Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Rəsul Quliyev Bakıya qayıtmaq istəyir

Rəsul Quliyev Bakıya qayıtmaq istəyir

“Qayıdışım hakimiyyətə heç bir təhlükə yaratmır”

Azərbaycan parlamentinin eks-spikeri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev ölkəyə gəlmək istədiyini, amma ona maneə yaradıldığını qeyd edib. Rəsul Quliyev bu barədə Modern.az saytına açıqlama verib.

O deyib ki, heç vaxt müəyyən şərtlər çərçivəsində Azərbaycana gəlmək üçün kiməsə müraciət etməz. “Heç vaxt etmədiyim “cinayət” işinə görə əfv olunmağımı xahiş etmərəm. Kiminsə diktəsi ilə müəyyən addımlar atmağa razılıq vermək şərti ilə yaşamaqdansa, ölməyə üstünlük verərəm. Mənə qarşı açılmış ‘cinayət’ işinin əsas müddəları ilə Azərbaycanı tərk etməzdən bir gün öncə indi sizlərin yaxşı tanıdığınız şəxslərin iştirakı ilə tanış edilmişdim.

Yəni “özünü yaxşı aparmasan, bu cinayət işi açılacaq” xəbərdarlığını almışdım. “Burada yazılanların hamısı yalandır, bunu necə edəcəksiniz” sualıma “sən ağıllı adamsan, bunu necə etməyin çox asan olduğunu bilirsən” cavabı verilmişdi”.

Milli Məclisin keçmiş sədri bildirib ki, ona qarşı qaldırılan cinayət işinin 100 faiz saxta olduğunu hökumətdə bilməyən yoxdur.

“Mən xaraktercə dediyim sözə həmişə əməl edən adam olmuşam və belə də qalacağam. Hamı mərhum prezident Heydər Əliyevdən üz döndərəndə mən onu Vəzirov, Mütəllibovun hədə-qorxusuna, terror etmək cəhdlərinə baxmayaraq, axıra qədər müdafiə etdim.

Elçibəy hökumətində də nazirlər bu işi davam etdirdilər, ancaq mən fikirimdən geri dönmədim. Parlament sədri seçiləndə iki cümləlik çıxış etdim. Dedim ki, mən Heydər Əliyevin siyasəti ilə razılaşmayanda istefa verəcəyəm.

1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində onu sözün əsl mənasında müdafiə edən nə ərtrafındakılar, nə də nazirləri oldu, yalnız mən oldum”.

Rəsul Quliyev Heydər Əliyevlə yollarını ayırmasının səbəbləri barədə də danışıb:

“1996-cı ildə 3 məsələdə bizdə kəskin fikir ayrılığı yarandı. Bu, korrupsiya ilə rüşvət, Qarabağ probleminin həlli və demokratiyanın inkişafı məsələləri idi. Verdiyim sözə əməl edib, dava- qırğınsız, xoşluqla istefa verib getdim. Xaricdə yaşadığım dövrdə heç vaxt zorla hakimiyyətin dəyişdirilməsi ideyasını dəstəkləmədim.
Mən həmişə bunun əleyhinə olmuşam. Hakimiyyətin məni respublikaya buraxması onun üçün heç bir təhlükə yaratmır”.

R.Quliyev Azərbaycanda yaşayıb-yaşamamağından asılı olmayaraq, hökumətin və müxalifətin hansı addımlarının doğru, hansıların səhv olduğunu analiz edən yazılarını davam etdirəcəyini də vurğulayıb.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın