etməsini necə izah etməsi əbədi mühacirətə getmiş bu adamın xalis demokratlığını anlamaq üçün ən yaxşı tarixi nümunədir. Sən demə, cəbhəçilər “mitinqi yaxşı təşkil edə bilmədikləri üçün” xalq təmsiliçiyini itirməyə layiq görülüblər. Gözəl Naxçıvan ləhcəsi Azərbaycan mədəniyyətinin ayrılmaz bir parçasıdır, lakin onu belə parlament demokratiyasının leksionuna çevirəndə böyük Cəlilin dili hər kəsdə acı gülüş doğurur.
XƏSTƏLİK SİYASİ OLANDA 
Rəsul Quliyevin parlamentdə məşhur öpüş səhnəsi ilə ölkəni tərk etməsinin elə ilk günündən onun mənəviyyatındakı deformasiyaların müalicə oluna bilməyəcəyi aydın idi. İlham Əliyev qarşılaşdığı belə unikal psixoloji tiplər qarşısında hər zamankı böyüklüyünü və alicənablığını qətiyyətlə qoruyaraq, lakin cəmi bir dəfə kadrlardan kənarda qalan səhnənin rəngli və həm də unudulmaz təsvirini vermişdi. İndi gözünüzün qabağına gətirin ki, Rəsul Quliyev məlum qeyri-sabit mənəviyyatı ilə Heydər Əliyevə sədaqət andı içmək fürsətini prezidentin ev süfrəsində əldə edib. O, çörəyin hər cür saxtakarlığa pərdə olacagını düşünüb böyük  Şekspirin personajlarının tryükünə əl atır – “Heydər Əliyeviç, (Rəsul həmişə belə müraciət edirdi) – sizin toxunduğunuz  tikə müqəddəsdir. Qoyun, onu mən yeyim”.
Hə, bax belə. İndi isə sən demə Azərbaycanı 300 milyardlıq gəlirdən məhrum edən müqavilələrə qarşı çıxan Azərbaycan dissidenti okeanlar aşıb bizi də arxasınca aparıb 21-ci əsrin Musasına çevriləcək.
HƏR ŞEYİN QİYMƏTİ VAR
Vaşinqtonda o zamankı siyasi texnoloqlar elə zənn edirdilər ki, belə bir adamı hər hansı silahda patron kimi istifadə edə bilərlər. Məsələn, sovetlərin neft xəritəsini və adamlarını tanıyan eksspikerdən heç olmasa yarımştat məsləhətçi yerində yararlanmaq üçün ona partiya lazım olduğunu söyləyirlər. Azərbaycan Demokrat Partiyasının ələ keçirilməsi də məhz belə bir ssenarinin nəticəsiydi. Hamını almaq, ideologiyaları və böyük siyasi planlarını pulla ələ keçirmək şakəri bu adamın yeganə mövcudluq forması olduğundan indiki Azərbaycan parlementinin dəyərli üzvlərindən olan Vahid Əhmədov bir dəfə Rəsul Quliyevə kabinetində elə belə də demişdi – “Rəsul, deyəsən sən həyatda hər şeyə satın alacagın mal gözü ilə baxırsan?” Rentgen kimi görünən insan qəlbləri haqqında uzaqgörənliklə deyilmiş bir söz.
YAŞIL İNQİLAB
Nəhayət, Rəsul Quliyevin şarı partlamalı, onun tez-tez ironiya ilə dediyi fiktiv bir qəhrəman olduğu üzə çıxmalıydı. 2005-ci ilin narıncı hərəkat dalgası ümumxalq okeanının üzərinə çıxan köpükləri birdəfəlik söndürdü.
Budur, Azərbaycanın hava səmasında 21-ci əsrin İsası peyda olur. Axı demişdik, Ponti Pilatı Stalinə bərabər tutan Bulqakov “rejimlə döyüş”ə uzun müddət hazırlıq görən və böyük Əliyevin cismani yoxluğundan sonra özünün hakimiyyətə doğru yolunun açıldığını zənn edir. Lakin Rəsul bu dəfə də Allahın elçisi ola bilmir.
Binəyə gedən yollar və keçidlər onun şəkillərini tutan minə qədər tərəfdarının hücumuna məruz qalıb. Azərbaycanın güc orqanları bu Amerika qripinə yoluxmuş adamların necə aldadıldıgını onlara başa sala bilmir.
Lakin uzun müddət şah rejimini devirəcəklərini vəd edən və İlham Əliyev dövlətinin güclənmədiyinə inanan qüvvələr havadan onlara yetişəcək apokalipsisi sonda görə bilmirlər. Azərbaycanın Xomeynisi Binə limanında ölməkdən qorxur və onun “yaşıl inqilabı” beləcə birdəlik canını tapşırır.
Axı böyük İran inqilabından fərqli olaraq burada din davası getmir, söhbət Rəsulun yaşıl dolları üzərində qurdugu siyasi xanimanın dagılmasından gedir.
Dərhal ona partiyanı təslim etmiş və ideologiyanı-siyasəti heç də pis bilməyən Sərdar Cəlaloglu öz mirasına sahib durur, görkəmli hüquq adamı, keçmiş Baş prokuror İlyas İsmayılov 21-ci əsrin fırıldaqçısı ilə adının yanaşı çəkilməsinə daha dözmür və partiyadan istefa verir, Rəsula ən azı on il “professor”casına dilmanclıq edən və yüz minlərlə dollarlıq telefon danışıqlarının sadəcə auido-pleyerinə çevrilən alim isə miskin vəziyyəti qarşısında özünü Xalq Cəbhəsinin anbarına salır.
CƏLİL MƏMMƏDQULUZADƏ VƏ ŞEKSPİR
İndi Rəsul Qulyev Topçubaşovun taleyini yaşaya bilməyəcəyini görüb son çağrı qarşısındadır. Axı böyük Azərbaycan ədiblərinin – DÖVLƏT ADAMLARININ müqəddəs qəbiristanlıqlarda mübarizələrinə son verdikləri tale rəsullara nəsib olmayacaq. Öz dili ilə desək “bədbəxt qəhərmanımız” Ameirkada bir Qarabağ qətnaməsi qəbul etdirmədən on illərdi ki, virtual varlığa çevrlib. Hərdən adama elə gəlir ki, bir cümlə belə ingilis dilində danışa bilməyən və Amerikaya da yaramayan bu adam içinə yerləşdiyi “qara qutu”nun – laptopun bir detalııdır. Qərb demokratiyasına gərəksiz və onların məktəbindən kəsilmiş bu sima yalnız böyük Cəlilə və Şekspirə gərək ola bilərdi.
Sizcə, Allahın və Ameirkanın rəsulu olmayan bir adamın ədəbi prototipi kimlərdir?
Zahid ORUC,
Millət vəkili
 
_____
 
Musavat.com-dan: Yazıda adları çəkilən hər kəsə cavab haqqı tanıyırıq.  

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın